adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyun 2015 14:40
65085
RUBRİKA
A- A+

"Seçildiyim dairədə elə bir ərazi yoxdur ki, həmin yerdə olmayım" - Mandat

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Rubrikamızın bugünkü qonağı 29 saylı Səbail seçki dairəsinin millət vəkili Fuad Muradovdur.

-Fuad müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

- Milli Məclisdə fəaliyyəti şərti olaraq iki hissəyə bölmək olar. Bunun birincisi seçicilərlə işdir ki, mütamadi olaraq görüşlərimiz olur. Bu həm Milli Məclisdə rəsmi qəbul, həm də rayon ərazində müxtəlif yerlərdə baş tutur. Bu günə qədər seçicilərlə 100-dən görüşümüz olub. Seçiciləri maraqlandıran müxtəlif məsələlərin həlli istiqamətində işlər aparılır. Bu günə qədər daxil olan müraciətlərin demək olar ki, hamısı öz həllini tapıb. Bəzən elə məsələlər olur ki, bu millət vəkilinin səlahiyyətlərindən kənar olur. Bu zaman isə aidiyyatı orqanlara müraciətlər ünvanlanır və həmin problemlər də öz həllini tapır. Lakin 5 illik fəaliyyətin əsas dəyərləndirməsini seçicilər özləri edə bilərlər. Bu illər ərzində ən müxtəlif məsələlər üzrə müraciətlər olur. Sosial problemlər, hüquqi məsələlər, qeydiyyat məsələləri əsasən çoxluq təşkil edib. Çalışmışıq ki, bütün problemlər öz həllini tapsın.

Milli Məclis fəaliyyətində digər tərəf isə Beynəlxalq fəaliyyətdir ki, bu həm müxtəlif beynəlxalq təşkilatlarda, həm də Parlamentlərarası dostluq qruplarındakı işlərlə əlaqəlidir. Mən Avronest Parlament Asambleyasında Enerji Təhlükəsizliyi Komitəsinin həmsədriyəm. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün Avropanın enerji təminatçısına çevrilib. Biz də öz işimizi bu istiqamətdə qururuq. Bu gün həqiqətən də ölkəmiz istər regionda, istərsə də Avropada enerji sahəsində müstəsna xidmətlərə malikdir.

Bundan başqa ABŞ, Litva, Almaniya, Fransa, Rusiya parlamentlərarası dostluq qrupunda təmsil olunuram. Adıçəkilən ölkələrin parlamentləri, eyni zamanda müxtəlif təşkilatları ilə ikitərəfli əlaqələimiz var. Bütün bunlar isə Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir. İstər Avronest, istərsə də parlamentlərarası dostluq qruplarında əsas fəaliyyət istiqaməti Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Biz hər zaman çalışırıq ki, Qarabağ məsələsini olduğu kimi dünya ictimaiyyətinə çatdıraq. Çünki erməni lobbisi yalan informasiyalarla bu istiqamətdə iş aparır. Lakin biz də öz növbəmizdə əsl həqiqəti ortaya qoymaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışırıq.

-Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

- Millət vəkili olaraq seçildiyim dairədə elə bir küçə, elə bir ərazi yoxdur ki, deputat olandan həmin yerdə olmayım. Seçiciləri narahat edən bütün məsələlərlə maraqlanırıq. Bu həmn sosial istiqamətdə, həm də hüquqi yardım, qeydiyyat və digər məsələlərdə öz əksini tapır. Bu günə qədər bir çox problemlərin həlli bizi sevindirib. Əvvala qeyd etmək lazımdır ki, istənilən bir problemin həlli həm bununla üzləşən, həm də bu məsələnin həllində vasitəçilik edən şəxsi sevindirir. Bu müddət ərzində çalışmışıq ki, heç bir müraciət nəticəsiz qalmasın. Bəzən seçicilərin istəkləri millət vəkilinin səlahiyyətləri xaricində olur. Məsələn, dəfələrlə ehtiyaclı insan bir probleminin həlli üçün müraciət edib. Biz çalışmışıq ki, daxili imkanlarımız hesabına və dostlarımızın köməyi ilə problemləri həll edək. Həmin məsələ həllini tapanda o insanın üzündəki sevinc və məmnunluq əlbəttə məni də sevindirir.

