SON DƏQİQƏ:

"Fəxri kürsü"də İlham Zəkiyev: "Olimpiya və altıqat dünya çempionu mübarizə təklifimdən imtina etdi"

  57224   |  
Şriftin ölçüsü  

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının ilk qonağı ikiqat paralimpiya, ikiqat dünya və beşqat Avropa çempionu İlham Zəkiyevdir. O, Əməkdar idman ustası, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl Çinar" mükafatları laureatıdır.





"Yalnız idmançılar bilər ki, 3 Olimpiya oyunlarında formada qalmaq nə deməkdir"


-İlham bəy, necəsiniz?

-Əlhəmdülillah.


-Qarşıdan gələn I Avropa yay Olimpiya Oyunlarına necə hazırlaşırsınız?

-Paralimpiya cüdosu Avropa Olimpiya Oyunlarının proqramına müstəsna hal kimi əlavə olundu. Cəmi 2 çəki salındı ki, birində də mən çıxış edəcəm. Ciddi hazırlaşıram.


-Qalibiyyətə iddialısınız?

-Yarış asan olmayacaq. Bu turnirə dünyanın ən reytinqli idmançılarını dəvət edibər. Ancaq mənə stimul verən doğma divarlar amili var. Çalışacam bundan maksimum yararlanım. Kənar amillər- zədə və ya hər hansı ciddi problem törədəcək səbəb olmasa qələbə üçün güləşəcəm. Allah bütün Azərbaycan idmançılarını zədədən qorusun.


-2004-cü il Afina və 2008-ci il Pekin Paralimpiya oyunlarının qalibi oldunuz, ancaq 2012-ci ildə bürünclə kifayətləndiniz. Londonda qələbə qazanmaq üçün nə çatmadı ?

-Mən Londona zədə ilə yollanmışdım. Biləyimdə və dizimdə zədə var idi. İlk görüşdə Rusiya cüdoçusunu tam üstünlüklə məğlub etdim. Növbəti görüşdə yaponiyalı Masaki Kento ilə qarşılaşdım ki, o da çəkinin əsas favoritlərindən hesab olunurdu. Mən ondan nə texniki, nə də fiziki cəhətdən zəif deyildim, sadəcə bir məqam var idi ki, onun görməsində problem yox idi, komissiyanı necə keçmişdi, bu hələ də mənə qaranlıq qalır. Məğlub olsam da ruhdan düşmədim. Təsəlliverici görüşdə kanadalı idmançını ipponla məğlub etdikdən sonra bürünc medal qarşılaşmasında Braziliya təmsilçisini üstələyərək üçüncü yerə layiq görüldüm.


-Bildiyimiz qədər Paralimpiya Oyunlarında yalnız görməsində problem olan cüdoçular çıxış etməlidir. Bununla bağlı Azərbaycan Paralimpiya Komitəsi etiraz bildirdi?

-Etiraz bildirilsəydi belə, heç nə dəyişməyəcəkdi. Qeyd edim ki, paralimpiya qaydalarına əsasən cüdo yarışlarında üç kateqoriya mövcüddur; B-1 mənim kimi heç görməyən, B -2 zəif görən, B-3 bir az normal görən. Bu üç kateqoriyanın hər birinə mənsub idmançılar birlikdə çıxış edir. Xalqımız öyrəşib ki, məni həmişə qalib görsün. Bizim idmançılar dünya, Avropa çempionatları və Olimpiya oyunlarından bürünc medalla dönəndə mən zəng edib, onları təbrik edirəm. Ancaq mən bürünclə qayıdanda hər kəs ürək-dirək verirdi, deyirdilər eybi yox, İlham, üzülmə. Mən isə deyirdim ki, uduzmamışam, bürünc medal qazanmışam. Yalnız idmançılar bilər ki, 3 olimpiya oyunlarında formada qalmaq, nəticə vermək nə deməkdir.


-Rio de Janeyroda üçüncü çempionluğu qazanmağı hədəfləmisiniz?

