SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: ZAUR KAMAL, ARİF QULİYEV VƏ...

  55573   |  
Şriftin ölçüsü  

... Deyirlər ki, heç bir yaxşılıq itmir. O nə vaxtsa ya sənin özünün, ya balalarının, ya da nəvələrinin qarşısına çıxır. Bunu bir daha bu yaxınlarda "Xəzər” TV-də Zaur Kamalın aparıcılıq etdiyi "5/5” proqramında gördüm. Və bir daha inandım ki, hər şey, istər pis olsun, istər yaxşı, nə vaxtsa bumeranq kimi sənin özünə qayıdacaq. Allah eləməmiş kimi, pis əməl olsa, bu daha dəhşətli və daha acınacaqlı ola bilər...

Mənim Zaur Kamalla bir o qədər də tanışlığım yoxdu. Bir dəfə Füzulidən şərqin böyük xanəndəsi Ağabala Abdullayevin oğlu Nizami Abdullayevdən gözəl bir süjet hazırlamışdı. Və o süjetə baxandan sonra da Nizamiyə zəng vurdum, o da dili ağzına sığmaya-sağmaya sevinclə bildirdi ki, Allaha and olsun, dədəmin goru haqqı, o verilişə mənim bir qəpik də pulum çıxmayıb. Heç Zaur bir stəkan çayımı da içməyib. Bax, mobil nömrəsini sənə verirəm, ona zəng elə, bir ziyalı kimi danış, həm də mənim dostum kimi təşəkkür elə. Mən də elə həmin an Zaur Kamalın mobil telefonuna zəng çaldım, o dəqiqə qaldırdı. Düşündüm ki, yəqin başqaları kimi tanımadığı nömrəni açmaz. Amma o, tanımadığı nömrəni açdı və Zaura öz ürək sözlərimi çatdırdım. Dedim ki, çox sağ olun, gedib sərhəd bölgəsində, unudulmuş və yaddan çıxmış bir böyük xanəndənin oğlu Nizami Abdullayevi tapmısınız və onunla bağlı çəkiliş eləmisiniz. Zaur Kamal da çox səmimi və sadə bir dildə dedi ki, biz belə istedadlı sənətkarları çıraqla axtarırıq, tapırıq və xalqa təqdim edirik. Burda başqa şey qətiyyən ola bilməz.

Bu günlərdə isə Zaur Kamal öz verilişinə 50 il dostluq elədiyim, duz-çörək kəsdiyim xalq artisti, istedadlı aktyor Arif Quliyevi dəvət eləmişdi. Arif Quliyevin istedadı bir yana qalsın, onun ürəyinin təmizliyi və böyüklüyü min insandan birində ola bilər. Çünki Arif Quliyev ən şöhrətli, ən hörmətli və ən sevilən vaxtında çox sadə olub və həmişə də xalqın içinə, xeyrinə-şərinə gedib. 1986-cı ildə, Allah ölənlərinizə rəhmət eləsin, atam rəhmətə gedəndə bir də gördüm Füzuli Rayon Məhkəməsinin sədri Məmməd Kərimovla və bir aktyor xanımla hakimin maşınında bizim qapıya gəldilər. Bax, onda onun bir daha necə böyük ürək sahibi olduğunun şahidi oldum.

Arif Quliyev bir tikə çörəyini, bir stəkan çayını yarı bölməyi bacaran insandı. O, şöhrətli və hörmətli vaxtında qətiyyən var-dövlət, pul yığmaq haqqında düşünmədi. İstəsəydi ötən əsrin 70-80-ci illərində pulu sel kimi qazanardı. Amma o qədər gözü tox, tamahsız adamdı ki, Şərifzadə küçəsində üçotaqlı mənzillə kifayətlənmişdi. Deyirdi ki, mənə heç vaxt təzə mənzil lazım deyil. Elə bir eyvan artırsam, bir az evin orasına-burasına əl gəzdirsəm, bəsimdi! O çox ağrılı-acılı günlər yaşadı. Amma bu dərdli vaxtlarında heç bu dərdini də dostlarıyla bölüşmədi. Oğlunu itirdi, çətin duruma düşdü. Həmin vaxtlar cənab prezident ona ev də bağışlamışdı. Sıxıntılarını dəf eləmək üçün o evi də satdı və uzun müddət də öz içindəki dərdiylə, kədəriylə döyüşməyi bacardı. Ayağa durdu və özü dərdə qalib gəldi. Bir "QAZ-31” vardı, həmişə onu sürürdü. Düz bu yaxınlara qədər həmin maşının sükanı arxasında olub. Yaxın vaxtlarda maşını dəyişib. Çünki o, halal zəhmətə və düz yolla qazanılan çörəyə arxalanıb.

