adalet.az header logo
  • Bakı 18°C
28 May 2015 13:11
51990
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                 ***

Bu gün 97 il öncə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.

Facebook gündəliyinin bugünkü rubrikasında sosial şəbəkədə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günə həsr edilən statuslara yer veririk.


                                                                  ***

Mübariz Qurbanlı: "Əziz dostlar! Sizi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. 70 illik Sovet rejiminin tərkibində yaşayan Azərbaycan XX əsrin sonlarında yenidən öz müstəqilliyini əldə etdi. Müstəqilliyin ilk illəri ağır keçsə də, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, Azərbaycan demokratik və inkişaf prinsiplərinə sadiq qalaraq gələcəyə doğru inamla addımladı. Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, müsəlman Şərqində ilk dünyəvi dövləti olan Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək adını dünyanın inkişaf etmiş ölkələri sırasına yazdırmağı bacardı. Bir daha hər birinizi milli bayramımız – Respublika Günü münasibəti ilə təbrik edir, tolerant, multikultural ənənələrə sadiq qalan ölkəmizdə xoşbəxt günlər yaşamağınızı arzu edirəm”.


                                                                   ***

Aydın Mirzəzadə: "Hər bir kəsi azərbaycan xalqının çox əziz bir bayramı - Respublika günü münasibəti ilə ürəkdən təbrik edirəm. 28 may 1918-ci il tarixini xalqımız müstəqilliyini itirəndən sonra düz 90 il gözlədi. Ancaq davam edən 23 aylıq müstəqilliyini ləyaqətlə yaşadı və müstəqilliyə layiq olduğunu bir daha sübut etdi. Yenidən 71 illik bir fasilə yarandı və SSRİ-nin dağlması bizə yeni bir şans yaratdı. Artıq 24 ildir ki, Azərbaycan müstəqil bir dövlət kimi öz həyatını sərbəst şəkildə qurur. 15 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə başlanan yeni səhifə Azərbaycanı qüdrətli, inamlı və nüfuzlu etdi. Babalarımızın 28 may tarixində başladığı şərəfli yolu indiki nəsil daima uğurla davam etdirəcəkdir. Müstəqil Azərbaycan hər birimizin şərəfi və həyatının əsas məqsədidir”.


                                                                   ***

İqbal Məmmədov: "Bu gün müsəlman şərq dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Ölkəmizlə, şanlı tariximizlə fəxr edəcəyimiz çox hadisə var. Bütün həmvətənlərimi bu əziz bayram münasibəti ilə ürəkdən təbrik edir və şəxsi həyatlarında müvəffəqiyyətlər arzulayıram”.


                                                                   ***

Rauf Arifoglu: "Azərbaycan Cümhuriyyəti var olsun! Onu quran Öndərlərimizə Allah qəni - qəni rəhmət etsin. Bayrağımız hər zaman gözümüzün önündə, başımızın üstündə dalğalansın. Onu bir daha ürəklərdə və mühacirətdə qorumağa gərək qalmasın! Dostluğumda olan - olmayan , hər kəsi bu gözəl gün münasibəti ilə təbrik edirəm. Bu gün günlərdən Azərbaycan!”.


                                                                   ***

Elşad Eyvazlı : "28 May-Milli Kimlik günümüzdür. Bayramınız mübarək olsun! Bu günü bizə nəsib edənlərin ruhu şad olsun! Millət yoludur, haqq yoludur, tutduğumuz yol, Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!”


                                                                  ***

Aqil Camal: "İstiqlaliyyət bayramımız mübarək! 1918-ci ilin 28 Mayında ilk növbədə Azərbaycan adlı bir dövlət, bu dövlətin istiqlaliyyəti elan edildi. Müstəqil dövlətimiz "respublika” quruluşlu olmaya da bilərdi. Bu baxımdan, 28 May ""Respublika Günü" yox, "İstiqlaliyyət Günü" olaraq təqdim edilməlidir”.


                                                                   ***

Əbdüləli İbrahimsoy: "Cümhuriyyət bayramınız mübarək, dostlar! Azadlıq uğrunda bir dəfə qan tökmüşük. Bu azadlığımız əbədi olsun!”


                                                                   ***

İlham Quliyev: "İstiqlal bayramımız mübarək! Tanrı bizə bu müstəqilliyi çox görməsin! Övladlarımıza daha da inkişaf etmiş, vətəndaşlarının qayğısına daha çox qalan, güclü ordusu olan, ərazi bütövlüyü təmin edilən bir dövlət qoyub gedə bilək!”.


                                                                    ***

Vüqar Abbasov: "Respublika günümüz mübarək olsun. Bugünk müstəqil Azərbaycanın varlığına görə şübhəsiz ki, 1918 - ci ildə Azərbaycan Demokratik Respublikasını quranlara minnətdar olmalıyıq. Başda Məmməd Əmin Rəsulzadə olmaqla ADR - in qurucularının xatirəsi bizlər üçün hər zaman əziz olaraq qalacaq. Bu gün hardasa Azerbaycanın adını ayrica bir ölkə kimi çəkə biliriksə bu, məhz azadlığın, müstəqilliyin dadını bilməyimizdəndir ki, bunu da millətimizə onlar yaşadıblar. Nə xoş bizlərə ki, özümüzün dövlətimiz var...”.


                                                                       ***

Elnur Eltürk: "Vətən hər zaman onu təmənnasız sevənləri öz ağuşuna alar və yaşadar, tarixləşdirər. Çünki, onu sevərkən gözünə heç nə görünmür. ADR-i quranlar belə şəxsiyyətlər olublar. Dostlar, 28 May-Respublika Gününüz mübarək olsun!”.


Sübhan Mahmudlu