adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Dekabr 2014 13:30
48289
RUBRİKA
A- A+

Yeni il "Ədalət"lə

Yeni ilə necə hazırlaşmalı?!

Bütün bayramlara əsaslı təmizlik işləri ilə başlanılır. Xüsusilə də yeni ilə - ili təmiz qarşılamaq əsas şərtlərdəndir. Şərt deyərkən, bu, qanun şəklində heç kəsin qarşısına qoyulmur. Sadəcə, bunu etməklə öz nikbinliyimizi təmin edib, ilə xoş əhval-ruhiyyəylə başlaya bilərik. Çalışın evdə təmizlənməmiş bir künc, əşya belə qalmasın. Bir sözlə köhnə ilin bütün çirk-pasına və toza bələnmiş xatirələrinə süpürgə çəkin. İmkan daxilində əşyaları yeniləyin. Yox, italyanlar kimi köhnələri pəncərədən aşağı tullamayın: əhalinin gur vaxtına düşə bilər və buna görə məsuliyyətə cəlb oluna bilərsiniz. Üstəlik, hər köhnəlik özündə pis xatirələr daşımır, hər yenilik də yaxşılıq aşılamır. Bəzi əşyalar illərdir bizimlə "dostluq” edir. Dost isə sədaqəti sevər. Sadəcə olaraq, evinizə istifadəyə yararlı, daha praktiki yeni əşyaları daxil etməklə, həm işinizi yüngülləşdirmiş olarsınız, həm yenilik olar, həm də gözünüz-könlünüz açılar.

Rəng seçimində isə çalışın, yaşıl, mavi, göy, firuzəyi rənglərə üstünlük verəsiniz. Çünki yeni il mavi (yaşıl) keçi ilidir. Bu rənglərdən seçməklə, yeni ilə uğurla uyğunlaşa bilərsiniz. Köklü dəyişiklik etmək istəmirsinizsə, ən azından, pərdələr, yastıqlar, bəzi aksessuarlar bu rəngdə ola bilər. Çalışın parlaq – qırmızının çalarlarında olan rənglərdən istifadə etməyəsiniz: keçinin tərsliyi tuta bilər.     

Əl işləri – evdə hazırlanmış toxumalar, oyuncaqlar, qutular həmişə diqqətçəkən olsalar da, bu il onlara xüsusi ehtiyac olacaq. Çünki bu qış toxumalar dəbdədir. Buna görə masaüstü dantellər, divan və kreslolar, ayaqaltı üçün kiçik toxunma örtüklər hazırlaya bilərsiniz, bu sizə həm də soyuq qış günlərində sobanın kənarında yaxşı məşğuliyyət ola bilər. Nəzərə alaq ki, keçi ili yaradıcılıq ili kimi dəyərləndirilir.


  

Ev aksessuarlarını çalışın taxtadan seçəsiniz. Çünki mavi keçi taxtadandır. Bundan başqa kağızdan, gildən olan fiqurlar da yerinə düşər.

Keçək yolkanın bəzədilməsinə. Yeni ili bunsuz qarşılayarlarmı?! Bu bayram üçün qətiyyən rəngli yolkalar seçməyin. Təbii rəngində - yaşıl, xəfif süni qarla örtülü yolkalar alın. Oyuncaqlar isə bu il tamamilə fərqli olacaq – çünki şəffaf şüşə, hətta işində maraqlı, xırda bəzəklər olan və üzəri toxumalarla qapadılmış oyuncaqlar dəbdədir. Bunları özünüz də vaxt tapan kimi düzəldə bilərsiniz: toxunma parçalarınızla köhnə oyuncaqların da üzərini örtər, beləliklə yenilik etmiş olarsınız. Amma çox şişirtmələrə də ehtiyac yoxdur. Ümumiyyətlə, keçi təmtəraqdan uzaq olduğu üçün interyerdə, süfrədə çox dəbdəbəyə yer verməyin.

  

Süfrə demişkən,  yeni il masasında qoyun və keçi ətindən və ya pendirindən istifadə etməyin: il sahibinə hörmətsizlik olmasın. Ət yeməklərini az edin, tərəvəz salatlarına, toyuq və balığa üstünlük verin. Spirtli içkilər az olsa yaxşıdır, çünki keçi sakit heyvandır, amma "şıllaqlamağa” başlayanda vay halınıza! Az spirtli şampan və ya kokteylləri çıxmaq şərtilə! Süfrənin əsas bəzəyi evdə hazırlanmış kompotlar, meyvə şirələri olsa, daha yaxşı olar. Ev şirniyyatları da keçinin ürəyincə olar. Süfrə bəzəyində də yuxarıda qeyd olunan rənglər, illə həmahəng olar.


 

Ümumiyyətlə, keçi ev heyvanı olduğu üçün "ocaq” anlayışı onunçün doğmadır. Yəni çalışın bu ili, öz evinizdə bütün ailə üzvləriniz və yaxın qohumlarınızla keçirəsiniz. Bunu qərb mütəxəssisləri də məsləhət görürlər. Hətta belə deyirlər: bu il şərq ənənələrinə üstünlük verin, yəni bayram süfrənizdə ailənizi başınıza yığın. Evdən kənar əyləncələri, yeni il qaçamaqlığını, "sol” tanışlığı və dostları başqa illərə saxlayın. Çox hay-küy, həddindən artıq rəqslərə də ehtiyac yoxdur. Hər halda, "süfrədən sonra televizor qarşısında tum çırtlayın" da demirik, sadəcə, balansı qoruyun. Axşam qar yağarsa, ailəliklə həyətdə qartopu da oynaya bilərsiniz.     

Ardı var... 

Əvvəli bu linkdə -

http://www.adalet.az/w53724/Yeni_il_%22%C6%8Fdal%C9%99t%22l%C9%99/

Şəfiqə Şəfa