adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Hədəf qadınlar - Fəridə RƏHİMLİ yazır 

FƏRİDƏ RƏHİMLİ
55223 | 2021-08-13 12:51

Küçədə bir qadın öldürülür, meyitin ətrafına toplananlar: yəqin əxlaqsızmış ona görə gecənin bu saatında çöldəymiş, mini geyinib, milli dəyərlərimizə uyğun deyil. Nə işlə məşğul olduğu məlumdu, gecə çöldə qadın xeylağının nə işi vardı, günah öləndə olur, görəsən kimin yuvasını yıxıb, Allah cəzasını verib... kimi debil mühakimələr yürüdürlər. "Əsas məsələ” müzakirə olunur, qadın kənarda qalır. Qadının öldürülməsinin cinayət olduğu həqiqəti kimsənin umrunda deyil. Qadın niyə o saatda küçədəydi - empati qurmaq zəhmətinə heç kim girmək istəmir, çünki mühakimə etmək ən asan yoldu. Onların haqqını qorumaq üçün küçələrə çıxıb etiraz nümayişi edənlər haqqında isə "aydınlarımız”, "oxumuşlarımız”, "qanun müdafiəçilərimiz” layiqsiz ifadələr işlədirlər.

  Son həftədə neçə qadının əri tərəfindən öldürülməsi xəbəri məni çox üzdü. Normal təfəkkürdə insanların qalmadığı qorxusu bürüyür məni hərdən. Siz evinizdə, qonşuda, qohumlar arasında, iş yerində - hamısını göz önünə gətirib bir fikir ortaya qoyun görək bu insanlardan neçəsi ailədə qadına insan kimi münasibət göstərir, ailənin ortaq sorumluluqlarını anlayır. Qadını uşaq dünyaya gətirən, yemək bişirən, paltar yuyan, həyat yoldaşının istəklərini yerinə yetirən maşın kimi görən cəmiyyətin üzvləriyik. Biri azacıq etiraz edəndə dindən sitat gətirirlər: "Kişi Allahın yerdə kölgəsidir!”. Bəs qadını Allah yaradanda sizə əmanət etmədimi? Cənnəti ananın ayağının altında olduğunu demədimi Yaradan? Təkcə o qadına zülm edən kişinin anasınınmı ayağının altındaymış Cənnət?

  Evinə girərkən üzünü turşutmadan mehibanlıqla salam verən, "Necəsən, canım?” - soruşanlar neçə nəfərdir? Əlində bircə güllə gəlib: Keçərkən bu gülü gördüm, səni xatırladım, deyib könlünü xoş edərək dünyanı ona bağışlayan, "bu gün doğum günündür”, "ilk tanışlıq günümüzdür”, "evləndiyimiz gündür”  və sair deyib, çıxaq çöldə yemək yeyək, bu gün sən hazırlama dincəl deyən, "uşaqlar bütün gün səni yorur, mən onları parka çıxarım, sən işlərini rahat həll et” deyən, dadlı olmasa belə, "əllərinə sağlıq çox dadlı olmuş” deyən, "kömək eləyim birlikdə süfrəni yığışdıraq, çox yoruldun... deyən bir kişiyə rastladınızmı? Təbii ki, bütün gün ağır işlərdə çalışıb evə yorğun gələn həyat yoldaşının bu işləri görməsinə imkan verməz Azərbaycan qadını, amma könlü xoş olar, dəyərli olduğunu anlar. Qadınına "Səni çox sevirəm” deməyi özünə əksiklik bilən, amma kənardakının "qadasını alan” kişi daha normalmı hiss edir özünü?

