adalet.az header logo
  • Bakı -°C
24 Iyul 2026 18:01
70
ELM VƏ TƏHSİL
A- A+

29 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi

Sosial mediada jurnalist Zülfiyyə Quluyeva Şəkinin Daşbulaq kənd ümumi orta məktəbinin bağlanacağı ilə bağlı post paylaşıb. Məlumata görə, 29 şagirdin təhsil aldığı məktəb 2026-2027-ci tədris ilindən fəaliyyət göstərməyəcək.

Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Regional təhsil idarəsindən Trend-ə bildirilib ki, Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"2026-2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin məktəbdə onlayn formatda təşkili nəzərdə tutulur. Bu fənləri müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tədris edəcəklər", - idarənin məlumatında qeyd olunub.

Regional Təhsil İdarəsindən vurğulanıb ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur.

Qeyd edək ki, həmin paylaşımın şərh bölməsində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də məsələyə münasibət bildirib. O, məktəbin bağlanmadığını qeyd edərək, bəzi fənlər üzrə müəllim çatışmazlığının olduğunu vurğulayıb:

"Bəzi fənlərin tədrisi üçün müəllim çatışmazlığı var. Bu səbəbdən də qiymətləndirmə nəticələri yüksək olan pedaqoqlar tərəfindən onlayn qaydada həmin fənlər məktəbin özündə uşaqlara keçiriləcək. Bəzi islahatları anlamadan şərh vermək ümumi prosesə ziyandır".