-Çalışacam. Asan olmayacaq. Çünki ildən-ilə rəqabət artır. Rəqiblər çoxalır. Ancaq hər dəfə olduğu kimi Braziliyada da maksimum nəticə üçün güləşəcəm.


-Avropa Oyunlarında rəqibləriniz müəyyənləşib?

-Bəli, artıq siyahı göndərilib.


-Çəkindiyiniz bir idmançı var?

-Dünya Azərbaycan idmançılarından çəkinir(gülür). Mənim çəkindiyim idmançı yoxdur. 50 faizini tanıyıram, ayrı-ayrı turnirlərdə onlarla qarşılaşmışam.


-Son dünya çempionatında cüdo yığmamız medalsız qaldı. Ümumiyyətlə olimpiya cüdosunda qeyri-stabillik hiss olunur. Bu nə ilə əlaqədardır?

-Hər hansı ciddi problem görmürəm. Uşaqlar əllərindən gələni etdilər. İdmanda belə hallar olur, hər dəfə qələbə qazanmaq mümkün deyil ki. Hər zaman Azərbaycan idmançılarına qarşı haqsızlıqlar olur. Son Avropa çempionatında bu haqsızlıqlar açıq-aşkar idi. Orxan Səfərovun erməni ilə görüşündə onun xalları sayılmadı. Nicat Şıxəlizadə və İlqar Müşkiyevin görüşlərində də hakim qərəzi özünü biruzə verdi.



"Qaydalarda edilən dəyişiklikər bütün Qafqaz ölkələrinin cüdoçularına təsirsiz ötüşmədi"




-Olimpiya çempionu Elnur Məmmədlinin gedişindən sonra Azərbaycan cüdosunda nəzərəçarpacaq tənəzzül hiss olunmağa başladı. O da karyerasını çox tez - cəmi 26 yaşında başa vurdu...

-Olimpiya çempionu adı yeganə tituldur ki, onun qarşısına "eks" sözü əlavə edilmir. Pekində onun göstərdiyi çıxış hətta cüdonun yaradıcılarını- yaponları heyran qoymuşdu. Elnurun idmandan gedişinin səbəbini çoxları bilmir, bildirim ki, o bir dizindən dörd dəfə əməliyyat keçirib və hazırda həmin diz qapağı plastikdir. Həkimlər ona yarışlara davam etməyə icazə vermədi. Hazırda Azərbaycan Cüdo Federasiyasının Gənclər üzrə vitse-prezidentidir, gənc idmançılar onun təcrübəsindən yararlanırlar.


-Siz əsas gətirdiyiniz səbəb geniş ictimaiyyət üçün tanış informasiya deyildi. Çoxları onun idmandan gedişini Pekin yay Olimpiya Oyunlarından sonra cüdo qaydalarında edilən dəyişikliklər və bunun nəticəsində əvvəlki kimi güləşə bilməməsi ilə əlaqələndirirdilər.

-Bu dəyişikliklər nəinki Elnura, Azərbaycan, hətta bütün Qafqaz ölkələrinin cüdoçularına təsirsiz ötüşmədi.


-Sizin çıxışınıza necə, təsir göstərdi?

-Xeyr. Çünki mənim əsas fəndlərim ayaqdan başlamır.


-Rio de Janeyro Olimpiadasına artıq 1 ildən bir qədər çox vaxt qalır. İstər olimpiya, istərsə də paralimpiya növündə kimlərdən medal gözləyirsiniz?

-60 kiloqramda İlqar Müşkiyev və Orxan Səfərovun hər hansı biri iştirak hüququ qazanarsa, onlardan medal gözləmək olar. Ancaq bütün idmançıların qorxulu yuxusu hesab olunan zədə problemi onlardan da yan keçmir. Hazırda ikisi də müalicə alır. 66 kiloqramda çıxış edən Nicat Şıxəlizadə potensiallı idmançıdır. 73 kiloqramda Rüstəm Orucov çıxış edir ki, o da çox perspektivli idmançıdır.


-Son dünya çempionatında da ən yüksək nəticəni məhz Rüstəm Orucov əldə etmişdi. Olduqca yüksək perspektiv vəd edən idmançılarımızdandır.

-O, mundialda çox gözəl çıxış nümayiş etdirdi. Hətta Fransadan olan dostlarım da mənə zəng edib dedilər ki, o çox güclü idmançıdır, güləşi çox xoşumuza gəldi.

81 kiloqramda Elnurun gedişindən sonra bir qədər boşluq yaranıb. 90-da Şahin Qəhrəmanov çıxış edir ki, o da yaxşı, perspektivli idmançıdır, ancaq qeyri-ciddidir, məşqləri tez-tez buraxır. O çəkidə Şahinlə paralel hazırda çəkisini dəyişən Məmmədəli Mehdiyev də çıxış edir.100 kiloqramda Elmar Qasımov və Elxan Məmmədov arasında güclü rəqabət var. Bu çəki nəticə göstərmək iqtidarındadır. Superağır çəkidən isə açığı, nailiyyət gözləmirəm,
Paralimpiyada isə xeyli yeni idmançılar gəlib, artıq beynəlxalq turnirlərdə nəticə göstərirlər. Onların hər birindən medal gözləmək olar.


-Məlum problem mövcud olmasaydı və siz olimpiyaçılar arasında çıxış etsəydiniz, indiki nailiyyətləri orda da qazana bilərdiniz?

-Onu Allah bilir. Mən yalandan durum deyim ki, belə edərdim, elə edərdim, bu doğru olmazdı.


-Məsələn, İlham Zəkiyev Teddi Rinerə qalib gələ bilərdimi?

-Bildiyiniz kimi, bizdə ağır çəki hər zaman zəif olub. Bu çəkidə rəqabət olmadığından yığmanın baş məşqçisi Ağayar Axundzadə məni də həmişə təlim-məşq toplanışlarına cəlb edir. Antalyada London Olimpiadasına hazırlıq xarakterli təlim məşq toplanışı təşkil olunmuşdu. Teddi Rinerlə birlikdə orda iştirak edirdik. Mən Rinerə yaxınlaşıb, onunla güləşmək istədiyimi bildirdim. O, mübarizə təklifimdən imtina etdi. Dedi ki, İlham, mən hazırda olimpiadaya hazırlaşıram, səninlə güləşə bilməyəcəm. Çox təkid etmədim. Sonradan məşqçilər korpusu mənə dedi ki, İlham, o hazırda ulduz idmançıdı, dünya cüdosunun canlı əfsanəsi hesab olunur, birdən işdi, xal alarsan, məğlub edərsən, bu ona pis təsir edər, özünü biabır olmuş sanar.

Teddi Riner çox güclü idmançıdır və belə hesab edirəm ki, o bir neçə il də öz sözünü deyəcək. Yeni qaydalar da sırf ona işləyir.


-Karyeranız ərzində ən yaddaqalan görüş hansı olub?

-2007-ci ildə Braziliyada keçirilən dünya çempionatının final görüşünü xüsusi qeyd edərdim. Kubalı idmançı ilə görüşürdüm, əsas vaxt heç-heçə bitdi, əlavə vaxt təyin olundu. İlk dəfə idi ki, mən qızıl xala qalırdım. Ancaq çox şükür ki, hər şey yaxşı alındı, əlavə vaxtda ipponla onu məğlub edərək ilk dəfə dünya çempionu oldum.


-Ən yaddaqalan qələbəniz hansıdır?

-Bütün nailiyyyətlərim mənim üçün yaddaqalan olub. Afina Paralimpiya Oyunlarında çempionluq ilk olduğu, Pekindəki qələbə isə titulumu qorumaq baxımından əlamətdar olduğu üçün hər ikisi ayrı-ayrılıqda çox dəyərlidir.


"Heç bir adın, mükafatın iddiasında olmamışam"


-Siz böyük idmançı olmaqla bərabər həmçinin insanlar üçün yüksək motivasiya simvolusunuz...

-Mən idmana peşə kimi yanaşıram. Bu mənim işimdir, ondan zövq alıram. Haçan ki, sayəmdə vətənimizin bayrağı dalğalanır, himni səslənir, bu mənə böyük fərəh hissi bəxş edir. Məlum səbəbdən hərbi qulluğum yarımçıq qaldı. Hazırda mən vətənə xidmətimi idman arenasında davam etdiririrəm. Hər dəfə yarışlardan qalib dönərkən cənab Prezidentimizin əlimi sıxmağı, təbrik etməyi mənə yüksək stimul verir. 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən təsis olunan "Qızıl Çinar" mükafatı laureatı oldum. Bu mükafatı mənə şəxsən Mehriban xanım Əliyeva təqdim etdi. İdman aləmində ilk və yeganə idmançıyam ki, "Qızıl Çinar" mükafatına layiq görülmüşəm. 2008-ci ildə Pekin yay Olimpiya Oyunlarındakı qələbədən sonra cənab Prezident məni "Şöhrət" ordeni ilə təltif etdi.


-Ümumilikdə, paralimpiyaçılara göstərilən qayğıdan razısınız?

-Cənab Prezident tərəfindən Paralimpiyaçılara göstərilən diqqət, qayğı yüksək səviyyədədir. Onun sərəncamı ilə Sumqayıtda Paralimpiya Kompleksi tikilib ki, bu da keçmiş SSRİ ölkələri arasında yeganədir. Əslində, kompleks Xırdalanda tikilməli idi, mənim Afina çempionluğumdan sonra qərar dəyişdi, Sumqayıtda inşa edildi. Biz bütün beynəlxalq standartlara cavab verən kompleksdə məşq edib yarışlara hazırıq. Mən dəfələrlə media və televiziya vasitəsilə insanlara müraciət edib, deyirəm ki, əlil uşaqları evdə saxlamasınlar, gizlətməsinlər, idman bölmələrinə yazdırsınlar. Bilmək olmaz, bəlkə də onların arasında gələcəyin dünya və Avropa çempionları var.



"Azərbaycan idmançısının bəxti onda gətirib ki, onun İlham Əliyev kimi dövlət başçısı var"


-2008 və 2012-ci illərdə ağır atletika üzrə Olimpiya Oyunlarının qalibi olan qazaxıstanlı İlya İlinə ölkənin Milli Qəhrəmanı adı verildi. Eləcə də əfsənəvi güləşçi Aleksandr Karelin də Rusiyada analoji ada layiq görülüb. Nəzərə alsaq ki, siz həm də müharibə veteranısınız, Rio de Janeyrodakı qalibiyyət üçqat paralimpiya çempionu İlham Zəkiyevi də bu ali ada qovuşdura bilər...

-Bu haqda heç fikirləşməmişəm. Mən ümumiyyətlə yarışa çıxarkən ancaq qələbə barədə düşünürəm. Mənə nə verilib, qane olmuşam. Heç bir adın, mükafatın iddiasında olmamışam.


-Azərbaycan prezidenti qədər idmançılara yüksək dəyər verən, onların qayğılarıyla şəxsən maraqlanan ikinci bir dövlət başçısı yoxdur.

-Xaricdə bununla bağlı bizə həsəd aparırlar. Gəlib bizim ölkənin adından çıxış etmək istəyənlər çoxdur. Mənim özümə də əcnəbi idmançılar tərəfindən dəfələrlə müraciətlər olur. Ancaq mən bu məsələyə heç vaxt qol qoymuram. Çünki bizdə kifayət qədər güclü idmançılar var. 
Azərbaycan idmançısının bəxti onda gətirib ki, onun İlham Əliyev kimi dövlət başçısı var. Gördüyünüz avtomobili də mənə şəxsən cənab Prezident özü hədiyyə edib. Mənə zəng gəldi ki, hansı maşını istəyirsiniz?  Dedim filan maşını. Hansı rəngdə? Filan rəngdə.

-Cüdo yeganə idman növüdür ki, demək olar legionerlər çıxış etmir. Bu federasiya rəhbərliyinin xüsusi iş strategiyasıdır?

