adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Kəndimizin adamları -“Kəkov Samayya”

Əntiqə RƏŞİD
87812 | 2020-02-24 09:30

 

Kəndimizdən uzaqlarda yaşadığım bu 26 ildə onu nəinki,bir gün, bir saat, heç bir an da unuda bilmədim.

 

Yatanda yuxularımda, oyananda gözlərim qarşısında oldu, əvəzedilməz, təkrarsız insanlarıyla birgə…

Kəndimizdə bir Səmayə xala vardı. Təkrarsız. əvəzedilməz, ağbəniz, gülərüz, zarafatcıl…Ömründə heç kəsin qəlbinə dəyməmişdi, heç kəsi acılamamışdı. 3 yetim böyütmüşdü, 3 oğula həm ata olmuşdu, həm ana…çətinliklərə sinə gərmişdi, nə bir adama ağız açmamışdı, nə bir dərdini, problemini kimsəyə söyləməmişdi,

nə də kimsədən imdad dilədiyi olmamışdı. Əksinə əziyyəti-çətinliyi olana sözü-söhbəti, zarafatı-gülüşü ilə dəstək də olmağı bacarırdı. Necə deyərlər, qonşuluq üçün əsl qənimət bir insan!

 

Dilində bir azacıq da kəkələmə vardı . Ona görə də kəndin çox saylı səmayələrindən – Qara Samayya, Sestra

Samayya, Kürd Samayya, İsanın Samayyası- seçilməsi üçün camaatımız ona ayama da qoşmuşdu. "Kəkov Samayya”.

Səmayə xala bu "ayama”dan qətiyyən inciməzdi, hələ gülə-gülə deyirdi :”Qqurban olum, ccamaaat səhv eləmir haaa, kkəkəliyirəm dayna, kkəkəyom dayna ".

 

Kəndimiz işğal olunmamışdan əvvəl o da mənim ücün adi, sadə kənd qadınlarından biri idi.

 

Elimiz-obamız ermənilər tərəfindən zəbt edildikdən sonra adi bildiyim həmkəndlilərimdən bir çoxu kimi Səmayə xala da gözlərimdə dəyişdi, başqalaşdı, ucaldı. Onun getdiyi yas mərasimlərində, ağladığı ağıları qoşmaları, sızıltıları eşidənlərin ürəyini ağrıtdı, gözlərinin çeşməsini açdı. Bəlkə də, Səmayə xala yeganə həmkəndlim idi ki, matəm məclislərində dünyasını dəyişmiş ata-anasını, bacı-qardaşını, doğmasını-əzizini yox vaxtılə kətmən vurduğu, pambıq topladığı tarlaları, o tarlalarda həmyaşıdları ilə əziyyətli, amma yaddaqalan gənclik illərini, camaatının firavan, qorxusuz-ürküsüz cağlarını, yaz vaxtı coşub-çağlayan Xaçın çayını, qışda isti, yayda buz kimi soyuq kəhrizləri, meyvə bağlarını, güllü bağçaları, dəmir darvazaları, şəhid olan oğulları, didərginləri xüsusən, torpaq dərdinə dözməyib yarımçıq dünyasını dəyişən həmkəndlilərini ağıya qoyub

elə ağlardı ki, lap dərdi olmayan, gönüqalın yaramazıda ağlada bilirdi.

 

Ən qəribəsidə o idi ki, Səmayə xala ağı deyəndə kəkələmirdi, hərfləri uzatmırdı. Qəlbinin acısı-ağrısı səsinə elə təsir etmişdi ki, elə ilk kəlmədən:”Ay ellər yığışın öldürün məni, mənə qaçqın deyirlər, mənə didərgin deyirllər. Mənə yazıq deyirlər, verin mənə güllü baxçamı, verin mənə dəmir darvazamı, verin mənə evimi-eşiyimi,

qoymayın mənə didərgin desinlər, qoymayın mən yazıq olum, çöllərə düşüm, düzlərdə qalım, ay ellərim!!! ”

Sonra hamı öz dərdini unudub, hönkürtü ilə Səmayə xalanın səsinə səs verirdi. Haqq üçün deyim ki, kəndimizin qadınlarının çoxu bu dərdi yaslarda dilə gətirirdilər, yurd həsrətini ağıya qoyub ağlayırdılar, amma Səmayə xalada

bu bir başqa cür alınırdı, bir başqa cür təsir edirdi… ürəkdağlayıcı…

3-4 il əvvəl Səmayə xalanı da öz dərdinə büküb dəfn etdilər. Elə bil Xaçın çayının, kəndin tarlalarının, kəhrizlərinin, xoşbəxt və əlcatmaz cağlarının anası öldü, laylası öldü, qaldılar yetim… Beləcə, ruhu Qarabağla, ürəyi vətən-yurd eşqi ilə

çırpınanlarımızın sırası getdikcə seyrəlməkdə, səmayə xalalar bitib-tükənməkdədir.

Hər gün əllərimi göyə qaldırıb yalvarıram: " Rəbbim ya bizə yeni bir Səmayə xala ver, ya da bizi yurdumuza qovuşdur!…Yetimlərə xatir!”

 

 

 

 

 

 

 

 

 

TƏQVİM / ARXİV