SON DƏQİQƏ:

Sirli ədəbiyyat: Söz və sükut

  124443   |  
Şriftin ölçüsü  

Atalarımızın belə bir misalı var: danışmaq gümüşdürsə, susmaq qızıldır. Bəlkə də atalar bunu sözün qüdrətini gizləmək, tilsimini qorumaq üçün deyiblər. Çünki sözün hansı qüdrətə malik olduğunu, nələrə qadir olduğunu da onların özündən yaxşı kim biləcəkdi ki? Yoxsa "Söz var baş kəsər, söz var savaş” hikmətinin hansı gücü daşıdığına işarə etməzdilər. Bəşəriyyətin bu günə kimi kəşf etdiyi ən güclü silah elə məhz sözdür. Onun varlığı, yaşamı da sözə bağlıdır ki, onsuz nə gündəlik nitq, nə ədəbiyyat, mədəniyyət, elm, təhsil, siyasət mövcud ola bilməzdi. Bu gün "Sirli ədəbiyyat"da onun ən əsas vasitəsi olan SÖZ-dən bəhs edəcəyik. 

Bütün müqəddəs kitablar sözün hikmətini xüsusi vurğulayıb, onu müqəddəsləşdiriblər. Dini rəvayətə görə, mələk Cəbrayıl Məhəmməd Peyğəmbərin gözünə görünəndə ona yaşıl ipəyin üstündə yazılmış alov kimi yanan sözləri göstərib "Oxu” demişdi. Müqəddəs İncildə də sözə ilahilik verilir: "Əvvəlcə söz yarandı, sonra Tanrının sözü oldu, nəhayət söz Tanrıya çevrildi”. Maraqlıdır ki, Allahın elçiləri başda olmaqla, seçilmişlərin böyük əksəriyyəti şair olublar. Sözü nizama çəkib qüdrətə mindiriblər. Amma Müqəddəs Quranda şairlərə yanaşma birmənalı deyil. "Şüəra” surəsində şairlər haqqında belə deyilir: "Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. Şeytanlar mələklərdən oğrun-oğrun eşitdikləri adda-budda sözləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır! Kafir şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!” Düzü, bir şairə olaraq, hər dəfə məlum surənin son ayələrini oxuyanda utanıram. Həqiqətən də şairlərin böyük əksəriyyəti ta qədimdən ya sərgərdan gəzib-dolaşıblar, ya da yalandan mədh, həcv ediblər. Amma nüansa diqqət: əksəriyyəti deyilir, hamısı yox! Çünki sözün ilahi qüdrətini dərk edən, zənginlik vəd edən mədhiyyədən, nifaq salan həcvdən uzaq duran müdrik şairlər olub ki, onlar sözü Tanrıya ucaldıb, Tanrının sözünü vəsv ediblər.  

Bəlkə də günümüzdə söz öz qüdrətini itirib, çünki sözün mənbəyi olan düşüncə kasadlaşıb, başqa sözlə, devalvasiyaya uğrayıb. Onun yerinə isə qabaqcadan təlimatlandırılmış texnika önə çıxıb. Bu gün bir-birimizə dediyimiz ən məhrəm söz, sevgi məktubları ürək pıçıltılarından deyil, hazır mesaj qutusundan gəlir. Bu isə qarşı tərəfdə heç bir reaksiya, təmas yaratmır. Bəli məhz təmas! Sözü araşdıran təkcə ədiblər, şairlər deyil, xüsusi mütəxəssislər də var ki, onlar bəşəriyyətin ən böyük kəşfinin gücünü sınağa çəkib, onun insana təsirini dəfələrlə yoxlayıblar. Sadəcə, adi bir limon sözünü yazaq. Özümüzdən asılı olmadan o limonun görünüşünü, dadını, hətta qoxusunu hiss edəcək, dodağımızı büzəcəyik. Mütəxəssislərə bu məsələdə, əslində ehtiyac yoxdur, bir-birimizin yanında bütöv günü hansısa xəstəlikdən danışaq, növbəti günlərdə sözün təlqin etdiyi həmin xəstəliyə tutulacağımızı görəcəyik, əksəriyyətimiz bunu yaşayıb. Odur ki, böyüklərimiz "yaxşı söz danışın ki, yaxşı olsun" deyəndə, heç də səhv etməyiblər. Ən adi maqlar belə ilk iş olaraq sevgisinə çatmaq istəyən gənc qızlara həmin adamın adını dəfələrlə yazıb, ucadan səsləndirməyi, ürək sözlərini deməyi tövsiyə edirlər. Söz vasitəsilə hətta nitq qabiliyyəti olmayan vəhşi heyvanlar ovsunlanıb, bitkilər cücərdilib. Nəticəsi xoşagəlməz olsa da, bir otaq bitkisinə dərdlərinizi, qorxularınızı sözlə ifadə edin. Bunu bir neçə gün təkrar söyləyin. Ən uzağı bir həftə ərzində həmin bitki quruyacaq. Bunun əksini qurumaqda olan, inkişaf edə bilməyən bitkidə sınayın. Tezliklə yaşıllaşıb, çiçəkləyən bitki gözünüzü-könlünüzü oxşasın. Eyni təcrübəni su üzərində də dəfələrlə həyata keçiriblər: bir stəkan suyun yanında acıqlı danışın, söyüş söyün, suyun bulanıq olduğunu deyin, yəni stəkanda "fırtına” yaradın. O da əvəzində zəhər-zıqqım olsun. Bunu alimlər sübuta yetirib, mənim qədər sərt və kobud şəkildə dilə gətirməsələr də, suyun tərkibinin dəyişdiyini, ziyanlı olduğunu isbat ediblər.

Sözü iki kateqoriyaya bölürlər: öldürücü sözlər, həyatverici sözlər. İlk kateqoriyanı zəhərli ox kimi təsvir edib bura: bəla, xəstəlik, kədər, ölüm, ayrılıq və s. neqativ təsirli sözləri aid edirlər. Bu sözlərin əhatəsində olan insanlar, əlbəttə ki, sadalananların da ağuşunda olacaq. İkinci kateqoriya isə: sevinc, səadət, gözəllik, sevgi, şadlıq, uğur və s. sözləri özündə birləşdirib nikbin ruha köklənir. Odur ki, həyatını yeniləmək, bədbinlikdən, uğursuzluqdan çıxmaq istəyən insanlar ilk növbədə öz nitq lüğətində dəyişikliklər etməlidirlər. Həm özlərinə, həm də başqalarına bu sözləri ünvanlamaqla ruhi dinclik tapacaq, ətraflarında da müsbət aura yaradacaqlar.  

Söz tarix boyu bütün natiqlərin təlqin vasitəsi olub. Antik dövrlərdə xüsusi natiqlik məktəbi olardı ki, bu dərəcəni bitirməyənlər ustad səviyyəsinə qalxa bilməzdilər. Çin, Babilistan, Hindistan, Yunanıstanda xüsusi natiqlik məktəbləri olsa da, natiqlik sənətinin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olub. Sokrat, Demokrit, Aristotel, Esxil, Siseron və b. natiqlik məktəbinin təmsilçiləri olmaqla yanaşı, həm də nitqin nəzəriyyəsini, sistemini yaradıblar. Sonrakı dövrlərdə Konfutsi, Qandi və b. kimi natiqlər öz ideyalarını məhz nitq, söz vasitəsilə insanlığa aşılayıblar. Şərqdə Nizaminin, Nəsiminin, Füzulinin, Mövlanənin məğlubedilməz söz "qoşun”u bütün zamanlarda ordusunun zəfərini bəşəriyyətə daddırıb. Sözün hər hərfi qədim mətnlərdə, divanlarda məna və ya simvol daşıyıb. Gələcəkdə zəmanəmizdə yazılmış kitablar təhlil olunarkən nə anlaşılacaq, bilmirəm. Çətin ki, sətiraltı mənası, simvolik əhəmiyyəti olmayan, mənası üzdə olan fikirlər gələcək nəsillərə nəsə desin. Amma yuxarıda adlarını çəkdiyim müəlliflər və onlarla başqalarının əsərlərinin bu gün də oxunması, onların təhlili üçün xüsusi məktəblər, institutlar yaradılması təsadüfi deyil. Hər sözünün çəkisi bir kitab ağırlığında olan dahilərin demək istədiklərini illərdir araşdırsaq da, tam ilahi mətni hələ ortaya çıxara bilmirik.  

Qayıdaq ataların susmağa verdiyi qızıl dərəcəsinə. Əlbəttə, müdriklərə yol göstərən uzun illərin təcrübəsidir. Bəzən yerində susmaqla fəlakəti önləyib, bəzən də müalicə ediblər. Məhz müalicə! Çünki həddən artıq danışmaq ağız, çənə, nəfəs yolları, boğaz xəstəliklərinə səbəb olur ki, bunu da sırf susmaqla, düzgün nəfəs terapiyası ilə sağaldıblar. Qədim salnamələrdə nəfəs – həyat mənasına gəlirdi. Ürək, ciyər və ruhu əlaqələndirən zəncir hesab olunurdu. Çox danışmaq isə nəfəsin sui-istifadəsi, ruhun narahatlığı demək idi. Bu günə qədər də şaman və buddist kahinlər həftənin bir gününü sükut günü edirlər. Həmin günü ən vacib sözlər belə işlədilmir, sakitçiliyin pozulmaması üçün tənha güşəyə çəkilirlər. Hesab olunur ki, bir günlük sükut ömrün bir həftəlik uzdılması deməkdir. Hətta Hindistanda mistik cərəyan var: Muni. Bu cərəyana aid olanlar ümumiyyətlə danışmaqdan imtina ediblər. Nəticədə isə həmin insanlar yüz ildən artıq yaşayır və bu müddət ərzində heç xəstələnmirlər. Ümumiyyətlə, hind mistikasında nəfəs və onun düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır, günümüzdə də yoqlar nəfəs sayəsində insan orqanizminin sağlam, formada qalmasına xidmət edir. Bəzən, sükut da insanı yaxşı natiq edə bilər. Necə? Məsələn, mənasız söhbətin cavabında susub gülümsəmək, əsassız tənqidə cavab olaraq kəskin baxışlı susqunluq özü böyük nitq deyilmi? Həm də müəmmalı: qarşındakı insanın fikri haçalaşır ki, görəsən bununla sən nə demək istəyirdin? Hərdən faciəylə üzləşmiş insanı susub qucaqlamaqla, qəlbindəki ən həssas duyğuları onunla paylaşırsan. Xanımların nəzərinə: susqunluqla daha çox diqqət çəkmək mümkündür. Nənəm həmişə qız nəvələrinə deyərdi: "Az danışın ki, səsinizi eşitməyə can atsınlar, az gülün ki, gülüşünüzün həsrətini çəksinlər”. Düzü, nə barədəsə danışmağa həmişə söz tapılır, nə barədə susmağa sükut tapmaq isə bir məharətdir. Əlqərəz, sözün də sükutun yerini bilmək gərək. Hər biri öz yerində olanda ən qüdrətli vasitədir.       


Şəfiqə ŞƏFA


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK