adalet.az header logo
  • Bakı 18°C

Resept 400 manata - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1468 | 2021-09-08 14:35

Artıq dünyanı cənginə götürən COVİD-19 bizim də məmləkətimizdə öz izini qoymaqdadır. Yəni bu xəstəliyin dalğası hər şəhəri, hər rayonu, hər kəndi, hətta hər evi ağzına götürüb. Bu isə o deməkdir ki, koronavirusla biz uzun müddət ya zarafat eləmişik, ya da onun ağırlıq dərəcəsini anlaya bilməmişik. Və düşünmüşük ki, o da qripin bir növüdü, elə ayaq üstə keçirə bilərik. Düzdü, immuniteti güclü olanlar bu xəstəliyi digərləri kimi ağır keçirmirlər. Yəni, ayaq üstə o xəstəliyi «yola verənlər» də var. Ancaq bu o demək deyil ki, 10 milyonluq əhalinin elə hamısı bu xəstəliyi ayaq üstə keçirəcək.

İndi isə vəziyyət bir qədər də qəlizləşib. O qədər qəlizləşib ki, üç-dörd ay bundan əvvələ nisbətən virusa yoluxanların sayı dəfələrlə artıb. Eyni zamanda dünyasını dəyişənlər də çoxalıb. Artıq bir çox insanlar o virusun özündən çox psixoloji gərginliyindən çəkinirlər. Bundan da istifadə edən bəzi həkimlər qaz vurub qazan doldururlar. Çünki sirr deyil ki, bir çoxları bu xəstəliyə qarşı mübarizəni ev şəraitində keçirirlər.

Birincisi, ona görə ki, xəstəxanalara camaatın bir o qədər də inamı yoxdur. El arasında gəzən söz-söhbətə inansaq, xəstəxanalarda diqqətsizlik üzündən ölənlər çoxdur. Bu da istər-istəməz insanlarda müəyyən xof yaradır və onlar bu xəstəliyə qarşı mübarizəni elə evdə aparırlar. Yaxın tanışlardan biri deyir ki, özüm də, həyat yoldaşım da koronavirusa yoluxmuşduq. Müxtəlif adamların vasitəsilə bir tanış həkim tapdıq. O da gəlib evdə bizi müayinə etdi və müalicə yazdı. Dedi ki, mən bir resepti 400 manata yazıram. And-aman elədim ki, mənim özüm də universitetin professoruyam və ziyalıyam. Bir o qədər də imkanım yoxdur. Dedi, yaxşı, onda sizə güzəşt edərəm. İkinizə 400 manat verərsiniz, hər şey qurtarıb gedər. Mən də çıxarıb 400 manatı verdim, resept yazdı və gedib dava-dərman alıb müalicə elədik. Düzdü, sağalmağına sağalmışıq, amma düşünürəm ki, 400 manat elə də az pul deyil. Üstəlik də, yoldaşımla özümün dərmanına 1400 manat pul vermişdik. Onda görün pulu olmayan insanlar hansı çətinlikləri yaşayırlar.

Bugünlərdə xalq artisti Brilyant Dadaşova da koronavirusa yoluxub. O da həkimlərin əlindən lap boğaza yığılıb. Xalq artisti deyir ki, evimizə bir həkim gəlmişdi. Üç vərəqdən ibarət bir resept yazdı. Reseptə baxıb gördüm ki, hamısı ağır antibiotiklərdi. Onları qəbul eləsəm, qaraciyərim, böyrəklərim sıradan çıxacaq. Əsəbləşib həkimi evdən qovdum. Dedim ki, bu cür reseptlə siz camaatın evini yıxırsınız. İndi bir aydı ki, evdə təbii yolla müalicə olunuram. Zoğaldan istifadə edirəm, vitaminlərdən bəhrələnirəm. Vəziyyətim də lap yaxşıdır. Özü də bu xəstəlikdən qorxub-eləmək lazım deyil. Adi qrip kimi bir şeydi. Vitaminləri və eləcə də, vitaminlərlə zəngin mineralları qəbul edirsən, bununla da sağlamlığın bərpa olunur.

Bax, görürsünüz, bəzi vicdanını itirmiş və pula həris olan həkimlər insanların çətin durumundan istifadə edərək onlara qiymət «oxuyur» və lazım oldu-olmadı, uzun, sicilləmə  bir resept yazırlar. Həkimin nə vecinə, pulunu alır, reseptini yazır. O dərmanlardan zülüm çəkən insanlar olur. Sözümüzün canı odur ki, özünüzü  müxtəlif viruslardan və o cümlədən, koronavirusdan qoruyun ki, belə insafsız həkimlərə urcah olub, xəstəlikdən çox maddi sıxıntının əziyyətini çəkməyəsiniz.

TƏQVİM / ARXİV