Aqil ABBAS: MÜƏLLİMİN VİLAYƏT QULİYEVƏ VERDİYİ DÜŞÜK SUAL 

AQİL ABBAS
71835 | 2021-07-31 10:45

Təhsil Nazirliyi müəllimlərin işə qubulu ilə bağlı test  imtahanı keçirib. Baxıram saytlarda və sosial şəbəkələrdə bəzi suallarla bağlı tənqidlər yazırlar, lağa qoyurlar və  məzələnirlər.

Təhsil Nazirliyi də açıqlama verib və tənqidlərə etirazını bildirib.

Kimin haqlı və ya haqsız olduğu  məni maraqlandırmır, təhsilin səviyyəsi  onsuz da hamıya məlumdur.  Bir az da bərk dursaq, alman  təhsilini  keçərik. Amma  sualları  oxuyandan sonra  xeyli güldüm və yadıma universitet  illərindəki bir hadisə düşdü.

Yüksək ranqlı diplomat,  professor Vilayət Quliyevlə bir oxumuşam. Forslanmaq olmasın, hətta bir  partada otururduq. Beyləqanda adi bir kənd məktəbini bitirən Vilayət elə  ilk gündən yüksək savadı və zəkası ilə hamımızdan fərqlənirdi.

2-ci, ya 3-cü kursda oxuyanda Vilayət üç dildə  sərbəst danışırdı: ingilis, rus və fars dillərində. Əlaçı idi.
Bir gün  Azərbaycan  ədəbiyyatı tarixindən  imtahan  verirdik. Gərək ki, 2-ci kursun yayı idi. Müəllimlərdən birinin Vilayətdən xoşu gəlmirdi, çünki həmişə dərs vaxtı elmi mübahisə zamanı Vilayət həmin müəllimə üstün gəlirdi.  Müəllimin  adını yazmıram, rəhmətə gedib.

Deməli, belə. Vilayət biletə  düşən bütün  suallara  yüksək cavab verdi, müəllim isə ona «əla» yazmaq istəmirdi. Başladı əlavə suallar verməyə. Yenə Vilayət hamısına «5»ə layiq cavab verdi.

Müəllim gördü heç cür  qiymətini  aşağı sala bilmir və onda Təhsil Nazirliyinin  testə saldığı  suallar kimi solaxay bir  sual verdi:

- Mirzə Fətəli Axundov Bakıdan Tiflisə hansı qatarla gedib?

Vilayət Quliyev  dərhal cavab verdi:

- Doqquz yüz beş nömrəli Bakı-Tiflis skorı poyezi ilə, on birinci plaskart vaqon, yer də qırx dörd, ikinci mərtəbə.

Müəllim  çaşıb qaldı,  hirsləndi, qələmi  çırpdı yerə:

- Məni  dolamısan?

- Qətiyyən! İnanmırsız Dəmiryol vağzalına  sorğu göndərin.

Və müəllim  özündən  çıxıb  Vilayətin  imtahan kitabçasına bütün «əla»ların altından «üç», yəni  «kafi»  yazdı ki, gələcəkdə fərqlənmə  diplomu ala bilməsin.

Vilayət güldü:

- Sizi qınamıram ey, özünüzdən  savadlı adam görəndə paxıllıqdan  ürəyiniz partlayır. Nə yazırsınız yazın, mən qiymət üçün oxumuram, özüm üçün oxuyuram.

Dəqiq yadımda deyil, Vilayət sonra şikayət edib  qiymətini düzəltdirdi, yoxsa yox.

Amma həmin müəllim ömrünün  axırınadək elə filologiya elmləri namizədi olaraq  qaldı.

Vilayət isə ən gənc elmlər namizədi, ən gənc elmlər  doktoru və ən gənc professorlardan biri oldu.  Arxasını da özünüz bilirsiniz.

 İndi mən də bir test keçirmək istəyirəm:

  1. Vilayət Quliyevə «kafi» yazan müəllim kimdir?
  2.  Qurbanəli bəyin yaşadığı  məşhur İtqapanlı kəndi Qarabağın hansı rayonuna  aiddir?
  3. Novruzəli poçt qutusuna  məktubu  sağ əliylə saldı, yoxsa sol əliylə?
  4. Mikoyanı nərdtaxtada udan məşhur musiqi tədqiqatçısı kimdir?
  5. «Qurbanəli bəy» hekayəsində naçalnikin itinin adı nə idi?

Bu suallara  doğru cavab verənləri birillik «Ədalət» qəzetinə abunə edəcəyik. Vilayət Quliyev  istisna olmaqla.

TƏQVİM / ARXİV