-Heç ehtiyac da yoxdur. Olimpiyaçılarda ağır çəkidə legioner idmançı var, o da problemli çəki olduğu üçün təbii yanaşmaq lazımdır. Ancaq bəli, əsasən yerli idmançılara üstünlük verilir.


-Hər yarışqabağı və sonrası zəng edən, tez-tez hal-əhval tutan, bir növ sizi itirib-axtaran idmançılar kimlərdir?

-Elnur Məmmədli, Fərid Mansurov, Namiq Abdullayev, Məhəmmədrəsul Məcidov, Şahin İmranov, Fuad Aslanov, Cavid Çələbiyev, Xetaq Qazyumov, Cəbrayıl Həsənov , voleybol yığmasının baş məşqçisi Faiq Qarayev... Çoxdur, siyahını daha da genişləndirmək olar. Mən özüm də idmançılara daim zəng edir, görüşür, onlara mənəvi dəstək oluram.


-Övladlarınız necə, idmanla məşğul olurlar?

Onların oxumaqdan başları açılmır. Evə gələn kimi ancaq dərslərini hazırlayırlar, vaxtları yoxdur idmanla məşğul olmağa(gülür)



"2017-ci ildə İslam Oyunlarında da iştirak etmək fikrim var"


-Siz bayaq vurğuladınız ki, I Avropa Oyunlarının proqramına paralimpiya növlərindən yeganə idman növü olaraq cüdo salındı. Bu məsələyə İlham Zəkiyev amilinin hər hansı təsiri oldu?

-Birbaşa təsirim oldu. Beynəlxalq Paralimpiya Komitəsi Təşkilat Komitəsinə müraciət etdi ki, Azərbaycan gələcəkdə Olimpiya və Paralimpiya oyunlarını keçirməyə iddialıdır, cüdo idman növünün proqrama daxil edliməsi sizin üçün yaxşı təcrübə olardı. Həmçinin onlar bildirdilər ki, sizdə İlham Zəkiyev adlı güclü idmançı var, onun çıxışı yarışın reytinqinə bilavasitə təsir edər. 
Turnir ilk olduğundan paralel olaraq paralimpiya yarışları keçirməyə infrastruktur imkan vermədi. Çünki orda kolyaskalı əllilər də var. Ancaq cüdoda elə bir problem olmadı. Çünki bizi olimpiya cüdosundan fərqləndirən yeganə cəhət görüşün tutmadan başlamasıdır.

-Sizin bir neçə ay sonra 35 yaşınız tamam olacaq. İdmandan getməyi haçana planlaşdırırsınız?

-O barədə fikirləşməmişəm. Hələ ki, güləşirəm. İdmançı kimi getsəm də mütəxəssis olaraq fəaliyyətimi davam etdirəcəm. Rio de Janeyro Olimpiadasından sonra 2017-ci ildə İslam Oyunları da ölkəmizdə keçiriləcək ki,  paralimpiya növlərindən yarışların proqramına iki idman növü; atletika və cüdo salınıb. İnşallah, orda da iştirak etmək fikrim var.



"Mövludun şanslarını o qədər də yüksək qiymətləndirmirəm"



-2020-ci il Paralimpiya Oyunlarında da iştirak etmək fikriniz var?

-Yox.


-Cüdo üzrə Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev Bakıda keçiriləcək Avropa Oyunlarında sambo növündə çıxış etmək istəyir. 41 yaşlı idmançı kifayət qədər də qələbəyə iddialıdır. Mövludun şanslarını necə dəyərləndirirsiniz?

-Azərbaycan sambosunda ağır çəkidə ondan güclüsü yoxdur. Onun üçün də Mövludun iştirakını təbii qarşılamalıyıq(gülür). Mövlud üçün yarış çətin olacaq. Samboda Rusiya, Belarus, Ukrayna kimi hegemon ölkələr var. Bu ölkələr də ən güclü idmançıları ilə Avropa Oyunlarında təmsil olunacaqlar. Bu baxımdan Mövludun şanslarını o qədər də yüksək qiymətləndirmirəm.


Sahib Əsədbəyli




Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK