16 Noyabr 2020 14:53
132348
SİYASƏT

44 GÜNLÜK MÜHARİBƏ

Onun qəhrəmanı Sərkərdəmizdir

 

Azərbaycan xalqının tarixinə şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizi böyük Qələbəyə aparan yolun başlanğıcı oldu. Həmin gün Ali Baş Komandanın əmriylə əks hücuma keçən Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini susduran müzəffər ordumuz  həm də 30 illik həsrətimizin sona çatdığını bizə bəyan etdi. Əslində Azərbaycan əsgərinin bu hünəri həm də düşmənin özünəvurğunluğuna, ordusunun “yenilməz” hesab etməsinə nöqtə qoydu. Hər kəs gördü və şahidi oldu ki, həmin o “yenilməz” ordu nə qədər miskin və pərakəndə imiş.

Biz bir vətəndaş olaraq bu müharibəni iki mənbədən izləmək imkanı qazandıq. Onların birincisi hər bir müraciətində, hər bir tvit yazısında bizi ruhlandıran, bizim arzularımıza qol-qanad verən, sozalmış ümidimizi pardaxlayan Ali Baş Komandanımız cənab İlham Əliyev, ikinci mənbə isə Müdafiə Nazirliyinin mətbuat xidməti idi. Aldığımız informasiyalar ordumuzun qəhrəmanlıq səlnaməsinin şahidinə çevrilməyimizə geniş imkan yaratdı. Biz bu xəbərlərin işığında hər gün təkcə xəritə qarşısında yox, həm də yaddaşımızın önündə kəndbəkənd irəliləyir, Şuşaya yaxınlaşırdıq. Bircə faktı qeyd edim ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin xalqa etdiyi müraciətlərin hər bir sözü sıravi vətəndaşdaşdan tutmuş aydınlarımıza, səlahiyyət sahiblərimizə qədər hər kəsin dilinin əzbəri olmuşdu. Xüsusilə onun erməni ordusuyla bağlı, Ermənistanın baş naziriylə bağlı söylədiyi  fikirlər bizə sevincin bütün çalarlarını ifadə edirdi, yaşadırdı. Açıqca görürdük ki, Ordumuz düşməni iti qovan kimi qovur. Ermənistanın baş naziri, eləcə də qondarma Dağlıq Qarabağ Respublikasının özündən prezidenti qaçıb gizlənməyə siçan yuvası axtarır. Çünki bu gəlmələr bu torpağı zəhərlədiyi üçün rədd olub, gorbagor olub getməli idilər. Bax, elə belə də oldu!

44 gün çəkən müharibə zamanı ordumuz özünün tam və qəti qələbəsini təmin etməklə Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər yağı düşməndən təmizləndi. Həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Özü də o Qələbə bayraqları sancılan ərazilərin yollarında, küçə və meydanlarında məhv edilmiş düşmənin çoxlu sayda döyüş texnikası, silah-sursatı, canlı qüvvəsi tökülüb qaldı. Demək olar ki, Ermənistan ordusu darmadağın edildi. Qonşu ölkələrin medialarının da qeyd etdiyi kimi, artıq Ermənistan ordusu müqavimət qabiliyyətini itirmiş, vahid komandanlığı olmayan başıpozuq bir dəstəyə çevrildi. Bu dəstə də əraziləri tərk edərkən öz vəhşi xislətini büruzə verməyi unutmadı. Onlar evlərimizi, meşələrimizi, ərazidə olan mal-qaranı, sosial obyektləri yandırmaqla, məhv etməklə kimliklərini dünyaya göstərdilər. Bu kadrları izləyən hər kəs bir daha əmin oldu ki, ermənilər əslində sivilizasiya görməmiş barbarlardı.

Bəli, Azərbaycan Ordusu 30 il yuxularımızın, xəyallarımızın fövqündə olan Şuşanı azad etdi. Şuşa şəhərinin azad edildiyi həmin gün ordumuz 70 kəndimizi, 8 strateji yüksəkliyimizi də düşməndən geri aldı. Bu döyüşdə ordumuzun göstərdiyi qəhrəmanlıq, əsgərlərimizin göstərdiyi cəngavərlik əsl nağılların, dastanların, filmlərin süjetlərini bizə xatırlatdı. Düşmən də,  bölgədə olan müxtəlif ölkələrin media nümayəndələri də əsgərlərimizin Şuşadakı heyrətamiz qəhrəmanlığını sözlə ifadə etməkdə çətinlik çəkdilər. Onlar Azərbaycan oğullarının Şuşada necə döyüşdüklərini ifadə etmək üçün bircə kəlmə işlədirdilər – bu qəhrəmanlıq fantastika idi!

Həqiqətən də Şuşanın küçələrində, girişində tökülüb qalmış erməni əsgərlərinin meyitləri bizim qəhrəmanlarımızın torpaq üçün, vətən üçün necə və nələrdən keçdiklərini göstərən bir detaldır.  Bu detal həm də bütövlükdə ordumuzun, bu ordunun aid olduğu xalqın, həm də onun Sərkərdəsinin nə qədər mətin və qətiyyətli olduğunu dünyaya göstərdi. Düşmən də, elə dost da gördü ki, Azərbaycan əsgəri yenilməzdir. Məhz bu yenilməzlik biyabırçı şəkildə qaçıb gizlənən Ermənistan rəhbərliyinin, onların ordu komandanlığının xislətini açıb göstərdi. Bu gün də İrəvanda baş verənlər həmin xisləti bir daha sərgiləyir. Belə ki, Ermənistanın daxilindəki biyabırçı mənzərə, hazırkı gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, qarşıdurmalar, parlamentə hücumlar bu respublikanın sahibsizliyindən xəbər verir. Əgər biz bir paralellik aparsaq, onda görərik ki, Azərbaycan xalqının 10 noyabrdakı bayram atəşfəşanlığı, eləcə də Ali Baş Komandanımız İlham Əliyevin fəxrlə imzaladığı bəyənnamə bizim həm mənəvi üstünlüyümüzü, həm xalq olaraq yumruq kimi birləşməyimizi, həm də hər kəsin öz prezidentinə sevgi və sayğı ilə yanaşmasının göstəricisidir. Deməli, düşmən məkrli olduğu kimi, həm də mənən çox cılız və dayaz xislətə, əxlaqa malikdir. Ona görə də məğlubiyyətini də nadanlar kimi qarşılayır, nadanlar kimi həzm edir.

30 illik zaman tarixi bizim əxlaqımıza, mənəviyyatımıza heç bir kölgə salmadı. Biz xalq olaraq dözdük, səbr etdik və komandanımızın qəbul edəcəyi qərarı gözlədik. Həmin 30 ildə Ermənistanla aparılan danışıqlar, Minsk qrupununun Ermənistana havadarlığı, orada aparılan silahlanmaya göz yumması, böyük dövlətlərin susqunluğu, beynəlxalq təşkilatların laqeydliyi, bir sözlə, bütün bu baş verənlərə etinasızlıq  bizi bir xalq olaraq daha da sıx birləşdirdi. İndi həmin  o danışıqlar da, həmsədrlərin mənasız bəyanatları da tarixin arxivinə atılıbdır. Üstəlik, Azərbaycanın həmin danışıqlar zamanı təklif etdiyi problemin həll edilməsi ilə bağlı variant da öz əhəmiyyətini itirdi. Çünki ordumuz Şuşaya Qələbə bayrağını taxdı. Bu bayraqla Dağlıq Qarabağın muxtar vilayət statusu da ləğv olundu. Azərbaycan ərazilərində ikinci erməni dövlətini yaratmaq məkrli planı da bir kağız parçası kimi cırılıb atıldı. Deməli, düşmən öz hiyləgərliyinin, üstəlik, həm də nadanlığının girovu kimi diz çökdü. Biz beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupunun bu uzun illər ərzində həll etmədiyi problemi 44 günə həll etdik. Və beləliklə də sentyabr ayının 27-də başlanan Böyük Vətən Müharibəmiz Qələbəylə başa çatdı. Və hər kəs gördü ki, Qarabağ Azərbaycandır!

Əbülfət MƏDƏTOĞLU

“Ədalət” qəzetinin baş redaktorunun birinci müavini, Əməkdar jurnalist