adalet.az header logo
  • Bakı 12°C
08 May 2021 17:17
43206
SİYASƏT
A- A+

Dahi

Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam

Heydər Əliyev

 

Nədənsə həmişə Ulu öndər. Ümummilli lider Heydər Əliyev haqqında söhbət düşəndə özümdən asılı olmadan Faiq Ağayevin oxuduğu mahnını xatırlayıram”- “Dahi”.  Bəli, Heydər Əliyevi əgər bir sözlə xarakterizə etsək bu söz dahi olacaqdır. Onu dünyanın aparıcı dövlətlərinin rəhbərləri, məşhur ictimai-siyasi xadimlər də “Dahi” adlandırırdılar. Misal üçün, ABŞ-ın SSRİ-ni dağılma planına rəhbərlik edən keçmiş dövlət katibi Zbiqnev Bjezinski deyirdi ki, "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə şəksiz liderdir". Amerika kimi bir dövlətin xarici siyasətini kurasiya edən Zbiqnev Bjezniski kimi bir strateq bu sözü boşu-boşuna demirdi. Məntiqlə düşünsək onlar bir-birinin düşməni idilər. Heydər Əliyev dühası onun düşməninə bu sözləri deməyə vadar edirdi.

Bəlkə də düz 98 il əvvəl 1923-cü il may ayının 10-da Heydər Əliyev dünyaya göz açanda Naxçıvan camaatının ağlına gəlməzdi ki, kasıb dəmiryolçu Əlirza kişinin bu körpəsi vaxt gələcək dünya siyasətini idarə edəcək böyük lider olacaq. Dünyanın aparıcı dövlət başçılarınin onunla görüşlərinə diqqət yetirmisnizmi? İstər balaca bir dövlətin rəhbəri olsun, istərsə də super dövlətin başçısı, hamısı onun hüzurunda şağirdin müəllimə olan hörməti göstərirdi. Türkiyənin keçmiş prezidenti Əhməd Necdət Sezər deyirdi ki, "Heydər Əliyevi şəxsən tanıdığıma görə şərəf hissi keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqazın sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaq"...

Fransa prezidenti Jak Şirak onu qeyri-adi şəxsiyyət adlandırırdı: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.

Heydər Əliyev rəhbərlik etdiyi ilk dövrlərdə keçmiş SSRİ-də ucqar respublika hesab olunan Azərbaycanı inkişafın pik nöqtəsinə qaldırdı. Artıq aqrar ölkədən sənaye ölkəsinə cevrilən Azərbaycanın istehsal etdiyi məhsulları SSRİ sərhədlərindən kənarda da məşhur idi. Azərbaycan gəncləri SSRİ-nin ən tanınmış ali məktəblərində təhsil alırdılar. Ulu Öndər bəlkə də Azərbaycanın müstəqilliyini elə o dörvlərdə görürdü və bu ölkəni idarə edəcək kadrların yetişməsinə diqqət ayırırdı. Heydər Əliyevi xalqa sevdirən elə onun xalqa bağlılığı idi. Uzun illər SSRİ-nin Plan Komitəsinin sədri olmuş əslən bakılı rus balası Nikolay Baybakov deyirdi ki: “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram”. Bəli, Heydər Əliyevi xalq da sevirdi. Bu sevgi onu məcbiur etdi ki, ölkəsinin ağır günündə bütün təşəbbüsü ələ alıb onu inkişafa aparsın. Bu işdə xalq ona dəstək verdi.

Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.

Onun rəhbərliyi ilə yenicə müstəqillik əldə etmiş gənc kasıb bir ölkə olan  Azərbaycan Respublikası dünya birliyində layiqli yer tutdu.

Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. SSRİ-nin ən sərt idarəçilik sistemi ilk növbədə "sovet xalqı" adı altında onun tərkibində olan xalqları ümumiləşdirmək ideyasını həyata keçirirdi, o cümlədən dövlət dili olaraq xalqların həm də öz dillərinin olmasını məqbul hesab etmirdi. Məhz dahi Heydər Əliyev öz xalqının müqəddəs dilini dövlət dili kimi Azərbaycan Respublikasının konstitusiyasına salmağa nail oldu. Heydər Əliyev SSRİ-nin məhv olacağı tarixi həqiqəti çox-çox illər öncə görürdü və müstəqil Azərbaycanın yaranacağını və onun öz dilinə böyük ehtiyacı olacağını bildiyindən onu qorudu və özünə layiq olan səviyyədə sevdirdi.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlayıb. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İiham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qlobaliaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdiriiir. Heydər Əliyev qürur hissi ilə deyərdi: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam...". Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

 

Aytəkin ƏDALƏTQIZI

Bibiheybət  Bələdiyyəsinin üzüvü,

M. F Axundov adına Milli  Kitabxananın  əməkdaşı