adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Iyun 2021 12:48
44988
GÜNDƏM
A- A+

TÜRK BİRLİYİNİN TƏMƏLİ ŞUŞADA QOYULDU

Tarixi Şuşa Bəyannaməsi imzalandı

İyunun 15-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 illik Ermənistan işğalından azad olunmuş  Şuşa səhərinə tarixi səfəri zamanı Azərbaycanın Mədəniyyət Mərkəzi Suşada tarixi bəyənnamə imzalandı. Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  iki ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən, müttəfiqlik haqqında imzaladıqları Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Şuşa Bəyənnaməsi böyük siyasi və tarixi əhəmiyyətə malikdir.

           

Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür.

           

Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

           

Hərbi tərəfdaşlığın daha da inkişaf etdirilməsilə bağlı Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

           

Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələrin həyata keçirilməsində mühüm rol oynayacaq.  Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr də Bəyənnamədə öz əksini tapmışdır. Ticarət-iqtisadi münasibətlərin, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırlmasına dəstək verəcək yeni yolun açılması, İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

 Bu gün bütün dünya etiraf edir ki, İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Məhz buna görə də hərbi sənaye sahəsində tərəfdaşlığın və əməkdaşlığın əhəmiyyəti imzalanan Bəyənnamədə öz əksini tapıb.  Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyinin bariz nümunəsidir. İkinci Qarabağ müharibəsi başlanan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalanma mərasimi zamanı Türk xalqlarının Mədəniyyət Mərkəzi Şuşa şəhərində  qardaş Türkiyənin baş konsulluğunun açılacağını bəyan etdi. Qəbul olunmuş  bu qərar iki ölkə arasında diplomatik münasibətlərin yeni səviyyəsinin münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.

 Bütün müstəvilərdə inkişaf edən qardaşlıq əlaqələri. Artıq 44 günlük Zəfər Qələbəsindən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə başlayan İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. 28 il işğal altında qalan, düşmən tərəfindən demək olar ki, tamamilə dağıdılan şəhər və kəndlərimizin yenidən daha müasir qaydada qurulması planları artıq hazırdır. Bu günlərdə işğaldan azad olunmuş Ağdamda səfərdə olan Prezident, şəhərin yenidən qurulacaq planını təsdiq etdi. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq etməkdədir. Artıq qardaş Türkiyənin bir çox şirkətləri infrastruktur layihələrin həyata keçirilməsində fəal iştirak edir.

 

Hazırladı: Rüstəm Hacıyev