adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Yanvar 2021 12:37
45690
ƏDƏBİYYAT
A- A+

QƏBRİN NURLA DOLSUN, AY EMİN PİRİ! - TALEH MANSUR yazır

Mən bir Emin Piri tanıyıram: bəstəboy, yaylı-qışlı əyni yalın, saçlarına anadangəlmə çal düşmüş.Yox, yox, bu, siz tanıyan Emin Piri deyil. Mən tanıdığım Emin Piri şeir yazmır, sizin tanıdığınız Emin Pirinin yazdığı şeirləri həyat ssenarisinə çevirib bala-bala yaşayır özü üçün. Mənim tanıdığım Emin Piri hər gün dünyasını dəyişir. Başını aşağı salıb yaşaya bilmir sizin yaşadığınız dünyada. Öz dünyasına Adəm olmağa gedir. Darıxanda hər qabırğasından bir "Həvva" düzəldir özünə . Arabir bu dünyaya şərab içməyə gəlib-gedir, vəssalam. İçdiyi şərabdı, "zakuskası" da Hamınızı sevirəm" cümləsi.

Nəsimini soyan kimi soyur adamlar ürəyini. Nəsimini soyan kimi soyur kafelər, restoranlar, "pub"lar ciblərini. Mənim tanıdığım Emin Piri uşaqlar olan yerdə nəfəs almır. Uşaqların ciyərlərinə çatacaq havanı öz ciyərlərinə çəkməyi özünə haram bilir. Uçan quşların bir gün göy üzündən yıxılacağına inanıb əli ürəyinin üstündə, səksəkə içində yaşayır. Dişlərinin dibi gicişən bir quduz itə belə özünü dişlədə bilər. Yetər ki, quduz itin sevgidən uzaq düşmüş ürəyi rahat olsun. Medal, mükafat hərisi deyil. Ən böyük arzusu- bir şəhid sinəsinə sancılmağa hazırlaşan düşmən gülləsini ürəyinə bükməkdi. Ən böyük arzusu-günahsız uşaqlara tuşlanmış güllələri bir badə şərab kimi başına çəkməkdi. Bütün sevilməyən qadınları Məcnun kimi sevir. Evsiz-eşiksiz qadınlara bir otaqlı evdi. Bütün ağrılar ona sevilməyən və atılmış qadınlar qədər doğmadı.

Siqaretini kibritlə yandırmır bu yığvalıqara, saçını kirpiklərini ütə-ütə əyilib tonqaldan, ocaqdan yandırır. Darıxır tanımadığı adamlardan ötrü. Yüz il sonra dünyaya gələcək bir qızın acı taleyini ürəyinə dərd eləyir. Yad bir adamın qəbrinin üstündə hönkür-hönkür ağlaya bilir. Ağlamaq demişkən, adam səni dirigözlü ağlamaq istəyir, ay Emin. İçmə o zəkkum şərabı, çəkmə o zəhrimar siqareti, alma sinənə ağrıların hamısını. Tökmə gözlərindən bu dünyanın olan-qalan göz yaşlarını, bu qədər dərin yazma. Bizə də bir badə şərab, bir gilə siqaret, bir tikə ağrı, bir damcı göz yaşı, bir kəlmə söz saxla...

Nəfəsin kəsilsin, ay Emin, adamın nəfəsi çatmır səndən danışmağa. Sənin kimi adamları tərifləyib dağ başına qaldırmaq lazım deyil. Sənin kimi adamları ya asmaq lazımdı, ya da güllələmək. Haqq üçün, sənin kimi adamlar qəbir kimi daha çox sevimli olurlar. Ya Allah! Siftə məndən, hərəkət Allahdan: -Qəbrin nurla dolsun, ay Emin Piri!