adalet.az header logo
  • Bakı 7°C
18 Sentyabr 2021 14:41
1266
ANALİZ
A- A+

Firəngiz Əlizadə: “Əgər qonorarını verməyəcəkdisə Mədəniyyət Nazirliyi Firudin Allahverdinin əsərini niyə qəbul edirdi?”

Bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. 1885-ci ilin bu günündə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli anadan olub. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərdi. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki – Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu

1995-ci ildə isə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Milli Musiqi Günü dahi Ü.Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
Amma bir məsələ var ki, bir zamanlar Azərbaycan mədəniyyətinə dünyada bpyük şöhrət gətirən bəstəkarlıq məktəbi durğunluq dövrünü yaşayır. Bu durğunluq əsasən iri həcmli musiqi əsərləri ilə bağlıdır. Bütün Şərqdə ilk opera yazmaqla tarixə düşən Azərbaycan bəstəkarları bu gün nədənsə operaya, baletə və digər səhnə əsəsrlərinə maraq göstərmirlər. Bu işdə dolayısı ilə Mədəniyyət Nazirliyinin də günahı var. Bunu biz yox bəstəkarlar deyirlər.

“Bəstəkarlarımız niyə iri həcmli musiqi əsərlərinə meylli deyil?” sualımızı cavablandıran bəstəkar Firudun Allahverdi bildirdi ki, bu sual çoxdandır cəmiyyətimizi, xüsusilə də onun mədəni kəsimini düşündürür.

“İstərdim ki, şəxsi təcrübəmdən gəldiyim nəticələrə əsasən bunun səbəblərindən biri - bəlkə də ən mühümü barədə fikirlərimi bölüşüm.

2016-cı ilin baharında Dövlət Musiqili Teatrında “Baladadaşın Toy Hamamı” adlı müziklım səhnəyə qoyuldu. Pandemiyaya görə teatrların bağlandığı ana qədər - 4 il boyunca bu tamaşa demək olar ki, hər ay (!) oynanıldı.

Həmin ilin sonunda məni Mədəniyyət Nazirliyinə dəvət edib, imzalamağım üçün honorarla bağlı sənəd təqdim etdilər. Baxdım ki, sənəddə göstərilən məbləğ Nazirlər Kabinetinin müvafiq qərarında bu formalı əsərlər üçün göstərdiyi məbləğin (10 000 AZN) düz yarısıdır. Səbəbini soruşduqda mənə dedilər ki, “orada göstərilən - maksimal məbləğdir: yaşlılar, canlı korifeylər üçün nəzərdə tutulub, sən isə cavan oğlansan, ona görə də sənə yarısını təqdim edirik.” Mən bundan imtina edib, bunu ayrı-seçkilik hesab etdiyimi dedim. Cavabları bu oldu ki, “Budur... Nə etsən də, hara yazsan da xeyri olmayacaq.”

Qısa araşdırmadan sonra məlum oldu ki, əvvəla mənə banal surətdə təhrif olunmuş məlumat deyilib - Nazirlər Kabinetinin qərarındakı mətndə bu məbləğ maksimal yox, minimal (!) olaraq göstərilib, ikincisi, sən demə əvvəllər elə yaşlı və canlı korifey adlandıra biləcəyimiz bəstəkarlar da məhz bu tipli iri həcmli əsərlərin honorarını almaq istərkən eyni problemlə üzləşiblər.

Prezident və I Vitse-Prezidentə ünvanladığım məktublar yenidən Mədəniyyət Nazirliyinə göndərildi. Mədəniyyət Nazirliyi yenidən məni dəvət etdi, amma bu dəfə musiqişünaslıq elmindəki yeni "kəşfləri" ilə məni tanış etmək üçün: sən demə mənim əsərim müzikl janrına uyğun deyilmiş. Ona görə mənə Nazirlər Kabinetinin göstərdiyi məbləğin yarısını təqdim edirlər. Yenə etiraz etdim.

Bu formada əsər üçün (sonuncu dəfə 2006-cı ildə yenilənən cədvəldə göstərilən) 10000 AZN belə az qiymətdir. Bu əsərdə mən “minusovka”dan istifadə etməmişəm, rahatlığa qaçmamışam, ən klassik formada, 40-50 nəfər orkestr, 20-30 nəfərlik xor, solistlər və digər iştirakçıların - aşağı-yuxarı 100 nəfərin sinxron fəaliyyətini nəzərdə tutan, yüzlərlə səhifəlik klavir və partitur yazmışam. Yəni “xaltura”ya qaçmamışam. Və bu da mənim zəhmətimə verilən dəyər.

Məsələ tək məndə deyil; yuxarıda da qeyd etdiyim kimi, bəstəkarlara, xüsusilə də iri həcmli musiqi yazanlara honorarların ixtisarla verilməsi Mədəniyyət Nazirliyinin uzun illərdir ki, vərdişinə çevrilib. Bəlkə də bu, ötən əsrin təlatümlü, kasıbçılıqla keçən son oniliiyindən qalan travmanın qalıqlarıdı? Bilmirəm. Amma onu bilirəm ki, bu, ölkə mədəniyyətinə çox böyük fəsad gətirir: iri həcmli musiqi əsərləri yazmaq istəyənlər digər həmkarlarının əməyinə göstərilən münasibətdən öz hesabını götürür və anındaca həvəsdən düşür. Nəticədə kiçik formalı janrlara, məsələn mahnıya, hətta ara mahnıları yazmağa meyllənir. Çox tragikomik vəziyyətdir: bəyəm iri formalı əsər yazan bəstəkar ölkəmizdə o qədərmi çoxdur ki, onlara 10000 kimi bu işin yanında gülünc görünən məbləğ rəva görülmür?

Ötən ilin sonu, bu ilin əvvəllərində Mədəniyyət Nazirliyinda baş tutan yeniliklərdən sonra, bu məsələdən demək olar ki, təsadüfən xəbər tutan məsul şəxs mənə dedi ki, bu işə yenidən baxılacaq. Sözün düzü, mənim üçün artıq fərqi yox idi. Çünki mənim nəzərimdə artıq bu çoxdan mənim problemim olmaqdan çıxıb, onların problem(liliy)i kimi görünür. Bu yayın əvvəli xəbər etdilər ki, əsəri ekspertlərə göndərmişik, onlar rəy verəcək. Üstündən bir müddət keçdikdən sonra Bəstəkarlar İttifaqından mənə bildirdilər ki, onlar bu əsər barədə “Müzikldır” rəyi verib. Nəhayət lap bu yaxınlarda Mədəniyyət Nazirliyindən yenidən mənimlə əlaqə saxlayıb, yenidən öz köhnə təkliflərini təkrar etdilər. Yeri gəlmişkən, Bəstəkarlar İttifaqının əsər barədə müsbət rəy verməsini təsdiq etsələr də, bu rəy ilə razılaşmadıqlarını bildirdilər. Mən də cavab olaraq öz növbəmdə onlarla razılaşmadığımı bildirdim. Beləcə, söhbət yenidən bağlandı.

Ortalığa bir neçə sual çıxır:

Əgər bu əsər "janrın tələblərinə uyğun gəlmirdisə" niyə mənə ilk dəfədən bu deyilmədi, yalnız yuxarı instansiyalara müraciət edəndən sonra yada düşdü?

Əgər 4 il dayanmadan səhnədə müzikl kimi gedərək özünü sübut edən bu əsərə həm tamaşaçılar müzikl kimi baxıb, həm də Bəstəkar İttifaqı kimi mötəbər təşkilat "müzikldır" deyirsə, Mədəniyyət Nazirliyi hansı kriteriyalara əsasən "müzikl deyil" hökmü çıxarır? Mən hazıram, Azərbaycan musiqi tarixinin ən klassik müzikl-operettalarının notlarını qoyaq qabağımıza, baxaq görək onlarda bu janra xas nə var ki, mənim əsərimdə yoxdur? Qorxuram ki, Mədəniyyət Nazirliyi onlar barədə də "janrın tələblərinə cavab vermir" diaqnozu qoysun.

Yekunda bur daha qeyd etmək istəyirəm ki, Mədəniyyət Nazirliyinin artıq onillərdir davam edən bu "siyasəti" bəstəkarları iri həcmli əsərlər barədə düşünməkdən çəkindirir və nəticə olaraq təəssüf ki, Azərbaycan bəstəkarlıq məktəbinə travmatik zərbə vurur”.

