07 Fevral 2025 09:00
99
LAYİHƏ

44 GÜNLÜK  MÖHTƏŞƏM QƏLƏBƏMİZ DÜŞMƏNLƏRİMİZİ XAR ELƏDİ

Azərbaycan həmişə heç kimə və heç bir qüvvəyə arxalanmadan çətin, ağır və məşəqqətli dövrü çox inamla addımlayaraq arxada qoyub. Bu onu bir daha göstərir ki, bizim ölkəmiz  nə qədər güclü, nə qədər qüdrətli və nə qədər nüfuzlu bir dövlətdir. Təbii ki, hər bir ölkənin özünün  müstəqil  siyasəti, tutduğu iqtisadi yol və inkişaf mərhələsi var. Azərbaycan da həmişə zamanından və  məkanından asılı olmayaraq, müstəqil   siyasət yürüdür və bu yolda inamla addımlayır. 

Ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal olunması düz 30 il davam etdi. Və bu 30 ildə BMT, ATƏT ancaq danışmaqla məşğul oldular. Heç BMT özünün çıxardığı  işğalla bağlı  4 qətnaməsinin icrasına belə soyuqqanlı yanaşdı. Çünki dünyanı idarə edən qüvvələr işğalçı dövlətə hər vasitə ilə arxa durur, Qarabağ problemini dondurmaq istəyir və nəyin bahasına olsursa-olsun bu məsələləri gündəmdən çıxarmağa çalışırdılar. Çox qəribədir ki, həmişə siyasi mövqelərinə görə bir-biriylə yola getməyən Avropa ölkələri və Rusiya  erməni məsələsində birləşir, onlara arxa durur, pulsuz olaraq silah-sursat verirdilər. Məhz bundan da ruhlanan yağı düşmən ancaq öz mövqelərini möhkəmlədir, 30 il torpaqlarımızı işğal altında saxlamaqla kifayətlənməyərək bu prosesi bir qədər də uzadır, hətta atəşkəs rejimini tez-tez pozurdular. Onlar Ermənistanla həmsərhəd olan ərazilərimizin işğal altındakı yerlərindən rayonlarımızı ağır texnikalardan, iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutur, evlərə, sosial obyektlərə zərər toxundurur, dinc insanları öldürür, ya da yaralayırdılar.

Bu proseslər 2020-ci ilin sentyabrın 27-nə qədər davam elədi. Sentyabrın 27-də prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz ermənilərə qarşı əks-hücuma keçdi. Aydındır ki, onların bayaq dediyimiz kimi, çox güclü havadarları, himayəçiləri vardı. Elə bu  himayəçilərinə də arxayın olub  atəşkəsi pozmaqda israrlı idilər. Elə ki Azərbaycan Ordusu sentyabrın 27-də Füzuli və Cəbrayıl  istiqamətində əks hücuma keçdi, ermənilərin uzun illər qurduğu  istehkamları və müdafiə xəttini darmadağın etdi, bax, onda yağı düşmənin canına üşütmə düşdü. Artıq bir neçə günün içində Füzulinin və Cəbrayılın neçə-neçə kəndi erməni işğalından azad edildi. Sentyabrın 29-30-da daha böyük ərazilərimiz, yaşayış  məntəqələrimiz, kəndlərimiz erməni faşistləri tərəfindən təmizlənərək azad olundu. Bütün bunlar onu göstərirdi ki, qüdrətli Azərbaycan Ordusunun qarşısında ermənilərin 30 ildə qurduğu nə müdafiə xətti, nə də  hərbi qüvvələri tab gətirə bilirdi.

Aydındır ki, belə bir şəraitdə yenə ermənilər arxalandıqları qüvvələrə üz tutdular. Nikol Paşinyan gah Putinə zəng elədi, gah da Fransa prezidenti Makrona. Çünki onun ağlı 2016-cı ildəki  Aprel döyüşlərinə  getmişdi. Onda  ermənilər söz verdilər ki, işğal olunmuş torpaqları azad edəcəklər və o sözə də əməl etmədilər, əksinə, atəşkəsi pozdular və sərhədyanı rayonlarımıza hücum etdilər. Sentyabrın axırlarında isə Makron dəfələrlə Azərbaycan prezidentinə zəng edib döyüşün dayandırılması ilə bağlı xahişlər etdi, bu da alınmayanda hədə-qorxu ilə danışdı. Ancaq prezident İlham Əliyev ermənilərin  havadarlarının hədə-qorxusundan çəkinmədi, döyüşün torpaqlarımızın tamamilə azad olunmasına qədər davam edəcəyini bildirdi. Və beləcə ermənilərin havadarları olan Fransa və digər Avropa ölkələri prezident İlham Əliyev tərəfindən susduruldu.

Döyüşlər  get-gedə daha da şiddətlənirdi. Həm Füzuli, həm də Cəbrayıl şəhəri uğrunda ağır döyüşlər gedirdi. Elə ilk böyük qələbəni də Azərbaycan Ordusu Cəbrayılın kəndləri ilə yanaşı, şəhəri də azad edilməklə qazandı. Bu qələbənin qazanılması artıq  ermənilərin Cəbrayıl istiqamətində belinin qırılması demək idi. Azərbaycan Ordusu isə prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını yerinə yetirərək yeni qələbələrə imza atırdı. Və bir neçə gündən sonra Hadrut şəhəri ermənilərdən azad edildi və orda qüdrətli ordumuz Azərbaycan bayrağını sancdı. Əlbəttə, bu qələbələr dediyimiz kimi, əsgərlərimizi daha da ruhlandırır, onları yeni qələbədən-qələbəyə həvəsləndirirdi.

Bununla yanaşı, cəbhədəki böyük və möhtəşəm qələbəmiz Azərbaycanın hər yerində ruh yüksəkliyi yaratmışdı. Səfərbərlik idarələrinin qarşısında gənclərimiz toplaşaraq cəbhəyə getmək istəyirdi. Yüz min belə gənc çox böyük Vətən məhəbbəti ilə səfərbərlik idarələrindən gələn cavabı gözləyirdilər ki, onlar cəbhəyə yollanacaqlar. Ordudakı və mülki əhali arasındakı ruh yüksəkliyi çox möhtəşəm idi. Üstəlik də minlərlə insan  Füzuli və Cəbrayıldakı hərbi hissələrə yaxınlaşaraq əsgərlərimizə maddi və mənəvi kömək olurdular. Dünyanın heç bir yerində bütün xalq bir yumruq kimi birləşib 44 gündə belə bir möhtəşəm qələbə qazana bilməmişdi. Amma bunu prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz və Azərbaycan xalqı qazandı.

Qələbə dalınca qələbə gəldi. Bir müddətdən sonra Füzuli şəhəri işğaldan azad olundu. Çox keçmədi ki, Qubadlı, Zəngilan erməni işğalçılarından təmizlənərək həmin yerlərdə Azərbaycan bayrağı dalğalandı. Ermənilər tək itki vermirdilər, onların minlərlə əsgəri silah-sursatı ataraq qoyub qaçırdılar, yəni fərarilik edirdilər. Lakin 44 günlük döyüşdə bir əsgərimiz silahı yerə  qoymadı və onların hamısı axıradək döyüşdü.

Ən böyük qələbəmiz isə Şuşanın 2020-ci il noyabrın 8-də erməni işğalından azad olunması oldu. Bu dünya hərb tarixində görünməyən nadir və unikal bir hərbi əməliyyat idi. O hərbi əməliyyat ki xüsusi təyinatlılar yüngül silahla Şuşanın dağlarını, sıldırım qayalarını aşaraq şəhərə girdilər və erməni işğalçılarını çaş-baş salaraq darmadağın etdilər. Və şəhər azad olundu! 

Bu  gün də Azərbaycanın 44 günlük möhtəşəm qələbəsi dünya ölkələri  tərəfindən araşdırılır, öyrənilir. Çünki 44 günlük İkinci Qarabağ savaşı Azərbaycan tarixinə və eləcə də dünya tarixinə qızıl hərflərlə yazıldı və hərbi döyüşün sirlərini də digər ölkələr öyrənməyə başladılar. Onlar gördülər ki, Azərbaycan xalqı, Ali Baş Komandan  prezident İlham Əliyev heç kimə və heç nəyə güvənmədən 200 ildən sonra öz ərazi bütövlüyünü bərpa etdi, dövlətimizin suverenliyini qorudu. Bu bir daha dünyaya Azərbaycanın gücünü göstərdi ki, heç kim bizimlə zarafat etməsin və torpağımıza göz dikməsin! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.