adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Qələbəmizə kölgə salmayın! - Emin Piri yazır

Emin Piri
80513 | 2021-07-12 12:57

Çox qəribə təbliğatla üz-üzəyik.  Qəribə dedimsə, bir xalqın zəhmətini, qanını, zəhmət tərini yerə vuracaq təbliğat. Qulağa xoş gəlsə də gələcəkdə mənfi tendensiyalara səbəb olacaq bir gedişlə.

Həm Azərbaycan ordusunun zəhmətini yerə endirəcək, həm də qələbəyə kölgə salacaq. Ermənilərin hər yerdə qaçdığı obrazı... Bu obraz niyə lazımdır, məhz indi də təbliğatı aparılması kimlərə sərf edir?

Bəli, müharibə vaxtı bu əla mexanizm idi və bu cür təbliğat istər daxildə ruh yüksəklikliyinə səbəb olur, istərsə düşməndə psixoloji üsünlük üçün əla vasitə idi. Bəs, indi? Müharibə olmayan vaxtda bu cür təbliğat lazımdırmı? Hansısa şəhid anası deməzmi oğlum necə şəhid oldu?

 Ya bir müharibə iştirakçısı deməzmi kiminlə döyüşürdüm?

Ən azından hərbçilərin çəkdiyi bəzi video epizodları görmüsünüz. Elə XTQ-nin, Həmlə, digər bölmələrin hücum, birbaşa üzbəüz atış kadrlarını da. Elə aviasiyanın da işini də ara-sıra izləmisiniz. Onların düşmən mövqeyində azərbaycanlı oğullarını öldürməkçün qurduğu tələləri də, mövqelərindəki fəaliyyəti də...

Mən hələ düşmən videolarından danışmıram...

Ermənilərin gecə-gündüz demədən mövqelər üzərində uçurtduğu dronlar, onların kadrları vasitəsiylə endirdiyi aviasiya və artilleriya zərbələri...Ya snayper kimi vurduqları minaatan zərbələri?

Erməninin qorxaq, qaçan obraz kimi təsvir etməklə Azərbaycan Ordusunun qəhrəmanlığını kiçiltmiş olurlar. Bəlkə də düşünürlər ki, bununla yaxşı iş görürlər. Amma  bu cür ideoloji xətt aparmaq çox yanlışdır. Əgər bu, bədii yaradıcılığa da bu cür sirayət edəcəksə, biz ədəbiyyatda da uduzacağıq. Elə fimlərdə də, incəsənətdə də, gələcəkdə bizə lazım olan digər təbliğat mexanizmlərində də...
Ermənilər qaça-qaça Azərbaycan öz torpaqlarını azad edirdisə, bəs, onda müharibə niyə 44 gün çəkdi?

Niyə 3 rayonu müqavilə, kapitulyasiya ilə aldıq?

Niyə minlərlə şəhid və yaralılarımız oldu?!

Demək ki, Azərbaycan ordusu döyüşüb. Təbii ki, bəzi mövqelərdə ermənilər mübarizə apara bilməyəcəklərini anlayaraq geri çəkiliblər. Amma xüsusən, Füzuli, Cəbrayıl, Xocavənd cəbhələrindəki vəziyyəti nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu hansı vəziyyətlərdə necə döyüşlərdən keçib. Müharibədən öncəki pafosdan əl çəkməsək bir çox durumlarda uduza bilərik.

Heç nə yox, qəhrəmanlıqlarından ağız dolusu bəhs etdiyimiz, yüzlərlə şəhid verən XTQ-nin zabit, gizirlərini hansı döyüş itkisinə yazaq?
Yadıma düşmüşkən, indi xoş gülüşlə xatırladığım bir qeydimi deyim. İlk gün idi, ermənilər dörd tərəfi minamyot, toplar və.s ilə mərmi atəşinə tutub. Biri rabitə ilə əlaqəyə çıxdı ki, bunlar bizi artileriya ilə vurur, yarızarafatsa bəs, bizi görəndə qaçacaqdılar?

Cavab ardıyca gəldi. Erməni sizə mərmi yerinə çiyələkli çay göndərəcəkdi? Onlar vurur, siz də vurun...

Belə...

TƏQVİM / ARXİV