İndiyədək belə bir təcrübə vardı ki, Mədəniyyət Nazirliyinə təqdim olunan musiqi əsərləri Bəstəkarlar İttifaqının rəyi əsasında qəbul edilib satın alınırdı. Həmçinin Mədəniyyət nazirliyi, həmçinin onun tabeliyində olan teatrlar da hansısa bəstəkara əsər sifariş verəndə o da Azərbaycan Bəstəkarlar İttifaqının verdiyi rəyin əsasında qəbul olunur. Firudin Allahverdinin “Baladadaşın Toy Hamamı” əsəsri Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətində dinlənilib haqqında müsbət rəy verilib. Bu barədə “Adalet.az”-a ABİ-nin səiri xalq artisti Firəngiz Əlizadə dedi:

“Mədəniyyət Nazirliyi Firudin Allahverdinin əsərinin partiturasını bizə yolladı. Biz əsəri İdarə Heyətində dinlədik. Sonra 5 səhifədən ibarət cavab yazdıq və bu rəyi məktubla Mədəniyyət Nazirliyinə yolladıq.”

Öz açıqlamasından gileyini də gizləməyən F.Əlizadə Mədəniyyət Nazirliyinin keçmiş mənsublarını da yaddan çıxarmadı.“Bu əsərin tamaçasına o vaxt nazir Əbülfəs Qarayev İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynovu göndərmişdi.  O da tamaşaya baxanda sonra nazirə deyib ki, musiqisi bəsitdir, əsərdəki mahnılar çox zəifdir və buna yüksək qonorar düşmür. Əslində bu məsələni dəqiq  cavabını İsmayıl Hüseynov bilir. Bizdə olan məlumat budur.”

“Əgər Bəstəkarlar İttifaqı musiqi əsərlərinə peşəkar rəy verən yeganə qurumdursa niyə Mədəniyyət nazirliyi özü əsərə qiymət verir?” sualına isə xalq artistinin cavabı belə oldu:

“Biz bu əsəri nə sifariş vermişik, nə də də xəbərimiz var. Bu əsəri Musiqili Teatr özü sifariş verib, özü qəbul edib. Azərbaycan Bəstəkarlar İttifaqının hansısa əsəri sifariş etməyə imkanı yoxdur. Mədəniyyət Nazirliyi də artıq Azərbaycan Bəstəkarlar İttifaqının rəyinə fikir vermir. Formallıq xatirinə bizdən rəy alsalar da, onu heç vaxt nəzərə almırlar. Süleyman Ələsgərovdan tutmuş üzü bəri bu spkidə Musiqili Teatr üçün bir çox bəstəkarlarımız əsərlər yazıblar. Onlarla müqayisədə Firudin Allahverdinin əsəri daha müasirdir. Musiqili Teatr üçün qəliz partitura lazım deyil. O teatrın orkestrinin elə imkanı da yoxdur. Biz bilirik ki, tam mükəmməl musiqi əsəri olmasa da, Musiqili Teatr üçün yazılan əsərlərdən geri qalmır. Nə onlardan pis, nə də elə bir yüksək səviyyədə deyil, elə o teatr üçün kifayət edir. Əgər qonorarını verməyəcəkdisə Mədəniyyət Nazirliyi və Musiqili Teatr nə üçün Firudin Allahverdinin əsərini qəbul edirdi? Deməli, həm teatrı, həm də rejissoru qane edib ki, əsər səhnəyə qoyulub və neçə il də nümayiş etdirirlib...”

Sözü gedən məsələyə Dövlət Musiqili Teatrın direktoru Əliqismət Lalayevin də münasibətini öyrəndik. Firudin Allahverdinin  “Baladadaşın Toy Hamamı” müziklinin 5 il əvvəl səhnəyə qoyukduöunu deyən direktor bildirdi ki, pandemiya dövrünə qədər bu tamaşa teatrın repertuarında olub və həmişə də anşlaqla baxılıb.

" “Baladadaşın Toy Hamamı” tamaşasını teatrımızın tamaşaçıları çox bəyəniblər. Düşünürəm ki, Mədəniyyət Nazirliyi mütləq bəstəkarla razılığa gəlib, onun qonorarını lazımi məbləğdə verməlidir. İnanıram ki, yaxın günlərdə bu məsələ həllini tapacaq".

İltifat HACIXANOĞLU

Digər Xəbərlər