adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Sentyabr 2020 11:38
86721
DÜNYA
A- A+

Həyatını çətinləşdirənlər üçün - Eminquey

Dünya o zaman inkişaf edir ki, çətinliklər asanlaşır. Texniki tərəqqidən tutmuş, ölkələrin inkişafına kimi – bütün sferalar çətinlikləri asanlaşdırmaqla məşğuldur. Bu, insanın cənnət yaddaşıdır. İnsan qovulduğu cənnəti bu dünyada reallaşdırmaq üçün enerji sərf edir.

Sürdüyümüz maşınlardan mətbəxdə işlədilən ən xırda maşınlara qədər hamısı insan həyatını asanlaşdırdı və insana həm də zaman qazandırdı.

Sən paltarları əllə yuduğun zaman itirdiyin vaxtı paltaryuyan maşınla əldə elədin və o vaxtı başqa şeylərə sərf etməyə fürsət tapdın. Uşaqlarına, doğmalarına, dostlarına və ən əsası özünə.

Say-say bitməz.

Bəs, yaxşı, yaşadığımız məmləkət?

Məmləkətin insanları?

Dünyadakı tərəqqidən nə qədər pay götürə bilir?

Həm maddi, həm də mənəvi çətinlikləri nə qədər asanlaşdıra bilir?

Zamana nə qədər qənaət edə bilir?

Məqsədim duyğusallıq eləmək deyil...

Atam dünyasını dəyişəndə 56 yaşı tamam olmamışdı. İşində elə bir düyün yaranmışdı ki, yarıda qoya bilməzdi (ki, zəhərə qalsın onun işi! Bildiyini heç kimə vermədi!) əməliyyatını gecikdirdi, sabah gedərəm, birisi gün gedərəm, dözdü, dözdü, axırda infarkt oldu.

Əmilərim də cavan rəhmətə gediblər, bir əmim də can üstdədi, yaşı elə də çox deyil.

Dostlarımdan biri 20 yaşında dünyasını dəyişdi. Həkimlərin səhvi ucbatından.

Dostumun bacısı toyuna az qalmış dəm qazından boğuldu.

Bu yaxınlarda köhnə dostlarımdan birinin oğlu 9 yaşında xərçəngdən dünyasını dəyişdi.

Tanıdıqlarım, mühitimizin gəncləri Mövlud, Mahmud, Zərdüşt, Məlik... ikisi intihar, ikisi vaxtsız ölüm.

Boylanıb ətrafa baxıb cavan ölən doğmaları, dostları, tanışları görəndə qorxuram. Bəlkə elə sabah mən də?!...

Vallah, billah mən zəif olmaq istəmirəm!

Qışqırmaq istəyirəm:

- Mən yaşamaq istəyirəm, ana, Vətən, İlahi, sevdiyim adam, doğmalarım, mən o mahnıda deyildiyi kimi ovuc içi qədər xoşbəxt olmaq istəyirəm!

Axı bizə bu dünyada nə qədər zaman verildiyini bilmirik?!

Bəs, niyə həyatımızı bu qədər çətinləşdiririk?

Həyatını mənasız tabularla, qadağalarla çətinləşdirən adamlara nümunə göstərəcəyim bir yazını sevdiyim, hörmət etdiyim İradə İsak paylaşdı dünən. Bu yazını yazmaq məqsədim əslində, onun kiçik yazısını təqdim etməkdir.

O yazır:

“Uşaqlıqdan hamıyla eyni düşünməmişəm. Çoxusunu həyata keçirməsəm də, dəstəkləmişəm. Hətta etmədiyimə baxmayaraq, düşündüyümə görə ömür boyu başağrısı yaşamışam. Yazıram bura, siz də mənimlə razılaşmaya bilərsiniz.

1. Vətəndaş nikahının, 18 yaşından sərbəst və ayrı yaşamağın tərəfdarı olmuşam, ta gəncliyimdən. Deyirdilər, ana olsan, belə deməzsən. Oldum, oğlumun 16 yaşı var, yenə də eynən belə düşünürəm.

2. Övladının həyatına qarışmağı, idarə etməyi bu gün də anlamıram. Övladım milliyyəti erməni olmamaq şərtilə, maddi vəziyyəti, mənim xoşum gəlib-gəlməməmyimdən asılı olmayaraq, sevdiyi şəxslə evlənə bilər. Ona heç vaxt qız axtarmayacam.

3. Boşanan kimsə bədbəxt deyil. Nə qadın, nə kişi. Qəti şəkildə.

4. Bir insanın evlilik sayının çox olması onun pozğun təfəkkürlu olması deyil. Bu say 10 rəqəmini keçsə də...

5. İnsan istədiyi yaşda evlənə bilər. Buna kimsə qarışa bilməz, buna görə kimsəni qınamaq, ələ salmaq, pis baxmaq olmaz.

6. Ailə üzvləri fərqli siyasi və dini baxışdadırlarsa, buna görə evə qan salmaq, övladı məhv etmək olmaz.

7. Ali təhsil almaq vacib deyil. Bunun üçün oxumuş valideynlər övladlarının gününü qara etməməlidir. Bir sənətkarı yüz alayarımçıq savadlı diplomluya dəyişmərəm.

8. Puluna görə insana hörmət qoymaq, kasıb qohumu xor görmək olmaz. Onlara mütləq baş çəkilməlidir.

9. Yalnız pula görə evlənmək öz həyatını baltalamaqdan başqa bir şey deyil. Ömrün dəhşətli keçəcək.

10. Spirtli içki, pis vərdişlərə qurşanan adamı cəmiyyətə hər zaman qaytarmaq mümkündür. Onun içindəki şəxsiyyətin özünü ifadəsinə imkan verilsə, xor görülməsə...

11. Övladın çiyninə yüklənib, "bizi saxla" demək olmaz. Hər bir valideynin borcu övladını saxlamaqdır. Övlad isə bunu insanlıq naminə və şəxsi istəyi ilə edə bilər. Buna onun borcu kimi baxmaq olmaz. Həyatını elə qurmalisan ki, yaşlananda övladına yük olmayasan. Sonra incimə, dava-dalaş düşməsin.

12. Övladın mütləq ana dilini təmiz bilməlidir. Və mütləq ona rus, ingilis dillərini də oyrətməlisən.

13. Pul qazana bilən qadınlar əxlaqsız deyildir. Qətiyyən!

14. Özünüzü rahat və yaxşı hiss etmədiyimiz heç yerdə dayanmaq, heç kimin yaninda qalmaq olmaz. Dərhal gedilməlidir. Körpüləri yandırmağı bacarmaq gərək. Cəsarəti olmayana heç bir qapı açılmaz.

15. Övlad mütləq əməyə alışdırılmalıdır, yoxsa bir ömür o bunun ağrısını çəkəcək. Yan gəlib yatmaq, tənbəl və ərköyün böyüdülmə övlada edilən ən böyük pislikdir.

16. Övladı varsa, heç bir xüsusən ata (ana da) işsiz gəzməməli, tənbəl olmamalıdır.

Əsas olaraq belə düşünürəm. Razılaşmaya bilərsiniz. Bu mənim həyat inancımdir. Hərə könlü istədiyi kimi yaşasın, məcbur olduğu, qınaqlardan qorxduğu üçün yox. Xoşbəxtlik yalnız bundadır. Bədbəxtlik deyə bir şey yoxdur. Öz mənasız yükləmələrimizdən, inanclarımızdan başqa”.