Bayaq dedim axı, Arif Quliyev bir tikə çörəyini beş-on yerə bölməyi bacaran kişidi. 1979-cu il idi. "Azərbaycan gəncləri” qəzetində fiziki cəhətdən yeriməkdə çətinlik çəkən və axsayan bir qızın məqaləsi çap olunmuşdu. O kömək istəyirdi ki, onun söykənib yeridiyi əsanın rezinlərini tapa bilmir. Arif Quliyev bu məqaləni oxuyan kimi mənimlə birlikdə Bakının apteklərini bir-birinə vurdu. Onda indiki kimi dava-dərmanlar asanlıqla tapılmırdı. Ən azından 30 aptekə baş çəkdik. Axırda o rezinləri tapdıq. 12 ədəd rezini bağlamaya yığıb səliqə ilə paketləşdirdi və poçta aparıb səhv eləmirəmsə, Zaqatala rayonuna göndərdi. Poçtdan çıxandan sonra Arif Quliyev dedi ki, bax, indi rahat nəfəs ala bilərəm. O əşyaları qıza göndərdim, elə bil çiynimdən ağır yük götürüldü.

Arif Quliyev həyatın çox ağır günlərini yaşayıb. Kimsəsizlər evində böyüyüb. Amma tutduğu yol, çəkdiyi zəhmət onu axırda işıqlı bir aləmə qovuşdurub. O aləm ki, nə onun atası olub, nə də anası. Elə ona görə də Arif Quliyev harda yetim uşaq görürdü, ürəyinin başı göynəyirdi. Ən azından o uşağın başına sığal çəkər və ona ehtiyacı olduğunu öyrənib arxa durardı.

"5/5” proqramında Zaur Kamalın onunla olan səmimi söhbəti bir yazar olaraq məni çox sevindirdi. Çünki Arif Quliyevin qəlbini duymaq, ruhunun pıçıltısını eşitmək hər aparıcının işi deyil. Bunu yalnız və yalnız o insanları başa düşən, içini və qəlbini görməyi bacaran həssas adamlar duya bilər. Və Zaur Kamal da bunu çox gözəl hiss eləmişdi. Xalq artistinə kostyumun və ayaqqabının bağışlanması ötəri bir sevgi deyil. Söhbət bir filmdə olduğu kimi "sosiskadan” getmir, söhbət "vinimatelnilikdən” gedir. Onsuz da Arif Quliyev də özünə kostyum ala bilər, təzə ayaqqabı almaqda da elə çətinlik çəkməz. Amma aparıcı Zaur Kamalın bu addımı atmağı milyonlarla Arifsevərlərin qəlbinə böyük bir sevgi gətirdi. İstedadlı və yaddan çıxan aktyora belə sevgi onun tamaşaçıları tərəfindən Zaur Kamala böyük bir məhəbbət yaratdı.

Proqram bitən kimi Zaur Kamalın məndə olan əvvəlki nömrəsini yığdım. Düşündüm ki, o nə mənim özümü, nə də mobil nömrəmi tanıyır. Bəlkə də zəngimə heç cavab vermədi. Ancaq hər şey düşündüyümün əksinə oldu. Bu dəfə də Zaur Kamal telefonumu açdı və Arif Quliyevə olan diqqətiylə bağlı öz ürək sözlərimi istedadlı aparıcıya çatdırdım. Dedim ki, mənim zəngimdən Allaha and olsun ki, Arifin xəbəri yoxdu. Mən onunla 50 ildir ki, dostluq eləyirəm. Siz ki, bu addımı və bu böyüklüyü ona qarşı etdiniz, onun özünü, ailəsini və balalarını sevindirdiniz, Allah da sizi sevindirsin. Zaur Kamal da elə birinci dəfə danışdığı kimi çox səmimi dedi ki, gördüm sıxıntısı var, ona görə də bu addımı atdım. Mən də dedim ki, bu addımı atdığınıza görə, Allah sizi qorusun!

Bax, belə! "5/5” proqramına baxandan sonra ürəyimdən keçənləri həm Arif Quliyevə, həm istedadlı aparıcı Zaur Kamala və həm də oxuculara çatdırmaq istədim. Düzdür, həmin vaxt Təbrizə səfər edirdim. Qayıdan kimi ürəyimi boşaltdım və bir daha sakitləşdim. Sakitləşdim ki, nə yaxşı dünyada bax, belə ürək sahibləri var... sakitləşdim ki, nə yaxşı dünyamız bu qədər işıqlı insanların əhatəsindədi... sakitləşdim ki, sevilən və istedadlı bir aktyorun özünü, ailəsini və balalarını Zaur Kamal bu addımıyla sevindirdi...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK