Deməli, baxıram son zamanlar Üzeyir bəyin soyadı müzakirə mövzusu olub və ziyalılar da iki yerə bölünüb. Bir yarısı deyir Hacıbəyov olmalıdır, digər yarısı da deyir ki, Hacıbəyli.
Üzeyir bəy yazılarının, ümumiyyətlə, əsərlərinin altında «Hacıbəyov» imzası qoyurdu. Bunu həmin zaman tələb edirdi. Həm inqilabdan əvvəl Rusiyanın, həm də inqilabdan sonra Sovet hökumətinin tələbi görünür belə olub. Üzeyir bəy bəy oğlu bəy olub, hələ soyadında «bəy» sözünü saxlamaq, xüsusilə inqilabdan sonra, böyük cəsarət tələb edirdi. Və Üzeyir bəy elə bir şəxsiyyətdir ki və elə bir zirvədir ki, onun soyadının «bəyov», yaxud «bəyli» olması heç nəyi dəyişmir.
Rəhmətlik Abbas əmi (Abbas Abdulla) deyirdi ki, Hacalovlar da (Abbas əminin familiyası Hacalov idi və Gürcüstanda igid kişilərdən olmuş Qaçaq Acalın nəslindən idi) Hacıbəyovlarla bir nəsildəndirlər. Və əslində soyadları Hacıbəyovdur. Amma Gürcüstanda sənədləşmə gedəndə Hacıbəydən «bəyi» yazmayıblar və rus gilində «h» hərfi olmadığından «h»nı yazmayıblar və kəsəsi, Acalov yazıblar. Bunu elə bir xatirə kimi yazdım.
Bir məsələ də var. Əgər Hacıbəyovun familiyasını milliləşdiririksə, onda gərək Mirzə Fətəli Axundovu da «Axundlu», Əbdürrəhim bəy Haqverdiyevi «Haqverdili» və ya «Haqverdibəyov», Nəcəf bəy Vəzirovu «Vəzirli», Kərim bəy Mehmandarovu «Mehmandarlı» və sair və ilaxır yazaq.
Və sonda. Mən mübahisəyə qarışmaq istəmirəm, yetim oğlanam. Amma onu bilirəm ki, bütün dünya Üzeyir bəyi Hacıbəyov kimi tanıyır.
«Leyli Məcnun» operasının ilk tamaşasının afişasını da dərc edirik, orda da «Hacıbəyov» yazılıb.
P.S. Xeyrəddin Qoca, sən də çox dərinə getmə ey, qoy nə təhər məsləhətdi, elə olsun.