adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Yanvar 2021 17:15
20911
MƏMLƏKƏT
A- A+

Səxavət Məmməd: Rəsmi qurumların mövqelərini təkrarlayan adamlar ziyalı yox, ziyanlıdır

Ortada bir problem var, həll edilməlidir. Həll etmək yerinə, qurumlar ötür-ötür oynayırlar. Şəhid ailələrini ordan ora göndərirlər. Problemi həll etmək lazımdır.

Bir neçə yazı oxumuşam, TV-lərin sujetlərin izləmişəm. Sadəcə olaraq ayıbdır. Şəhid ailələrini məzəmmət edənlər də peyda olub. Şəhid ailələrindən alicənablıq gözləyirlər. Kimsə səhv anlamasın, aşağılamaq üçün demirəm. Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır. Onların çoxu "ş" hərfini "w" kimi yazanlar idi, səviyyəsiz dediyiniz mahnılara qulaq asanlar idi, qara kurtkalı qaqaş dedikləriniz idi. Dövlət büdcəsini talamaq lazım olanda xaricdə təhsil alanlara vəzifə verilir, dövləti qorumaq, var etmək üçün canından keçmək lazım olanda da, bəyənmədiyiniz tiplərə.

Özünə ziyalı deyənlər var ki, şəhid, şəhidliklə bağlı pafosu yerə göyə sığmır, ancaq deyir, onları müxalifət qızışdırır. Bunu deyən adamlar, biraz sonra da, müxalifəti yaxşı tanıdığını, hökumətdən pul aldığını bəyan edir. Müxalifət hökumətdən pul alır və şəhid ailələrini qızışdırırsa, demək, hökumətin sifarişin yerinə yetirir. Məntiq bunu demir?

Bir də ki, müxalifətin başı YouTube kanallarında canlı yayıma çıxmağa qarışıb. Gedib oranı nə jurnalist araşdırıb tapıb, nə müxalif partiya. TV-lərin də başı snayperdən başın çəkərək güllədən yayınanlara, Tərtərdən girib Tovuzdan çıxanlara, ovuc-ovuc öz qanın içib susuzluğunu yatıranlara qarışıb.

İcra başçılarının, rəsmi qurumların mövqelərini təkrarlayan adamlar ziyalı yox, ziyanlıdır.