SON DƏQİQƏ:

Azərbaycanlı jurnalist Fransa mediasında Şuşa bəyannaməsindən yazdı - FOTO

  22393   |  
Şriftin ölçüsü  

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmans en France” www.musulmansenfrance.fr xəbər portalında “Azərbaycan-Türkiyə: Şuşa bəyannaməsi” (Azerbaidjan-Turquie : la déclaration de Choucha ) və “Turquie-news.com” www.turquienews.fr xəbər portalında “Şuşa bəyannaməsi:Azərbaycan-Türkiyə müttəfiqliyi” (Déclaration de Choucha: l’alliance Azerbaïdjan-Turquie) başlıqlı məqalələri yayımlanıb.

Müəllif bu günlərdə Azərbaycanın tarixi hadisələrə şahidlik etdiyini və 15 iyun tarixində Azərbaycanın tarixi torpağı olan Qarabağın Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalandığını bildirir. Məqalələrdə deyilir ki, qədim Azərbaycan şəhəri olan Şuşada, Qarabağda Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu sənədin imzalanması Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu dünyaya bəyan etdi. Dövlət başçılarınmn bu tarixi sənədi imzalaması iki ölkənin münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilir.

Zeynab Kazımova Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatlarındakı çıxışlarına iqtibas edərək yazır ki, Prezident İlham Əliyev imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamənin əlaqələri ən yüksək zirvəyə qaldırdığını deyib. “Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”,- deyə məqalə müəllifi sitat verir.

Eyni zamanda, jurnalist Türkiyə prezidenti Rəcəb Tayib Erdoğanın fikirlərinə diqqət çəkərək onun bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət etdiyini yazir. Müəllif qeyd edir ki, Türkiyə prezidenti atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yarandığını qeyd edib. “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək”,- deyə müəllif istinadı tamamlayır.

Jurnalist vurğulayır ki, Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışıdır. Hər iki ölkə bundan sonra bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Azərbaycan və Türkiyə bütün region dövlətlərini bu əməkdaşlıq prosesində görmək istəyir. Türkiyə həm bərpa prosesinə, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə vermək niyyətində olduğunu bir daha açıqladı.

Müəllif yazır ki, bu mühüm sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. “Əslində, bundan əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən dövlətlərarası sənədlər, o cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini özündə əks etdirən müqavilələr imzalanıb. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi”, - deyə məqalədə qeyd olunur.

Müəllif Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyadan bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxdıqlarını, tədbir zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edildiyini qeyd edib. Zeynab Kazımova “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülünün birləşərək Azərbaycanla Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirdiyini də vurğulayıb.

Müəllifin sözügedən tarixi sənədin imzalanma mərasiminin ermənilər tərəfindən dağıdılmış binanın fonunda keçirildiyinə diqqəti yönəldir. Həmin dağıdılmış binanın 30 illik işğal dövrü ərzində Ermənistan tərəfindən yerlə-yeksan edilmiş binalardan biri olduğunu yazan jurnalist ermənilərin hər zaman Azərbaycana məxsus tarixi abidələri, Qarabağda Azərbaycan mədəniyyətinə aid maddi-mənəvi sərvətləri dağıtmaqla, milli irsimizi silmək cəhdlərini qabardıb. Qeyd olunur ki, “bu bina Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın evi olub. 30 il ərzində qədim Azərbaycan irsini bölgədən silmək məqsədi ilə ermənilər çox sayda şəhər və kəndləri bu şəkildə məhv ediblər”.

Məqalələrdə o da diqqətə çatdırılır ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması təkcə Azərbaycan-Türkiyə münasibətləri üçün deyil, həm də bölgənin gələcəyi üçün böyük bir hadisədir. “Bu ikitərəfli münasibətlərə dair imzalanmış müxtəlif sənədlərdən irəli gəlir. 16 Avqust 2010-cu il tarixli Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi bu sahədəki ən vacib sənəd hesab edilə bilər və bunun ardınca 15 sentyabr 2010-cu ildə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb. Yeni sənəd mahiyyət etibarilə bu prosesin davamıdır”, - müəllif vurğulayır.

Türkiyənin qısa vaxtda Şuşada Baş konsulluğunun açılacağına toxunan müəllif yazır ki, bu yaxınlarda Türkiyənin Şuşadakı Baş Konsulluğunun açılışı ən vacib məqam olacaq.

Hər iki xəbər portalı məqaləni manşetdə yerləşdirib və sosial şəbəkə hesablarında yayımlayıb.

Hər iki məqalənin linkləri aşağıda:

https://musulmansenfrance.fr/azerbaijdan-turquie-la-declaration-de-choucha/

https://www.turquie-news.com/declaration-de-choucha-l-alliance-azerbaidjan?fbclid=IwAR2rUlvXAfwZ8SBIsWuGdj8sD7QbWIyO6lq2-mYc57SYworv-THL1jPuzvw

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK