SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BAŞ HƏKİM

  43798   |  
Şriftin ölçüsü  

Həkimlik çox müqəddəs bir peşədir. Başqa peşə sahibləri də var; ancaq həkimlər digərlərindən seçilirlər! Ən azından ona görə ki, onlar insan taleyini həll edirlər. Həkimin savadından, gücündən və ağlından ölüm ayağında olan xəstə sağala da bilər, onun bir səhvindən də xəstə həyatını itirər. Və həkimlər ali məktəbi bitirib işə başlayanda Hippokrat andı içirlər. Bu Sovet dönəmində belə idi.

Amma indi bilmirəm, and içirlər, yoxsa yox?! Bildiyim odur ki, o vaxtkı baş həkimlərlə indiki baş həkimlər arasında yerlə göy qədər fərq var. Sovet dönəmində mənim iki dayım Füzulidə baş həkim işləyirdi. Hidayət dayım Böyük Bəhmənlidə, Mənsum dayım isə Əhmədbəyli kəndində çalışırdı. Və hər ikisi də elə Bəhmənlidə yaşayırdılar. Gecə saat 2-də, 3-də kim qapısını döysəydi qabağına çıxardı və onunla birgə xəstənin üstünə gedərdilər.

Tay fikirləşməzdilər ki, o xəstənin yiyəsi ona bir şey verəcək, ya verməyəcək. Və bəzən elə olurdu ki, heç maşın da tapılmırdı. Gecə vaxtı Hidayət dayım qapıya gələn adamla birgə tibb çantasını götürüb piyada xəstənin yanına qaçardı. Ən ağır vəziyyətdə olan xəstələri belə kritik andan çıxarmağı bacarırdılar. Ona görə də Bəhmənlidə bu gün də onların hər ikisinə rəhmət oxunur və hər ikisi böyük sevgiylə xatırlanır. İnanın, onların evi-eşiyi başqalarından heç də dəbdəbəsi, təmiri ilə seçilmirdi. Camaatın evi necəydisə, onlarınkı da eləydi.

Heç o vaxt baş həkim olmağa da bir o qədər həvəs yox idi. Çünki indiki kimi pul yeri, qazanc mənbəyi yox idi. Və o vaxtkı baş həkimlərin çoxu suyu üfürə-üfürə içərdilər ki, kimsə onlarən dalınca danışmasın və deməsinlər ki, filankəs xəstələr üçün ayrılan dava-dərmanın və digər avadanlıqları satıb yeyir.

Bu o demək deyil ki, bu gün ölkəmizdə vicdanlı, təcrübəli baş həkimlər yoxdur. Məmləkətimizdə kifayət qədər vicdanlı və öz işinə sevgiylə yanaşan baş həkimlər var. Amma gəlin onunla razılaşaq ki, yerində olmayan, xəstəxanada xəstələrə yuxarıdan aşağı baxan və hamıdan nəsə uman baş həkimlər də var. Bunu hamıdan yaxşı o baş həkimin yaşadığı yerdə olan insanlar bilirlər. Çünki xalqın gözü tərəzidir. Qıraqdan gələn hər hansı nümayəndəni, qonağı aldatmaq olar. Amma yerli camaatı heç vaxt, heç zaman aldatmaq mümkün deyil.

Hamı deyir ki, bu gün dövlət xəstəxanalarında hər şey pulsuzdur. Daha doğrusu, elə bu, qanunla da belədir. Sizdən soruşuram: rayonunuzda, kəndinizdə fəaliyyət göstərən xəstəxanalarda hər şey pulsuzdurmu? Təbii ki, bu suala birmənalı cavab verməyəcəksiniz. Hərə bu suala gördüyü məqama uyğun cavab axtaracaq. Və hələ bəzən də ədalətsizlik eləyib hər şeyi öz arşını ilə ölçəcək. Hətta xəstəxanada verilən pulsuz dərmanı qiymətləndirməyən də tapılacaq. Reallıq budur ki, bu gün xəstəxanalarda bəzi dərmanlar pulsuz da verilir. Ancaq gəlin bir məsələyə diqqət yetirək: Bakı şəhərinin özündə, lap rayonlarda imtiyazlı xəstələr (xüsusən şəkər, nevroloji və ürək-damar) o dərmanları çox çətinliklə tapırlar. Bu da azmış kimi şəkər ölçən cihaz da növbədə olan xəstələrə asanlıqla verilmir. Yəni onlar get-gələ salınır, nəsə umulur və bundan sonra o aparatı bəzi hallarda verirlər.

Baş həkim olmaq çox böyük məsuliyyətdir. Çünki baş həkim böyük bir tibb personalına cavabdehdir. Üstəlik də kollektivdə elə bir aura yaratmalıdır ki, orda sağlam atmosfer olsun. Çox təəssüf ki, bəzi baş həkimlər bu sağlam mühiti yarada bilmir, öz maraqlarını çox şeydən üstün tuturlar.

