adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 16:36
2484
MƏMLƏKƏT
A- A+

Şəhid Ruslan İmanquliyevin anası  vəfat etdi: Koronavirusdan...

Sosial şəbəkələrdə şəhid anasının vəfatı ilə bağlı xəbərlər dolaşmaqdadır.

Adalet.az xəbər verir ki, Şəhid Ruslan İmanquliyevin anası Ramiyə Səfərova bu gün koronavirusdan vəfat edib.


Ruslan İmanquliyev 1996-ci il 14 martda Sumqayıt şəhərində anadan olub. Anası yeganə övladı olan Ruslanı tək başına, atasından heç bir dəstək olmadan böyüdüb. O, Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olub. Oranı “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirib.


2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edib. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına qayıtmağa sövq edib. Ruslan İmanquliyev Pirəkəşkül qəsəbəsindəki N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayıb. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib.

 


2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk günündən düşmənlə qarşı-qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşub. 2 oktyabrda Füzuli istiqamətində gedən ağır döyüşlərdə həlak olub. 3 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
 Bir neçə gün əvvəl, daha dəqiq 16 sentyabrda Müsavat.com saytı belə bir xəbər paylaşmışdı: "Şəhid Ruslan İmanquliyevin anası Ramiyə Səfərova 10 günə yaxındır COVİD-19 virusuna yoluxub. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 8 ünvanında yaşayan Ramiyə xanımın sağlıq durumu ağırlaşsa da ona hər hansı əlaqədar orqanlardan yardım edilmir.
Qohumlarının verdiyi məlumata görə, Təcili Yardıma, “Yaşat” fonduna edilən zənglərə heç bir cavab ala bilmirlər. Hazırda şəhid anasının remdesivir preparatına və oksigen balonuna kəskin ehtiyacı var".

Şəhidimizə də onun qoruya bilmədiyimiz anasına da Allahdan rəhmət diləyirik!

 

P,S. Oğlu Vətənə qurban getdi, ana isə bizim laqeydliyimizə, səhiyyənin yoxluğuna...

 Əntiqə Rəşid