  Həyatını birlikdə sürdürə bilməyənlərin boşanmağa qərar verib, mehribanlıqla, mədəni surətdə, uşaqların problemlərini ortaq həll emək razılaşmasıyla ayrılan gördünüzmü? Hər iki tərəfi düşmən etmədən, üçüncü-beşinci dərəcə qohumların, bu bizim məsələmizdi, siz qarışmayın deyib burunlarını soxmasını əngəlləyən varmı? Alimenti hər ay məhkəməyə müraciət edilmədən verənlər? Boşandıqdan sonra qadını ilim-ilim izləyib hara gedir, kimlə görüşüb papağımı yerə soxur, deyə düşünən başsızlar? "Namusunu təmizləmək üçün” boşandığı qadını öldürərək həbsxanaya "dik başla girən”, orada əl üstə tutulacağını düşünən xəstə təfəkkürlülər? Boşandıqdan sonra hər işinə qarışıb həyatını zindan edən, zəng edib təhdid edən, "qısa geyindin, dekolte geydin, çox gəzirsən, işləməyəcəksən” kimi əmrlərlə ailə bağı bitmiş qadına özünü hiss etdirmək, həyatının hər nöqtəsində ortada olan məntiqsiz fikirli kəmağıllılar?..

Qadının işləməsi, açıq geyinməsi, kişiyə etiraz etməsi, həyatını istədiyi kimi yaşamaq istəməsi milli dəyərlərimizə uyğun deyil, amma kişinin ailədən kənarda qadın bəsləməsi, evdəkini dəyərsiz sayması, əl qaldırması, istəklərini yerinə gətirməməsi, söyüş söyməsi, "küçüyünün səsini kəs, mən yatmalıyam, sabah işə gedəcəm” kimi məsuliyyətsiz, məntiqsiz, tərbiyəsiz ifadələri... milli dəyərlərə uyğundur eləmi?

Qadınlarımız bütün bunlara niyə səbr edir? Niyə öldürülmək aşamasına qədər dözür? Çünki savadsızdı çoxu, sənət belə öyrənməmişlər. Qorxur ki, boşansa, "gəlinliklə o evə girdin, kəfənlə çıxacaqsan” deyən "dağ kimi” valideynləri arxasında durmayacaq, qadın müdafiə cəmiyyətləri kağız üzərində fəaliyyət göstərir. Dost-tanış öz gündəlik dolanışıqları hayındadır. Ona görə də ərin döyməsinə, söyməsinə boyun əyib, "bəlkə düzələr, bir az dözüm görək nolur” düşüncəsi ilə ömrünü başa vurur. "Kişi” də bunları bildiyi üçün rahatdır. Onların çox qazananda çox qadın saxlamaq kimi haqları cəmiyyətdə birmənalı şəkildə qəbul olunur, amma boşanmış qadının yenidən sevməsi mental sərsəmliklərə uyğun deyil. Nədir mentalitet? Adət-ənənəmi, gələnəkmi, yoxsa yalnız qadın olaraq yaranmışların ayağına bağlanmış buxovmu? Qanun, dinimiz qadına böyük haqlar verib, mentalitet dahamı güclüdür ki, ona daha çox riayət edir bizim cəmiyyət? Yoxsa o, daha çox işlərinə yarayır aşınmış, çürümüş cəmiyyətin? Qadın öz ayaqları üstə dura biləndə, qazananda isə anlayır ki, onun belə kişiyə ehtiyacı yoxmuş! Qadın sevəndəmi xoşbəxt olur, yoxsa karyera qurandamı? Əlbəttə, hər ikisində, ancaq sevdiyi insan onu xəyal qırıqlığına uğradanda karyerası mütləq köməyinə gəlir.

     Qızlarınıza təhsil verin, sənət öyrədin valideynlər! Erkən yaşdan ərə verib, üstünüzdən yük atırmış kimi rahatlamayın! Vicdanınız varsa, rahat olmayacaqsınız! Çünki bu cəmiyyətdə kimsəsiz qız, boşanmış, həyat yoldaşı ölmüş qadın hədəfdi, mişendi, günah keçisidi...   

TƏQVİM / ARXİV