adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Sizin olsun o evlər, analar, bacılar, əmilər! - Eminquey yazır

EMİNQUEY AKİF
180136 | 2021-07-26 11:27

Gənc kimi mənə heç bir fürsətin tanınmadığı bir ölkədə, mühitdə yaşayıram. Düzdürmü? Gələcəyimi kim təmin edir? Heç kim! Dövlətmi? Xeyr. 27 yaşımda prezident təqaüdü kəsilib. O da ki, 1 illikdir. Və əgər istedadım olmasaydı, özümü tanıda bilməsəydim, çox güman, o da olmayacaqdı. İşimi də istedadım hesabına əldə etmişəm.

Aqil Abbas məni jurnalist olmaya-olmaya işə götürüb. Nə bacarıramsa, yazıram, pozuram, haram pul qazanmıram. Heç elə bir dəhşət qazancım da yoxdur ki, halal-haram dərdi çəkim. Çox qəşəng “maşennik” ola bilərdim, olmadı. Çox yaxşı yaltaq ola bilərdim, olmadım. Çox yaxşı rüşvətxor ola bilərdim, olmadım. Pozğun, nəşəxor, narkoman, zay adamlarla dolu çay evlərində qəlyançılıq edib qaz vurub qazan doldura bilərdim, etmədim. Sözün ətəyindən yapışıb beş-üç manat evimə çörək aparıram. Nə ev dərdindəyəm, nə də mükafat. Heç tutduğum yola, yazdığım yazıya ev-zad da verəsi deyillər. Lap belə nə qədər ehtiyacım olsa da.

Bu boyda prezident iqamətgahının dibindəki Xutorda məni görməyənlər, bu qədər jurnalistin içindəmi görəcəklər?! Bunları niyə yazıram? Üç gündü ev davası gedir. Ev davasını isə yaşlı nəsil aparır. Yenə ağsaqqallıq edirlər. Ev bölüşdürürlər öz yaşıdlarına, tanışlarına, dostlarına. Hələ evə ehtiyacı olan bir gənc jurnalistin adını çəkəni görməmişəm. Ki, bu ölkədə, bu mühitdə həqiqətən də gənclərin bütün maddi dəstəklərə ehtiyacı var. Ən azından Avropa standartları ilə vergi verən, ərzaq alan, ailə saxlayan, amma Avropa standartları ilə 18 yaşında bir quru lüləsi belə olmayan gənclərik.

Heç zad. Sizin olsun o evlər, analar, bacılar, əmilər. Biz gəncik də. Siz demiş, hələ ömür qabaqdadır. Çürüməyə bolluca vaxtımız var...

 

TƏQVİM / ARXİV