11 Sentyabr 2024 15:19
496
GÜNDƏM

3 ildir polietilen  torbalar pulla satılır, Bakıda tullantı azaldı?

Həmkarım Zaira Akifqızının maraqlı bir məqaləsinə rastladım. Mövzu tullantılardan qurtulmağın yolları haqqında idi.


AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev jurnalistin mövzu ilə bağlı sualına cavab verərkən bildirir ki, səfərdə olduğum Kanadada nə zibil yeşikləri gördüm, nə də tullantı. Bina sakinləri də məişət tullantılarını binada olan ümumi boru vasitəsilə atırlar. Artıq o zibil hara gedir, necə edirlər bilinmir. Hətta həmin binalarda qəti pis qoxu yoxdur.

Norveç və Kanada kimi ölkələrdə sellofan torbalar yalnız zibil atmaq üçündür. Hətta həftə sonları piknik edən şəxslərə də gətirib o torbalardan paylayırlar ki, ətraf mühiti çirkləndirməsinlər”.
Şəhərimizin təmiz və səliqəli olmağını sidq ürəkdən arzulasam da deyəsən, yaxın gələcəkdə bu mümkün variant kimi görünməyəcək.
Çünki Kanada və bir sıra Avropa ölkələrində təmənnasız olaraq əhaliyə paylanan sellofan – polietilen torbalar bizim işbazların qazanc yeridir. Artıq 1 idən də çoxdur ki, Nazirlər Kabinetinin qərarı ilə polietilen torbaların satışı artıq ödənişlidir.
Ötən il hətta “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bu qərara haqq qazandıraraq dedi ki, sellofan torbaların pulla satılması məsələsi “Azad İstehlakçılar Birliyi”nin hələ 10 il öncə qaldırdığı məsələdir. Bu, həm MDB, həm də dünya təcrübəsidir. Həmçinin bu, sellofan torbalardan istifadəni azaltmaq yollarından biridir.
Bir sözlə, sellofanların ödənişli olması ətraf-mühitin və insan sağlamlığının qorunması nöqteyi-nəzərdən çox düzgün bir addımdır".

Əslində kiçik bir məbləğlə Bakı sakinlərini təmizliyə adət etməyi öyrətmək mümkündür. Mənzil Kommunal İstismar Sahələri aid küçə və prospektlərdə "təmiz bina" , "təmiz küçə" müsabiqələri elan edə, təmizliyə riayət edənlərə xırda hədiyyə və mükafatlar təqdim edə bilər . Binalardakı  pəncərə və  eyvanlarda dibçəklər,  gül-çiçək  və diğər bəzək , yaşıllıq bitkilərinin  bol olması ilə bağlı da müsabiqə keçirilə bilər. Bu , təbii ki, mənim subyektiv fikrimdir. Amma mümkün olsaydı.... kaş ki... 

Qeyd edək ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.

Artıq ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılır. Bu isə o deməkdir ki, bizim şəhərimiz heç vaxt nə Kanada, nə İsveç nə də digər Avropa şəhərləri kimi  təmiz, tullantısız, iysiz-qoxusuz olmayacaq...

Əntiqə Rəşid