adalet.az header logo
  • Bakı -°C
28 Oktyabr 2026 10:23
62
ELM VƏ TƏHSİL
A- A+

“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”

“Azərbaycanda ali məktəblərə qəbul Türkiyə modeli üzərindən qurulub, bunu hamı bilir. Türkiyədə təhsil sahəsində yeni qiymətləndirmə modelinin tətbiqi ilə bağlı dəyişikliklər edilir. Azərbaycanda da qəbul və qiymətləndirmə sistemində belə dəyişikliklər niyə olmasın? Bu gün repetitorluğun geniş yayılması, ailələrin övladlarının təhsili üçün böyük maddi vəsait xərcləməsi, abituriyentlərin və valideynlərin illərlə davam edən stress içində yaşaması ciddi müzakirə mövzusudur”. 

Adalet.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Məzahir Məmmədli deyib. 

Ekspert bildirib ki, Türkiyədə müzakirə olunan yeni qiymətləndirmə modelində açıq suallara, şagirdlərin bilik və bacarıqlarının daha dərindən yoxlanılmasına, qiymətləndirmə meyarlarına xüsusi diqqət yetirilir:

“Əlbəttə, məktəbdaxili imtahanlarla ali məktəblərə qəbul imtahanları eyni deyil. Ancaq bu təcrübə bizə də bir sual ünvanlayır: Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın. Bizdə də elə bir sistem qurulsun ki: Şagirdin əsas hazırlıq məkanı məktəb olsun; Repetitordan asılılıq tədricən azalsın; Ailələrin üzərinə düşən maddi yük yüngülləşsin; Abituriyentlər və valideynlər illərlə imtahan stressi yaşamasın; Qiymətləndirmə yalnız test həll etmək bacarığını deyil, düşünmək, təhlil etmək və biliyi tətbiq etmək qabiliyyətini də ölçsün? Niyə bizim uşaqlarımız daha az stresslə, valideynlərimiz daha az maddi qayğı ilə, məktəblərimiz isə daha böyük məsuliyyət və nüfuzla təhsil prosesinin mərkəzində olmasın? Məncə, bu məsələ ciddi şəkildə müzakirə edilməlidir. Bəs siz necə düşünürsünüz? Azərbaycanda qəbul və qiymətləndirmə sistemində bu istiqamətdə dəyişikliklərə ehtiyac varmı?”.

Vasif ƏLİHÜSEYN