Yay mövsümü ilə əlaqədar olaraq bütün xəstəxanalara ilan zəhərinin əleyhinə zərdablar verilir. Mürəkkəb şəraitdə çətinliklə üzləşən ilan çalan adama bəzən getdiyi xəstəxanada o zərdab tapılmır. Bir dəfə Yevlax rayonunda ilan bir gənci çalır. Xəstəxanada həmin vaxt ilan zəhəri əleyhinə zərdab tapılmır. Xəstəni gecə vaxtı Bərdəyə aparırlar, Bərdədə də tapılmır. Axırda ilan əleyhinə zərdabı həmin adam aptekdən alır.

Ümumiyyətlə, hər bir xəstəxana ektremial şəraitə hazır olmalıdır. Xüsusən də avtoqəzalar, zəhərlənmələr və ilançalmalar vaxtında xəstəxanaya aparılan xəstəyə təcili yardım edilməli; qanaxma varsa dayandırılmalı, zəhərlənmə olubsa mədə-bağırsaq yuyulmalı, ilan çalıbsa, zəhər əleyhinə zərdab vurulmalıdır. Bunlar tapılmayanda və xəstəyə operativ müdaxilə edilməyəndə sonradan onu həyata qaytarmaq müşkül məsələyə çevrilir. Hətta onlar Bakıya gətirilsə də, klinik xəstəxanalarda vəziyyəti ağırlaşmış insanları həyata qaytarmaq mümkün olmayıb.

Gəlin onunla da razılaşaq ki, bəzi xəstəxanalarda bəzi baş həkimlər və həkimlər belə ekstremial şəraitdə ya səhlankarlıqdan, ya da məsuliyyətsizlikdən təcili tibbi yardım göstərə bilmirlər. Elə buna görə də son vaxtlar məmləkətimizdəki xəstəxanalarda böyük narazılıqlar yaranır: həkimləri döyürlər, avadanlıqları sındırırlar! Əlbəttə, bu hərəkətə haqq qazandırmaq olmaz. Çünki hər şey qanun çərçivəsində həll edilməlidir. Ancaq gözünün qabağında can verən xəstəyə kömək göstərilmədiyinə görə, aləmi bir-birinə qatan adamı da başa düşmək lazımdır.

Çox uzağa getməyək, bu yaxınlarda aprel döyüşlərinin qazisi Mingəçevir xəstəxanasında övladına tibbi xidmət göstərilmədiyinə görə, özünü yandıraraq intihar etdi. Və biz çox vaxt nəticə haqqında danışırıq. Ancaq nəticəni doğuran səbəb barəsində düşünmürük. Nəyə görə ağır vəziyyətdə xəstəsi olan adamlar həkimləri döyürlər, avadanlıqları sındırırlar? Bax, bu məsələlər həm Səhiyyə Nazirliyi, həm də hüquq-mühafizə orqanları tərəfindən dəqiq araşdırılmalıdır.

Kim nə deyir desin, bu gün ölkəmizdə kifayət qədər yerində olmayan baş həkimlər var. Və onların da bir çoxunun nə insafı var, nə də mürvəti. Yalnız və yalnız öz maraqları haqqında düşünürlər. Axı bayaq dedik, qanunla dövlət xəstəxanalarında müalicə pulsuzdur. Amma çox təəssüf ki, bu qanunla belədir. Hansı dövlət xəstəxanasına getsən, həkim müayinəsindən keçsən, müxtəlif aparatlarla müayinə olunsan, qan analizləri versən, görəsən səndən bir şey istəyəcəklər, ya istəməyəcəklər? Bəlkə də elə xəstəxana var orda pasiyentləri pulsuz müayinə və müalicə edirlər. Bunu görən varsa, bizə yazsın, biz də o xəstəxananın baş həkiminə öz təşəkkürümüzü bildirək.

Ancaq camaatın əksəriyyəti deyir ki, dövlət xəstəxanalarına gedəndə pulsuz bizi qəbul eləmirlər. Biz buna da bir o qədər inanmırıq. Ən azından ona görə ki, ölkəmizdə namuslu, vicdanlı baş həkimlər də var. Heç kimi qınamalı deyil. Xəstə istəyir ki, pulsuz müayinə olunsun, həkim də istəyir ki, balasına, ailəsinə çörək aparsın. Burda nə xəstəni qınaya bilərik, nə də həkimi. Çünki hər ikisinin halal haqqı var. Amma bu halal haqq halal olanda, ədalətli olanda o qazanılan pul daha bərəkətli, daha şirin olur. Allah bütün baş həkimlərin canını sağ eləsin! Amma heç vaxt başlarının üstündə Allahı yaddan çıxarmasınlar!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK