29 May 2025 10:30
323
MƏMLƏKƏT

13 kəndin yolları yenidən qurulur - VİDEO

Tovuz və Gədəbəy rayonlarını əhatə edən və 13 yaşayış məntəqəsini birləşdirən Çatax–Çeşməli–Mollalar–Məşədivəlilər–Həsənli–Abbasqulular–Papaqçılar–Güvəndik–Lazılar–Novosaratovka marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb.

Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində ümumi uzunluğu 24,6 kilometr olan avtomobil yollarının əsaslı şəkildə bərpası həyata keçirilir. Uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdü. Xüsusilə payız-qış mövsümündə dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsində çətinliklər yaranırdı.

Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, yol infrastrukturunun təkmilləşdirilməsi və əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə sözügedən yolların yenidən qurulmasına başlanılıb. Layihə üzrə avtomobil yolları IV, bəzi sahələrdə isə V texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur.

Hazırda layihənin Çatax–Çeşməli–Novosaratovka istiqamətində torpaq işləri, yolun hamarlanması və normativ enə salınaraq genişləndirilməsi işləri həyata keçirilir. Bu mərhələdən sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Eyni zamanda, yolboyu suların ötürülməsi məqsədilə zəruri nöqtələrdə suötürücü boruların quraşdırılması da layihə çərçivəsində nəzərdə tutulub.

Qeyd edək ki, layihənin başlanğıc – 1-ci kilometr hissəsində yerləşən mövcud körpünün sökülməsi və əvəzində bir aşırımlı yeni körpünün inşası planlaşdırılır.

Yenidənqurma işlərinin yekun mərhələsində hərəkətin təhlükəsiz və nizamlı təşkili üçün yol nişanlarının və kilometraj göstəricilərinin quraşdırılması, həmçinin yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulub.