adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Feminizmin təməli Tıx-Tıx xanım - Eminqueyyazır

EMİNQUEY AKİF
66425 | 2021-03-22 12:56

Əvvəla böyük bir təəssüf hissi ilə qeyd edim ki, milli feminizm yaradıcılığı ilə yox, dağıdıcılığı ilə gündəmdə qalmaqdan o tərəfə keçə bilmir. Buna feminizmin Biləcərisi deyək. Zatən Biləcəridə də yaradıcılıqdan əsər-əlamət yoxdur. 

Mətnə giriş etməzdən əvvəl qısa özət keçim. Hələ Həcər at belinə minib Nəbini xilas etməmiş, Uzun Həsənin yerinə anası söhbət həll etməmiş hər bir azərbaycanlı babanın, nənənin, atanın, ananın uşaqlara danışdığı "Tıx-tıx" nağılı vardı. Bu nağıl hansı zərurətin məhsul idi? Həqiqət sadəcə bir böcəyin özünə dost axtarıb da tapa bilməməyi idimi? Xeyr. 

Bu nağıl (müəllifi bəlli olmasa da) təxmin edirəm ki, bir qadın tərəfindən yazılıb. Bu qadın kimdir? Azərbaycan feminizminin banisi. Bəli, feminizm!

Tıx-Tıx xanım qarşısına çıxan bütün heyvanlardan bu nacizanə suala döşünəyatan bir cavab almaq istəyir: İşdir acıqlandırsam səni, nəylə döyərsən məni? Eynilə indiki feministlərin hər mitinqdə üzdə təqdim etdikləri mübarizənin sual formasıdır. Təkadamlıq etiraz deyək buna. 

Bu suala Tülkü "dişlərimin arasına alaram", Çoban "çomağımın altına salaram" deyə cavab verir. Başa düşüləndir. Nağılı yazan göstərmək istəyir ki, qadına şiddət var və nağılın fındıq ayaqqabılı, yarpaq donlu xanımı mülayim, qadın hüquqlarını pozmayan bir kişi dost axtarır.

Tıx-Tıx xanım axırda Siçana rast gəlir. İş elə gətirir ki, Siçan onun saqqızını oğurlayır. Quyruğuna yağ, bal, yanağına xal çəkməyi vəd edib bişirir. Zavallı Tıx-Tıx xanım da aldanır, onunla şad-xürrəm yaşamağa qərar verir. Və burada bir incə məqamın da şahidi oluruq. Tıx-Tıx xanım dost axtarmağa çıxmışdı, ər tapdı.

Bir gün Siçan Tıx-Tıxa deyir ki, bəylərin yığıncağıdı, bir neçə aylıq azuqə üçün ora gedirəm, yağlı məclisdi, Tıx-Tıx feministliyinə salıb onunla getmək istədiyini desə də, Siçan ona "sən gəlmə, təhlükəlidir" deyib evdən çıxır. Siçan bəy gedir məclisə. 

Bizim bu Tıx-Tıx evdə darıxır, dözmür, çıxır gəzməyə. İş elə gətirir ki, gölməçələrin birinə yıxılıb boğulmağa başlayır. Səsi, harayı ta Siçan bəyin olduğu yerə qədər gedib çatır. Xülasə, bu xəbər Siçan bəyə çatır. O gəlib gölməçəyə çatır, əlini uzadır Tıx-Tıxa ki, xilas eləsin, Tıx-Tıx üz çevirir. Bir dəfə, iki dəfə, üçüncüdə Siçan bezir, üzünü çevirib gedəndə Tıx-Tıx onun quyruğundan tutub çıxır quruya və xilas olur. 

Amma Siçan onu heç vaxt bu hərəkətinə görə bağışlamır, ailə dağılır və Tıx-Tıx tək qalır. 

Nağılı qısa özət keçdim ki, hadisələri cikinə-bikinə kimi xatırlayasınız. Fərz edək ki, bizim bu Tıx-Tıx (adını hər yazanda defis və T hərfinə görə əzab çəkirəm) çıxdı dost axtarmağa. Tülkünü başa düşdük, Çobanı da bildik. Cəmiyyətimiz tülkülərdən, çobanlardan boldur. Birinin altında bahalı maşın, birinin villası. 

Bəs bu Siçan yazıq? Gül kimi tapışmışdınız da? Siçan fağır bir kasıb, amma sevgidən, qayğıdan bol biri. Sənə demişdi axı, çölə çıxma, gedirəm çörək dalınca, təhlükəlidir çölə çıxmaq. Sən sözə baxma, çölə çıx, gölməçəyə düş, Siçan yazıq səni xilas etməyə gəlsin, hələ bir üzünü də çevir. A bala, niyə küsdərəcik? Kişi çörək dalınca getmişdi də. Onun səni gec gəlib xilas etməyinə niyə mız qoşursan ki?

Belə haqsızlıqmı olar? Hansı QHT doldurub sənin başını? Hansı Nərminlərə, Günel Mövludlara uymusan? Nə tez unutdun səni parçalamağa hazır olan Tülkünü? Nə tez unutdun səni çomağının altına almaqdan ötrü sinov gedən Çobanı? Siçan ki sənə o boyda diqqət yetirmişdi? Nəyin çatmırdı, ay yetim? Nə ilə haqq qazandıracaqdan özünə, ay Tıx-Tıx? Hanı Nərmin ki, Siçanın səni döyməyini isbat eləsin? Hanı Günel Mövlud ki, Siçanın sənə yazdığı hədə-qorxu mesajlarını açıb töksün?

Yoxdurlar. Çünki Siçan sənə çox yaxşı ər idi. Sadəcə sən sevmədin iş dalınca gedib gec gələn Siçan bəyi. 

Ona görə də mən bu nağılı Azərbaycan feminizminin təməli sayıram. Bu nağılın da sonu dağıdıcıdır. Siçanla Tıx-Tıxın ailəsinin dağılması indiki feminizmin ana xəttidir. Bu qədər sadə.

Yəni, əzizlər, çox təəssüflə qeyd edirəm ki, üzdən qadın haqlarını qorumağın təəssübünü çəkən bu nağıl elə indiki feminizmin təməlidir. 

Sadəcə nə əcəbsə, Tıx-Tıxı pozğun çıxarmamışıq. Açığı buna təəccübləndim...

TƏQVİM / ARXİV