adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 May 2015 14:35
87726
RUBRİKA
A- A+

“Regionlarda Deputatın imkan və səlahiyyətləri haqqında yanlış fikir formalaşıb”

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Bugünkü qonağımız 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədovdur.

-İqbal müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Bunu gərək ən azından seçicilərimdən soruşasınız. Çünki, bizə bu mandatı qazandıran seçicilərimiz olub, biz də işimizi bilavasitə onların qayğı və problemləri üzərində qurmuşuq. Yox əgər sırf Milli Məclisdəki fəaliyyətimlə maraqlanırsınızsa şəxsi qənaətimcə kifayət qədər məhsuldar olub. İstər qanunların müzakirəsi, istər təmsil etdiyim region başda olmaqla ölkəmizdə müəyyən vaxtlarda mövcud olmuş problemlərin müzakirəyə çıxarılması, istərsə də yerli və beynəlxalq tədbirlərdə iştirak baxımından rahatlıqla bunu deyə bilərəm.

-Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

-Ümumiyyətlə vətəndaşlarımıza aid hər hansı, ən kiçik olsa belə problemin həlli məni olduqca sevindirir. Amma təbii ki, bunların içində bəziləri mənə xüsusi ilə təsir edir. Mənim üçün ən vacib məsələ təhsilə göstərilən diqqət və qayğıdır. Möhtərəm Prezidentimizin bu yolda gördüyü işlər danılmazdır. Demək olar ki, hər təhsil ilinin başlanğıcında mən təmsil etdiyim Lerik rayonunda bir neçə yeni tikilmiş və ya təmir olunmuş məktəbin açılışında iştirak edirəm. Bununla yanaşı hər il onlarla tələbə təhsil haqqının ödənilməsinə köməklik göstərilməsi ilə bağlı mənə müraciət edir. Şəxsi imkanım hesabına onların hər hansı birinə az da olsa göstərdiyim yardım məni sonsuz dərəcə xoşbəxt edir.

-Mandat-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

-Xüsusi ilə regionlarda Deputatın imkan və səlahiyyətləri haqqında yanlış fikir formalaşıb. Sən Deputatsansa hər şeyə qadirsən. Buna görə də təbii ki, zaman-zaman həllinin imkanımız xaricində olduğu müraciətlər də ünvanlanır. Bunlardan mənzil problemi, işlə təmin olunma, maddi yardım göstərilməsi və s. saymaq olar.

-Qarşıdan gələn Parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-Bildiyiniz kimi 2010-cu ildə IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə mənim namizədliyim mənsub olduğum Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü. Yenə əgər partiyamız uyğun görərsə niyə də olmasın?

-İqbal müəllim, Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Bu ümumiyyətlə düzgün yanaşma deyil. Bəzən kiminsə 1-2 media nümayəndəsi ilə görüşünü götürüb ona aktiv, digərlərinə passiv demək düzgün deyil. Elə Millət vəkilləri var beynəlxalq tədbirlərdə daha çox iştirak edirlər, bəziləri komitə iclaslarında, bəziləri plenar iclaslarda, bəziləri yerli tədbirlərdə. Milli Məclisdə bütün Millət vəkilləri öz funksiyasını layiqincə yerinə yetirir və kifayət qədər fəaldır.

-Azərbaycan Milli Məclisinin regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Azərbaycan Respublikasının Milli Məclisi nəinki regionda, bütün dünya miqyasında kifayət qədər nüfuza malikdir. Bu gün dünyanın 80-dən artıq ölkəsi ilə Parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Sadəcə şəxsən üzvü olduqlarımdan onu qeyd edə bilərəm ki, 15 gün əvvəl MDB Parlamentlərarası Assambleya tərəfindən xüsusi medalla təltif olunduq. Beynəlxalq tədbirlərə edilən dəvətlər, region olaraq Parlamentlərarası əməkdaşlıqlar, Qanunvericiliklərin təkmilləşdirilməsi adına bizim verdiyimiz təkliflərə münasibət və s. misallar göstərə bilərəm.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sıradan nə kimi problemlər var?

-Bu misalı hardan götürdüyünüzü və nəyə əsasən adət adlandırdığınızı mən bilmirəm, amma, mənim praktikamda belə problem mövcud deyil. Təmsil etdiyim Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən müəllimlə çox isti münasibətlərim var və yaxın dostuq. Ümumiyyətlə biz hamımız bu xalqın xidmətçiləriyik. Şəxsi maraq məsələsi bizim ədəbiyyatımıza yaddır. Buna görə də nə icra başçısı nə də digər məmurlarla aramızda problemdən söz gedə bilməz.

Ədil Ədilzadə