30 Avqust 2024 09:00
7850
LAYİHƏ

44 GÜNÜN BÖYÜK ZƏFƏRİ!

Dünyada çox müharibələr olub və bu müharibələr də şəhərlərin dağılması, insanların ölməsi, bir sözlə,  uşaqların gözü yaşlı  qalması ilə nəticələnib. Dünya  tarixində 365 illik, 100 illik, 25 illik, 7 illik, 5 illik  müharibələr  olub və bu müharibələr  onu göstərib ki, bəşəriyyət  və insanlıq  hansı faciələr yaşayıb. Düzdür, müharibələri eləyən  güclər, qüvvələr  və maraqlı  dövlətlər olur. O maraqlı dövlətlər də bu müharibələrdən  böyük qazanclar əldə edir, vəsait qazanır. Heç şübhəsiz, bu cür müharibələr  bayaq dediyimiz kimi, bəşəriyyətə  və insanlığa  çox böyük zərbədir. Ən azından ona görə ki, müharibə özü ilə  ölüm, aclıq, fəlakət və faciələr gətirir. 

Bizim ölkəmiz də uzun illər, daha doğrusu, düz  30 il çox çətin  və  mürəkkəb durumda oldu. Ona görə  mürəkkəb durumda oldu ki,  ərazimizin 20 faizi  erməni işğalçıları  tərəfindən zəbt edilmişdi, onlar  və havadarları zəbt edilmiş  rayonlarımızın, şəhərlərimizin, kəndlərimizin və qəsəbələrimizin altını  üstünə  çevirməklə yanaşı, varını-dövlətini, sərvətini də  taladılar. Bununla da gözləri doymadı, Ağdamda, Füzulidə qəbir  daşlarını  söküb  apararaq  onun yerində  taxıl əkdilər. Heç insanlığa  sığarmı belə bir  vəhşilik? Amma  sığdı.  Çünki bu müharibə  cinayətlərini  eləyənlər  insan deyildilər, heç onlara  vəhşi də demək o qədər  ədalətli olmaz. Onlar goreşənlər idi. Goru eşib  dəfn  olunmuş  insanların  məzardakı qızıl dişlərini  axtarırdılar.  Tapdıqları  cəsəddən  qızıl dişləri götürür, sümükləri isə hara gəldi atırdılar. Bu vəhşiliyə  Allah heç  vaxt dözməzdi və dözmədi də.

Düz 30 ildən sonra səbr kasası  daşan və hər cür  dərdə dözən Azərbaycan ermənilərin  cavabını  verməyə  hazır idi.  Ermənilər isə  tez-tez atəşkəsi pozur, yaşayış məntəqələrimizi  fasiləsiz olaraq  ağır artileriyalardan  atəşə tuturdular. Bu cür  vəhşiliyə  tab gətirmək, dözmək  qətiyyən  mümkün deyildi. Ona görə də  Ali Baş Komandan, Azərbaycan prezidenti  İlham  Əliyevin əmri ilə ordumuz  2020-ci il sentyabrın  27-də  səhər saatlarında  Cəbrayıl və Füzuli istiqamətlərində  əks-hücuma  keçdi.  Bu hücum  qüdrətli Azərbaycan  ordusunun və Azərbaycan əsgərinin qeyri-adi bir döyüşü idi. Bu hücum  30 ildir susan tanklarımızın, ən müasir  silahlarımızın necə bir  qüvvəyə malik olması və qüdrəti idi. Bu hücum  Azərbaycan  əsgərinin adi əsgər olmadığını, aslan, şir kimi  döyüşdüyünü  təsdiq edirdi.

Bir neçə günün  içində bayaq dediyimiz kimi, Cəbrayıl və Füzuli  istiqamətində  çox ağır döyüşlər getdi. Və bu döyüşlər  zamanı  Azərbaycan ordusu  ilk dəfə olaraq öz gücünü və qüdrətini  erməni işğalçılarına  göstərdi. Çünki ermənilərin səngərlərinə və ağır texnikalarına havadan, yerdən və müxtəlif  istiqamətlərdən güclü atəş açılırdı. Bu atəş sanki göydən odun  yağmasını  xatırladırdı. Heç  şübhəsiz, erməni  ordusu hələ indiyə kimi belə bir  döyüş  görməmişdi. Onlar ordumuzun güclü  zərbələri nəticəsində ağır texnikalarını, artilleriyalarını və digər döyüş  maşınlarını itirir, xilas olmaq üçün həmin  tanklardan özlərini  bayıra  atır və canlarını  götürüb qaçmaq istəyirdilər. Amma  Azərbaycan əsgəri yağı düşmənə aman vermirdi. Özündənrazı və təkəbbürlü  erməni ordusuna və  onun  əsgərinə  əsl dərs verirdi. Hətta ermənilərin əsgərləri  Azərbaycan ordusunun  əks hücumunun necə  güclü  olduğunu  hiss edərək sığınacaqlarda gizlənir və səngərdən  çıxmaq  istəmirdi. Elə bizim xüsusi təyinatlılar  və döyüşən oğullarımız isə onları  səngərdə  yaxalayır, məhv edir və ələ keçirirdi. 

Bir erməni  generalı  deyir ki, azərbaycanlıların pilotsuz təyyarələrini  görəndə bilirdik ki,  hamımız öləcəyik. Çıxış yolu qaçıb gizlənmək və müdafiə olunmaq idi. Amma biz  səngərdə  gizlənsək də  həmin pilotsuz təyyarələr bizi  axtarıb tapır və məhv edirdi.  Ancaq azərbaycanlıların pilotsuz  təyyarələri Təcili  Tibbi Yardım maşınlarına  atəş açmırdı. Mənim özüm də  gördüm ki, artıq ya  pilotsuz  təyyarə vasitəsilə öldürüləcəm, ya da əsir götürüləcəm, ona görə də vaxt itirmədən  Təcili Tibbi Yardım maşınına   minib  döyüş mövqeyini  bir neçə polkovniklə tərk etdik və Xankəndinə qaçdıq. 

Bax, budur erməni generallarının və polkovniklərinin  qeyrəti. Çünki onlar  həmişə öyrəşmişdilər ki, kimlərsə ermənilərin  əvəzinə  döyüşəcək. Çünki onlar Qarabağda döyüşlər zamanı  rus əsgərlərinə  çox böyük  ümid bəsləyirdilər. Təbii ki, rus əsgəri də heç  vaxt onların yerinə döyüşən deyildi. Ermənilərin ağlı 90-cı illərin  əvvəllərinə getmişdi. Çünki 90-cı illərin  əvvəllərində onlar rus ordusunun havadarlığı ilə  işğal altında olan torpaqlarımızı  ələ keçirmişdilər.

Artıq sentyabrın dörd günü  ərzində  Cəbrayılın və Füzulinin neçə-neçə kəndi işğaldan azad olundu. Bir neçə gündən sonra isə Cəbrayıl şəhəri  erməni işğalçıları  tərəfindən təmizləndi. Sonra Hadrut Azərbaycan ordusunun gücü ilə ermənilərin əlindən geri alındı və Hadrut şəhərində Azərbaycan  bayrağı dalğalandı. Strateji əhəmiyyəti olan Füzuli şəhəri də  azad olundu. 

Bir-bir Azərbaycanın  işğal altında olan  rayonları, şəhərləri, qəsəbələri  azad edilirdi.  Bir müddətdən sonra Qubadlı, Zəngilan və ən nəhayət, Şuşa  şəhəri  ermənilərdən tamamilə təmizləndi və Azərbaycan  44 günlük İkinci Qarabağ savaşında  çox möhtəşəm bir qələbə qazandı. O qələbə ki  ermənilər  məcbur olub təslim aktına imza atdılar. Bu təslim aktına görə bir müddətdən sonra Ağdam, Laçın və Kəlbəcər boşaldılmalı idi. Elə nəzərdə tutulan vaxtda da həmin rayonlar boşaldıldı və  Azərbaycan ordusu  bayrağımızı  həmin yaşayış  məntəqələrinə sancdı.  44 günlük müharibədə  ermənilərin  bir  mülki  əhalisinin  birinin burnu belə qanamadı.  Çünki Azərbaycan ordusu  dünya hərb tarixində  anoloqu və oxşarı olmayan bir  tarixi əməliyyat apardı. Bu əməliyyat göstərdi ki, Azərbaycan və onun ordusu dünyanın ən qüdrətli ölkəsi, ordusudur. Ona görə də bir çox ölkələr  tərəfindən Azərbaycanın 44 günlük apardığı müharibə təcrübəsi öyrənilir və ondan bəhrələnilir. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.