adalet.az header logo
  • Bakı 7°C
18 Sentyabr 2021 11:16
1603
ELM VƏ TƏHSİL
A- A+

Məktəb mövsümü və milyonlar qazanan işbazlar

15 sentyabr bilik günü idi. Ötən illərdən fərqli olaraq məlum COVİD 19 virusu səbəbindən bu il bilik günümüzü demək olar ki, keçirmədik. Yoluxma sayının çox olduğundan təhsilimizin baş bilənləri belə məsləhət gördülər ki, yeni tədris ili 22 sentyabrdan start götürsün. Bir qism 22 sentyabrdan digər qism isə 29 sentyabrdan üz tutsunlar təhsil alacaqları ocaqlara. 3-5 gün gecikmə ilə heç zad olası deyil. Əsas odur ki, gənclərimiz, övladlarımız təhsil alsınlar. Elm sahibi olsunlar. Və gələcəyimizi tapşıracağımız bu insanlar vətəninə, dövlətinə layiqli şəxsiyyət kimi formalaşsınlar. Bizim üzərimizə ancaq onların təhsillə bağlı tələbatlarını ödəmək düşür. Onu da birtəhər yoluna qoymağa çalışırıq.

Tələbatdan söz düşmüşkən orta məktəblərə yola salacağımız şagirdlərimiz üçün lazım olan vəsait barədə sizləri məlumatlandırmaq istəyirəm. Daha doğrusu yazıb arxivləşdirirəm ki, gələcəkdə oxuyub bilsinlər ki, bu zamanın valideyinlərinin cibinə hazırki təhsil xərcləri nə qədər girir. İnsafən demək lazımdır ki, dövlətimiz şagirdlərimizi kitabla təmin edir. Bu böyük köməkdi.

Təhsil alacağı təhsil ocağının bəzi məsrəfləri, o cümlədən müəllimlərin təklif etdiyi bəzi tədbirlər və layihələrin xərci, bununla yanaşı şagirdin kitabları çıxmaq şərti ilə digər xərcləri bütünlüklə biz valideyinlərin üzərinə düşür. Bu siyahıya repititor hoqqasını da əlavə etsək daha obyektiv yanaşma olar.

Bu xərclərin rəqəmi barədə gələn yazılarımızda yazarıq. Bugünkü hədəfimiz sırf şagirdin çantası , onun içini doldurduğumuz məktəb ləvazimatları və geyimini qeyd edəcəyik.

Valideyinin borcudur ki, övladına təhsil versin və onun bütün məsrəflərini qarşılasın. Qarşılayaq da.

Bakı tikiş evində əldə etdiyimiz rəqəmlərə görə 1-6-cı siniflər üçün 26-44 ölçüdə forma 40 manat, 7-11-ci siniflər üçün 32-54 ölçülü formalar isə 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır. Eynilə, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manatdır. Köynək və jiletlər 8 manatdır.

Övladınızı yeni tədris ilində məktəbə yeni ayaqqabı ilə yola salmaq istəsəniz bu sizin aldığınız malın firma seçimindən asılıdır. Qiymətlər bu üstünlüklə dəyişir. Ümumi götürsək 30-60 manat.

Təhsil proqramı çərçivəsində tədris olunacaq fənlər üzrə nəzərdə tutlmuş kitabların mənimsənilməsi üçün iş dəftərləri 1,50-dən başlayır. Maksimal qiyməti isə 8 manat civarındadır. Satış mərkəzlərində məktəbli çantası isə firmalarından asılı olaraq 10 manatdan 200 manatadək təklif olunur. Ən vacibi-gündəlik 3 manatdır. Ümumilikdə bir şagird çantasını lazım olan məktəb ləvazimatları ilə təmin etmək üçün təxminən 60 manat vəsait tələb olunur.

Ümumi hüsablarıma görə, bir şagirdin məktəbə hazırlıq prosesində xərclənən vəsait təxminən 150-250 manat ətrafında dəyişir.

Əgər məktəbə bir övladınızı yola salırsınızsa bu rəqəmi dilə gətirməmək olar. Əgər iki və daha artıq şagirdin xərcini çəkirsinizsə bu rəqəm kifayət qədər böyükdür.

Günahkar isə işbazlarımızdır. Məktəb mövsümündə milyonlar qazanan işbazlar. Onları isə biz varlandırırq. Və biz buna məcburuq. Çünki işbazların oyunun oyunçusuyuq.

 

Nicat Novruzoğlu