FÜZULİ GÜNLƏRİ... - Emin Piri yazır

Emin Piri
15362 | 2021-10-17 12:56

Müharibə dedikdə yadıma ilk olaraq Füzuli-Cəbrayıl cəbhəsi düşür. Füzuli dedikdəsə Kürdlər, Dördçinar və.s istiqamətlər...
 

Bu kəndlərin qarşısında düşmən önündə müəyyən yüksəklik-təpələrin bəzisində bizim batalyon yerləşib. Təbii ki, qarşılıq olaraq düşmənin artileriya hücumları başlayır. Həm orda qalmağa imkan verməmək, həm də geri oturtmaqçün toplardan və minaatanlardan mərmi yağmuru. Dərinliyi dizdən olan, ot basmış səngərə yerləşirəm heyətimizlə. Qazılma istiqaməti və.s aydın hiss olunur ki, bu səngər 1-ci Qarabağ savaşından qalmadır. Allah bilir, orada birinci savaşda kimlərimiz şəhid olub. İndi onların övladları idi o səngərdə olanlar. Bu qədər mərmi yağmuru və itkimiz hələ yoxdu. Hələki bəxtimiz gətirir. Bəlkə o səngərdəkilər ruhu, birinci Qarabağ savaşında orda şəhid olanların ruhu idi bizi qoruyan?!
Bir neçə dəqiqə sonra sonra sağ istiqamətimizdə yerləşən bölükdən artileriya atışlarından sonra bir zabitimiz və iki əsgərimiz yaralanır. Səhv etmirəmsə, baş leytenant Əmrahov sağ əlinin barmaqlarını itirir. Bir əsgər boğazından, digərisə bədəndən yaralanır. Digər bölmələrin də köməkliyi ilə yaralılar oradan aparılır. 


Bunun ardınca bizim ordunun şiddətli əks artileriya hücumu, atışları başlayır. Toplardan və.s  Bir neçə partlayışsa raket atıldığının bariz nümunəsi idi. Həm təhlükə, həm də bu raket partlayışlarına olan marağımı öldürə bilmirəm. Bu nədir, bu nə partlayışlardır belə...Torpağın bağrı yarılır sanki.

Bu atışlardan sonra düşmənin artileriya atışları səngiyir, sonrasa tam dayanır. Gecəyə yaxın bizə məlumat verilir:Gecə "qonaqlarımız" olacaq. Heç bir halda qarşı tərəfə, hərəkətliliyə atəş açmayın. Bildiyiniz, yəni bizim ordu, XTQ və digər bölmələr gecəylə hücuma keçəcək...

...Qısa müddət ərzində o kəndlər, qarşısı və digər istiqamətlər düşməndən tam təmizlənir.
Həmin kəndlər haqqında və.s öncələr daha geniş yazmışam və mediada dərc olunub. Həmin kəndlərdə sonrakı günlər batalyonumuz 20-yə yaxın yaralı və 4 şəhid verir...
Bir yaşınız mübarək, əziz füzulilər!

P.S. Şəkil həmin kəndlər və qarşısı təmizləndikdən sonra çəkilib. İndi orda nəfəskəsici günlərdən sonra 2-3gün dincəlmək olardı...

TƏQVİM / ARXİV