Yeni il, Novruz, Ramazan, Qurban və digər milli bayramlarda aztəminatlı ailələləri, qocaları, xəstələri xüsusi diqqətdə saxlamağa çalışırıq. Bizdə rayon ərazində qeydiyyatda olan bu təbəqə insanlar haqqında məlumatlar var. Vaxtaşırı onları ziyarət edir bacardığımız köməkliyi göstərməyə çalışırıq.

Bildiyimiz kimi Səbail rayonun bəzi əraziləri dövlət planına düşərək sökülməli idi. Burada bəzi iş icraçılarının məsuliyyətsizliyi və düzgün maarifləndirmə işinin aparılmaması nəticəsində sakinlər üçün problemlər yaranmışdı. Aidiyyatı orqanlara bizim müraciətimizdən sonra məsələ həllini tapdı.

-MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadala bilərsiniz?

- Müraciət olunmayan müəyyən problemlər ola bilər ki, həllini tapmamış olsun. Lakin biz həmişə seçicilərimizə bildiririk ki, onları narahat edən mələlərlə bağlı bizi xəbərdar etsinlər. Həmçinin biz məsələləri daim diqqətdə saxlayırıq və çalışırıq ki, problemlər ortaya çıxan kimi xəbərimiz olsun.

Eyni zamanda ərazidə bəzi küçələrdə yol, işıqlandırma ilə bağlı problemlər mövcuddur. Bununla bağlı bizə çoxsaylı müraciətlər olur. Öz növbəmizdə müvafiq icra strukturlarını bununla bağlı rəsmi olaraq məlumatlandırmışıq. Düşünürəm ki, qısa zamanda bu prblemlər də öz həllini tapacaqdır.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

- Bu barədə hələ qəti söz demək tezdir. Millət vəkili olaraq fəaliyyətimi davam etdirirəm. Seçicilər də fəaliyyəti görür və qiymətləndirir.

-Fuad müəllim, Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

- Əgər millət vəkili seçilibsə deməli həmin seçicilərin məsələləri ilə məşğul olmalıdır. Düşünürəm ki, millət vəkili həmkarlarım öz üzərilərinə düşən vəzifəni yerinə yetirirlər. Təbii ki, bu olmadığı halda seçicilərin etibarını qazana bilməzlər. Həmçinin bu müddət ərzində dəfələrlə istər Parlament Jurnalistlər Birliyi, istərsə də digər təşkilatlar tərəfindən "İlin ən fəal deputatı” sorğuları keçirilib. Mən də həmin sorğularda qalib elan olunmuşam. Yəni, bizim fəaliyyətimiz göz qabağındadır. Digər millət vəkilləri də yəqin ki, fəaliyyətlərində seçicilərlə işi ön plana çəkirlər. Çünki əgər sənə etimad olunubsa və bu dairədən millət vəkili seçilmisənsə deməli burada yaşayan insanların danışan səsi, sözüsən. Həmçinin onları narahat edən məsələləri müxtəlif qurumlara bildiməlisən. Bu öncə vəzifə borcu, məsuliyyətdir.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Bu cür düşünmürəm. Həm Milli Məclis, həm də İcra Hakimiyyətləri ölkə vətəndaşlarına xidmət göstərir. Eyni zamanda qanunvericilik orqanı kimi Milli Məclisin qəbul etdiyi qərarlar müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmçinin millət vəkilləri seçildikləri rayonun müvafiq İcra strukturları ilə birbaşa əlaqələli şəkildə işləyirlər. Çünki başqa cür ola da bilməz. Hər hansı məsələnin həlli üçün ikitərəfli əməkdaşlıq vacib amildir. Biz də öz fəaliyyətimizdə Səbail rayonu icra hakimiyyəti ilə birgə çalışırıq. Bizim hamımızın əsas məqsədi Ulu Öndər tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən bu gün inkişaf etdirilən müstəqil Azərbaycanın qorunması və yeni uğurlara doğru addımlamasında bütün gücümüzlə fəaliyyət göstərmək olmalıdır.

Ədil Ədilzadə