Afrika Millətlər Kubokunda 1/4 final cütlükləri bəlli oldu
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Adalet.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçında Əlcəzair millisi Konqo Demokratik Respublikası ilə qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib. Əsas vaxtı qolsuz başa çatan oyunun 119-cu dəqiqəsində fərqlənən Adil Bulbina Əlcəzair yığmasını 1/4 finala daşıyıb.
Raundun son matçı isə Kot d`İvuar və Burkino Faso komandaları arasında baş tutub. Rəqibinə 3 cavabsız qolla qalib gələn birincilər növbəti mərhələyə adlayıblar. Qolları Amad Diallo, Yan Dyomande və Bazumana Ture vurublar.
Daha əvvəl Seneqal, Mali, Mərakeş, Kamerun, Misir və Nigeriya komandaları adlarını 1/4 finala yazdırıblar. Bu raundda Mali Seneqalı, Kamerun Mərakeşi, Əlcəzair Nigeriyanı, Misir isə Kot d`İvuarı sınağa çəkəcək. Qarşılaşmalar yanvarın 9-10-da keçiriləcək.
Qeyd edək ki, Afrika Millətlər Kubokuna yanvarın 18-də yekun vurulacaq.


Bakı -°C

