02 Sentyabr 2024 17:23
94
HADİSƏ

Polis müdaxilə etdi, 17 yaşlı qızın toyu təxirə salındı - YENİLƏNİB

İmişlidə yeniyetmənin toyunun olması barədə məlumat polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a bildirilib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub:

"Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb", - məlumatda qeyd edilib.

 

***

"İmişli rayonu Məzrəli kəndində 17 yaşlı qızın 11 sentyabr tarixində  toy mərasimi olacaq".

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

O bildirib ki, İmişli Rayon İcra Hakimiyyəti əməkdaşları qızı icraya aparmaq istədikdə oğlanın atası qadağan edib:

"Bildirib ki, qızın anası xəstədir, apara bilməzsiniz. Qızın həyatına təhlükə var",  deyə K.Ağazadə paylaşımda vurğulayıb.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən qeyd edilib ki, məsələ araşdırılır.