SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: İsti havalar...

  17261   |  
Şriftin ölçüsü  

Kondisionersiz avtomobillər təhlükə yaradır

 

Biz isti fəsili – yazı və yayı çox böyük səbirsizliklə gözləyirik. Çünki yazın və yayın öz gözəllikləri var və həm də mer-meyvə, bostan-tərəvəz məhsulları daha bol olur, hələ ucuzluğu demirik ha! Çünki qış və payız aylarına nisbətən adını çəkdiyim məhsulların qiyməti isti havalarda iki-üç dəfə ucuz olur. Hələ bu da hamısı deyil. Yay aylarında bizim gün işığına, quma, dəniz suyuna daha çox ehtiyacımız var.

Təbii ki, isti havalarda günəş vannası qəbul etmək sağlamlıq deməkdir, üstəlik də D vitamininin qəbul edilməsidir. İndi də heç kimə sirr deyil ki, koronavirusla mübarizədə D vitamininin aşağı düşməsi immuniteti zəiflədir. Deməli, yayın istisi bizə gözəl imkan yaradır və biz də bu imkandan gen-bol istifadə etməyə üstünlük verməliyik.

Sadaladığım cəhətlər yayın insan həyatı üçün bəxş etdiyi gözəlliklərdir. Amma elə anlar da var ki, havalar isti olanda kondisionersiz avtomobillərdə mənzil başına getmək daha da çətinləşir. Başqa sözlə demiş olsaq, göydən «od yağanda» belə avtomobillərdə əyləşmək və harasa yola düşmək elə də asan deyil. Ən azından ona görə ki, sükan arxasında olan sürücü tıncıxır, sərnişinlər isə istidən çətin vəziyyətə düşürlər. Fəsadlar bununla qurtarsaydı, dərd yarı idi, şükür edərdik. Amma hadisələr və faktlar göstərir ki, isti havalarda kondisioner sistemi olmayan avtomobili idarə etmək ikiqat çətindir. Bu isə o deməkdir ki, sürücü özünün və sərnişinlərin taleyini təhlükə altına atır.

 

Əlbəttə, bu cür avtomobillərdə, məsələn Bakıdan Qazağa gedənə qədər sürücünün nələr çəkdiyini bir Allah bilir, bir də sükan arxasında əyləşən onun özü. Ola bilər ki, avtomobilin salonunda əyləşən sərnişinlər də bu əzabı yaşasınlar. Ümumiyyətlə, yaz və yay aylarında respublikanın avtomobil yollarında sürücülərin sükan arxasında yatması, yuxulaması ağır qəzalarla nəticələnir. Təbii ki, həm ötən il, həm də əvvəlki illərdə bu cür qəzalar baş verib. Demək qəzalar baş verirsə, həmin hadisələr yenidən  təkrarlana bilər.

Heç kimə sirr deyil ki, əksər yük maşınlarında (Kamaz, Kraz, Şadman) kondisioner sistemi yoxdur. Eləcə də Sovet istehsalı olan «Vaz» markalı avtomobillərdə də bu məsələlərdən danışmağa dəyməz. Amma görün hər gün isti havalarda respublikanın avtomobil yollarında nə qədər adını çəkdiyimiz bu avtomobil markalarından, nəqliyyat vasitələrindən var. Aydındır ki, yay vaxtı baş verə biləcək qəzaların qarşısını almaq üçün Baş Dövlət Polis İdarəsinin Yol Patrul Xidməti qabaqlayıcı tədbirlər görür. Ötən illərin təcrübəsi göstərir ki, bu profilaktik işlərin həyata keçirilməsi istər-istəməz sükan arxasında yatan sürücülərin maariflənməsinə və onların mənzil başına sağ-salamat çatmasına böyük kömək göstərib.

Bir faktı qeyd edək ki, Yol Patrul Xidməti Alayının bütün tağımlarında isti havalarla bağlı qabaqlayıcı tədbirlər gerçəkləşdirilir. Belə ki, bütün tağımların stasionar postlarında sürücülərin əl-üzünü yuması və su içməsi üçün əlverişli şərait yaradılıb. Hətta yol polisi əməkdaşları xidmət apararkən çətin vəziyyətdə olan sürücülərə və hərəkət iştirakçılarına stasionar postda həkim gələnə qədər köməklik də göstəriblər. Ötən illərin təcrübəsi həm də onu göstərir ki, bu cür qabaqlayıcı tədbirlər davam etməlidir. Ona görə davam etməlidir ki, kondisioner sistemi olmayan çoxlu sayda nəqliyyat vasitələri var və həmin nəqliyyat vasitələrindən həm respublikanın avtomobil yollarında, həm də Bakı şəhərində istifadə olunur.

Çox təəssüf ki, yol polisi bu cür nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edərək havanın temperaturu müsbət 40 dərəcə olanda yola çıxmamağı tövsiyə etsə də, amma əksər sürücülər bu xəbərdarlıqlara məhəl qoymurlar. Məhəl qoymamaq isə o deməkdir ki, sürücü isti havada sükan arxasında yuxulayır, həm özünü, həm də yanındakı sərnişinin həyatını təhlükəyə atır. Bu isə bir çox halda faciə ilə nəticələnir.

Göründüyü kimi, havalar get-gedə daha da istilənir. Sükan arxasında əyləşən hər bir sürücü kondisioner sisteminin olub-olmamasından asılı olmayaraq diqqətli olmalıdır. Hətta bəzi hallarda kondisioneri olan avtomobilin sürücüsü də sükan arxasında yuxulayır və qəza törədir.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki leytenantı Namidan Piriyev bu məsələlərlə əlaqədar ünvanladığımız suala çox obyektiv və dolğun cavab verərək bildirdi ki, yay mövsümü ilə əlaqədar olaraq yol polisi bütün təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirir. Çünki bir qayda olaraq isti havalarda bütün tağımlarda hərəkətin təhlükəsinin təmin etmək üçün reydlər keçirilir, kobud qayda pozuntularının qarşısı alınması istiqamətində qabaqlayıcı tədbirlər gerçəkləşdirilir.

Namidan Piriyev qeyd etdi ki, sürücülər isti havalarda stasionar postda saxlanılır, onlar əməkdaşlarımız tərəfindən maarifləndirilir və çətin durumda olan hərəkət iştirakçılarına köməklik göstərilir. Yay mövsümü ilə əlaqədar olaraq Yol Patrul Xidməti Alayının bütün tağımlarında hərəkət iştirakçılarının əl-üzünü yuması və sudan istifadə etməsi üçün hər cür şərait yaradılıb. Üstəlik də, yorulan və özünü narahat hiss edən sürücülər nəqliyyat vasitəsini yolun təhlükəsiz yerində saxlayıb, bir qədər dincələ bilər, əl-üzünü soyuq su ilə yuduqdan sonra yenidən sükan arxasında əyləşər. Bütün bu tədbirlərin gerçəkləşdirilməsi sükan arxasında yuxulayan sürücülərin təhlükədən qurtarmasına böyük köməklik göstərir. Deməli, hər bir sürücü daha diqqətli olmalı, isti hava şəraitinə  uyğun çıxış yolu tapmalıdır. Yəni, sürücülər kondisionersiz avtomobilin sükan arxasında əyləşməməlidir.

Göründüyü kimi, havaların isti keçməsi o demək deyildir ki, respublikanın avtomobil yollarında qəzaların sayı artmalıdır. Başqa sözlə demiş olsaq, hər bir sürücü yol hərəkəti qaydalarına əməl etməli, isti havalarda kondisioner sistemi olmayan avtomobillərin sükan arxasına əyləşməməlidir. Bunu isə etmək o qədər də çətin deyil. Sadəcə olaraq hər bir nəqliyyat vasitəsinin sükan arxasında əyləşən sürücü məsuliyyətli olmalı, yol polisinin tövsiyyə və tapşırıqlarını yerinə yetirməlidir. Ki, onu gözləyən təhlükədən çıxış yolu tapsın.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK