adalet.az header logo
  • Bakı 11°C
17 Oktyabr 2020 20:16
27647
SİYASƏT
A- A+

Prezidentin köməkçisi: Ermənistana qarşı təzyiqlərin olmaması onu yeni cinayətlər törətməyə sövq edir

Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması onu yeni cinayətlər törətməyə sövq edir.

Trend xəbər verir ki, bu fikri diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, diplomatların Gəncəyə səfərinin təşkilində məqsəd Ermənistanın Azərbaycan xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi hərbi cinayətlərlə yerində tanış olmaq, bu faktları əyani şəkildə görməkdir. Real faktlar odur ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrdən və raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə hücumlar həyata keçirir.

Oktyabrın 4-dən Gəncəyə raket hücumları başlayıb, nəticədə mülki insanlar arasında yaralananlar və həyatını itirənlər var. Bir həftə əvvəl belə bir xəyanətkar hücum həyata keçirilmişdi, Gəncədə əhalinin sıx məskunlaşdığı ərazi “SCUD” tipli ballistik raketlə vurulmuşdu. Növbəti belə hücum bu gecə oldu. Mülki obyektlər və evlər dağılıb. Ən böyük faciə odur ki, mülki şəxslər ölüb, onların arasında uşaqlar da var. Bu ərazilərdə hər hansı bir hərbi baza yerləşmir. Ermənistan yalnız mülki şəxsləri hədəf alır. Beynəlxalq hüquqa əsasən, Ermənistanın bu əməlləri müharibə cinayətidir, mülki insanlara qarşı terrordur. Bu, 1992-ci ilin Xocalı faciəsindən sonra Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımının başqa məzmunda həyata keçirilməsidir. Beynəlxalq ictimaiyyəti bu əməlləri kəskin şəkildə qınamağa çağırırıq. Əgər cinayət varsa, cəza da olmalıdır. Bu, dövlətlərarası münasibətlərdə təmin olunmalıdır. Biz təəssüf hissi ilə qeyd edirik ki bu günə qədər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə münasibətdə beynəlxalq hüququn aliliyi təmin olunmayıb.