adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

SADƏCƏ QADIN - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
61785 | 2020-03-03 09:53

Esse

"Qadın kişinin həyat yoldaşı, evinin günəşidir.” Türk atalar sğzü

Hər il 8 Mart tarixində qeyd olunan və özündə qadınların iqtisadi, ictimai və siyasi mübarizəsi ilə yanaşı həm də ümumi olaraq qadınlara qarşı sevgi, hörmət, diqqət, nəzakət və məhəbbəti tərənnüm edən, bunu adət-ənənə formasına gətirən bayram-Beynəlxalq Qadınlar Günü... Mən bu yazımda tarixi araşdırmaq fikrində deyiləm, bunu demək olar ki, bilməyən yoxdur. Məqsədim zərif cins adlandırılsa da cəmiyyətin sütunlarından birinə çevrilən , çox işdə heç də kişilərdən geri qalmayan etibarlı və vəfalı qadınlar-ana, bacı, sevgili, dost, həyat yoldaşı olan mehriban xanımları tərənnüm etməkdir.

Azərbaycan qadını dünya qadınları arasında həmişə xüsusi çəkiyə sahib olmuş, cəmiyyətdə fəallığı ilə seçilmiş, xalqımızın mənəvi dəyərlərinin formalaşmasında, onun inkişafında böyük rol oynamışdır. Əbəs deməyiblər ki, qadını azad olmayan ölkə inkişaf edə bilməz. Vaxt vardı qadın azadlığı, onun təhsil alması haqqında danışmaq belə çətin idi. Qadın evdə oturmalı, uşaq doğub böyütməli, ərinin qulluğunda dayanmalı idi, vəssalam. Amma onun daxili azadlıq hissini kim boğa bilərdi ki...

Adın şərəflidir sənin ey qadın,

Dahilər anası çağrılır adın..

Deyə hayqırırdı şair, amma məhz "dahilər anası..”. dahi yox...

Qadınların oxumaq, təhsil almaq, ailə qurarkən qərar vermək kimi hüquqlarının olmadığı zamanlar deyərkən dahi M.Ə.Sabiri xatırlamasaq olmaz.., insanları qəflət yuxusundan oyatmaq, mədəni inkişafa nail olmaq, ən çox qadınların ziyan çəkdiyi mövcud zəmanəni, onun qayda-qanularını ifşa etməklə xalqın milli-mənəvi ruhunda qorunub saxlanan və inkişafa təkan verən cəhətlərin üzə çıxarılması məqsədilə yazılan məşhur satirik şeirləri unutmaqmı olar..?!

Oğul mənimdir əgər, oxutmuram əl çəkin,

Eyləməyin dəngəsər, oxutmuram əl çəkin...

Və ya

Xandostu, amandı, qoyma gəldi,

Kirdarı yamandı, qoyma gəldi...

İlk təhsil alan, ilk maarifçi, ilk peşəkar rəssam, şərqdə ilk opera yazan, ilk oftalmoloq, ilk redaktor...,ilk..., ilk.., qadınlar, onlar hələ azadlıq payının olmadığı dövrə - Azərbaycanın inqilaba qədərki dövrünə aiddir. Bu da qadınların daxili azadlığı, özünü təsdiqetmə, özünə inam, bacarıq və qabiliyyətlərinin üzə çıxarılması yolunda maneələri aşmaq, döyüşkən və mübariz ruhunun , qələbə əzminin həmişə yüksək olmasını göstərir.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasının qoyulması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz o dahi şəxsiyyət qadın şəxsiyyətinə verdiyi böyük dəyər və hörmətlə yanaşı, həm də ölkə həyatının bütün sahələrində onlara yer verdi, fəaliyətinə imkanlar yaratdı. Bu siyasətin İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilməsi isə qadınların ictimai və siyasi nüfuzunun artmasını təmin edərək ən yüksək orqanlarda, o cümlədən mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunmasının qarantı oldu...

... 8 Mart deyəndə yada qadınlar düşür, qadın deyərkən də onun bayramını təbrik məsələsi keçir beynindən. Hədiyyə də öz yerində. Hədiyyə almaq işi adi görünsə də əslində səriştə tələb edir...Elə etməlisən ki, təqdim etdiyin insana uyğun olsun, alanda bir ürək sevinsin, bir sözlə hədiyyə verənin də, alanın da adına-sanına uyğun olmalıdı. Yoxsa ki....İlk hədiyyəni orta məktəbin yuxarı sinfində oxuyanda almışam, o da açıqca olub!..Gizli sevənim vermişdi, mənə xatir də başqaları duyuq düşməsin deyə sinfin bütün qızlarına göndərmişdi...Eh, onda belə sevərdilər, sevdiklərini söz-söhbətdən kənar tutardılar. Bu gün də qiymətli əşya kimi saxlayıram həmin hədiyyəni, sonralar müxtəlif insanlardan müxtəlif hədiyyələr alsam da onun yeri başqa idi ...

Hə, hədiyyədən söz açmışkən bunu da deməsəm olmaz, deməli uzun müddət işlədiyim bir idarədə insafən hər il 8 Mart gələndə müdiriyyətin narahatlığını, əl-ayağa düşdüyünü hiss edirdik. Hədiyyəni həm də sadəcə bir diqqət hesab etdiyimdən fərqində deyildim, amma idarənin təmizlik işinə baxan xanımları üçün bu maraqlı idi nəsə, araya salıb xəlvətcə soruşurdular da.. Amma deyim ki, hər il eyni bir hədiyyə alınır, hamıya ucdantutma fincan-nəlbəki dəsti hədiyyə edilirdi!...Atalardan qalma "çəkicə yüngül, vəzncə ağır” məsəli " burada tərsinə qoyulur, hədiyyənin ağırlığı və iri görünməsi şərt sayılırdı...Bəli, təşkilatçılıq hər kəsin işi deyil, amma burda bir ürək məsələsi də var ki, seçimi o tənzimləyir ...

Hə, qarşıdan yenə 8 Mart Beynəlxalq Qadınlar Bayramı gəlir, onunla birgə çiçəklərin, ətirlərin və daha nələrin də bayramı başlayır... Amma sən bunları böş ver, bil ki, ən böyük bayram sevgidir, insanı cilalayan, böyüdən, ucaldan, özünə də bəlli olmayan ən mübhəm və sirli insani keyfiyyətlərini üzə çıxaran, səndən yeni bir sən yaradan hiss..

Və əgər sən qadınsansa, onda bu hissin ikiyə vurulacaq əlbəttə, çünki sən sadəcə Qadınsan!...

Hətta böyük psixoloqların belə baş çıxara bilmədiyi, cənnətin ayaqların altına döşəndiyi Qadın...

Ömrünün düz otuz ilini qadın psixologiyasını öyrənməyə sərf edən Ziqmund Freyd də sonda qarşına yenə əliboş çıxmalı olmuşdu: "Otuz illik araşdırmama baxmayaraq mən bu böyük suala cavab tapa bilmədim. Əslində qadınlar nə istəyir?...”

Mən bir az çöl qadınam,

Bir az da orman qadın.

Bir az şeir qadınam,

Bir az da roman qadın.s

Tala-tala ələfəm,

Çiçək-çiçək dağam mən.

Sahibini gözləyən,

Soyumuş ocağam mən.

Qadınam, qadın.., ana..

Hər dərdə sipər qadın.

Bətnimdə böyüyübdü,

O Həcər, Nigar qadın..

Leyli mənəm, Şirin mən,

Ocaq qadın, pir qadın.

Tanrının yaratdığı

ən gözəl əsər.. Qadın!..


TƏQVİM / ARXİV