adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Tolikin gileyi, mənim dərdim, mənim gileyim,  Tolikin dərdi - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2179 | 2021-09-08 19:21

Bayaq sosial şəbəkələrdə “gəzişirdim”. Xəbərlərə baxırdım. Baxdım ki, saytlarda yazılıb ki,  aparıcı-prodüser Tolik (Tarix Əliyev ) Şuşaya gedə bilməməsinə etiraz edib. Həm də sosial media hesabında paylaşım edib:“Biz niyə Şuşaya gedə bilmirik? Kimin tanışı var, hamısı ordadı. Müharibə vaxtı heç bir dəstəyi olmayanlar indi Şuşada poz verir. Bu ayrı-seçkiliklər bizi bezdirdi. Söyülən biz, amma gedib Şuşada gəzən onlar”, - Tolik yazıb.

 İçimdən kürd demiş, “beqafıl”  bir fikir keçdi: “Ay evi tikilmişin oğlu, sənin haqqın “söyülməyinin”  təlafisi üçündü, amma mənim haqqım  bir lapetdi. Bəs, onda mən neyniyim. 

Düz, 9 ay 28 gün, tamı tamına 302 gündür ki,  Qarabağda müharibə bitib. Qələbə də olub. Bu qələbədə haqqı olanlar da olub. Həm də çox.  Qarabağa getməli  olanlarımız da məhz haqqı olanlarımız olmalıydı. Daha dəqiq: qazilərimiz, şəhid oğulların yaxınları, doğmaları, 44 gün bombardmanın altında  qalanlar,   ömrünü- yaradıcılığını, karyerasını Qarabağa həsr edən, qurban verən yazarlar, vətəndaşlar,   müharibə vaxtı boğazından, əynindən kəsib əsgərə sovqat aparanlar, onlara müxtəlif yollarla dəstək verənlər və   haqqı olanların böyük hissəsi də   köçkünlərdi. Sadaladığım hər kəsin haqqıdır ki, getsin o yerləri görsün, ziyarət eləsin.
 Amma o yerlərə tur hazırlayan, siyahını tutarkən məni görməyən eynəkli “əmilər” az sayda haqqı olanlarla bərabər elə haqqı olmayanları Cıdır düzünə, Ağdama, Cəbrayıla, Tuğa apardılar ki, bilmədim hirsimdən- hikkəmdən ağlayım yoxsa, gülüm.. Susdum .. Çünki dünyanın quruluşu belədir... haqqı olan haqqın yanında, haqqı olmayan haqsız isə çin olmuş arzularının içində olar... 

Hər şeyin yaxşısını bilən, Şuşaya da məhz özlərinə sərf edən “yaxşıları” aparan “eynəkli  yekə əmilərə” bir iradımı bildirmək istəyirəm: Düz 30 ildir bütün həyatımı: gəncliyimi, yaradıcılığımı, karyeramı Qarabağa, həsr yox qurban elədiyimi görməzdən gəldiniz!. Bu azmış kimi II qrup Qarabağ əlilinin  həyat yoldaşı olaraq  ora hər ikimizin getmək haqqımıza tüpürdünüz, 44 günlük müharibədə ailəmi-uşağımı ataraq odun-alovun içərisində qaldığımı nəzərə almadınız! Az-maz tanınan, sözünü demiş jurnalist olduğum vecinizə olmadı! 28 ilin köçkünü kimi də o yerlərə getmək haqqımı tapdaladınız! Ümumiyyətlə, nə qədər haqqım vardı, hamısına bir təpik vurub kənara atdınız. Atın! Hökm sizin əlinizdədir! Lap sabah məni cəzalandıra da bilərsiniz! Yenə də deyirəm, hökm əlinizdədir! Amma...
Bir “əmma” var! Tapdaladığınız, təpik vurub kənara atdığınız, tüpürdüyünüz, nəzərə almadığınız, üstündən xətt çəkdiyiniz bütün haqqlarımı bu gündən  Allaha əmanət edirəm!Bu gündən sonra Uca Allahım mənim haqqlarıma görə, sizi sorğulayacaq,  xəbəriniz olsun!


Əminəm!
 

TƏQVİM / ARXİV