Aldı görək Aydın Can nə dedi...

AYDIN CANIYEV
112612 | 2020-12-16 11:16

O kim ki deyib e, ya da deyir e, məsafə-filan boş şeydi, təki ürəkdə yerin olsun. Qələt edir, hələ bir başını dadaşa döyür! Verirəm ürəyimi əlinə, dünyanın hansı cəhənnəminə, hansı cənnətinə istəyirsə getsin, ordan mənə desin ki, ürəyin əlimdə, rahatam! Ay dedi ha!

O ki adamın burnunun ucu göynəyir, o ki istəyirsən bağrına basasan, o ki istəyirsən baxışını, duruşunu, yerişini, təbəssümünü, sözünü alasan e nəfəs kimi içinə, olmur ha, bax, onda qolun qırılır düşür, ya da hiss edirsən ki, qolların səndən yüz il əvvəl kəsilib götürülüb, heç qolun olmayıb, gözünü yaş boğur, elə bilirsən, sən bu dünyada heç vaxt heç nəyi və heç kimi görməyibsən, boğazın qəhərlənir, çökürsən e - elə ürəyində yaşatdığın ağırlıq basır e aşağı, çəkir yerə, dizini qatladır, kələyin kəsilir ha, onda başa düşürsən ki, sən bir yetim bəndənin Allahın yüz faiz yerinə yetirəcəyi arzu kimi istəyirsən: nə kefindən uzaq olasan, nə dərdindən, Allahın sənə bir məkanda, bir zamanda, bir dünyada bəxş etdiyi yerdaşlığı qurtum-qurtum içəsən, udum-udum udasan, baxış-baxış yeriyəsən!

Bax, elə adamdır, odur, həmin o Allahın yüz faiz yerinə yetirəcəyi yetim uşağın arzusudur Ayaz! Arabaçı!

Bir də o sözü deməyin: ürəkdən ürəyə yollar görünür! Yaxşı, ürəyin ehtiyacını ürəkdən ürəyə olan yollar ödədi, bəs gözün, bəs ruhun, ciyərin, bəs...

Sizə anekdot kimi olay danışmasam, alınmaz!

Bunu mənə Şəkidə "qızıl Həsən”in yurdunda cənnətməkan Libadə xanım danışıb Rəhim bəyin siyasətə qədərki həyatından yazmağa gedəndə.

Rəhmətlik Həsən kişinin qonağı varmış, Bakiya qayıdanda Rəhimə deyir ki, apar qonağı Yevlaxdan yola sal. 9-da, ya 10-da oxuyan Rəhim bəy də ağ "Moskviç-412”-də, ağ plaşda gətirir qonağı yola salır Yevlaxdan, sonra girir kafeyə kabab sifariş verir. Ofisiant kababı gətirir, amma çəngəli gətirmir. Elə uşaqlığından "tripaç” olan Rəhim bəy ofisiantı çağırır ki, haindi məni kəççi sayırsan çəngəl vermirsən? Ofisiant da heç nə demir, gedir bir dənə əvəzinə iki dənə çəngəl gətirir qoyur qabağına və deyir:

- Haindi ye çəngəllə, amma bil ki, kababı çəngəllə yemək arvadı maqqaşla çimdikləmək kimi bir şeydi!

Əzizlərinizin, əziz bildiklərinizin orbitindən uzaq düşməyin, ümid edirəm ki, fəlsəfə açmağıma ehtiyac yoxdu, dedim bildiniz, qoy mən keçim o biri abzasa!

Bu Ayaz var ha, bax, bu hər gün bizim üçün şeir yazan oğlan, boynunuza minnət-zad qoymuram ha, elə belə də demirəm, sadəcə deyirəm ki, biləsiniz: o... bizim laqeydlik, mağmınlıq, "keybalaxanım" fərasətimizdən ayaz vurmuş dərdlərimizin arabaçısıdır. Şəlləyib belinə, yox, şeirlərinə... daşıyır dünyaya. Bizi bu ayaz dərdlərimizlə doqquz ana lazımdı dəsmal götürüb ağlasın! Amma və lakin... Ayaz ağlayıb-eləmir, çəkilmir dala, yüküm ağırdı deyib gedib hər yerdə Günəş olsun deyə ona-buna təşəkkür-zad da eləmir, işsiz qalsa da, dünya onun şe...irlərinə deyil!

Sadəcə bir orası var ki, adam işıq adamdı, adam çiçək adamdı, adam şeir, hekayə, poema-roman, əlqərəz, ədəbiyyat adamdı, amma neyləsin ki, "arabaçılıq" edir millətə!

Həə, onu deyim, sonra onbirini də deyərəm. Atabaatama lənət olsun ki, mən daha diri adamlardan bax belə "bəytərifi" yazmaram. Ramiz Rövşən demiş, "adamların zayı çıxıb, adamları yemək olmur”. Qələt edib deyirsən ki, bax, bu adam mübariz adamdı, bununla muradına çata bilərsən vətəndaş, şair, nasir, siyasətçi adına, o kəmfürsət arvadlar olur e, deyirsən zəif yerimdən vurma, elə məhz zəif yerindən vurur, bax, heylə adamı qoyurlar... pis vəiyyətdə!

Səsi ya ordan gəlir, ya burdan. Adam, adamsan, siyasətçisən, səsin meydandan gəlsin, xalqın səsiylə gəlsin, şairsən, şeirdən gəlsin, yazıçısan, nəsrdən gəlsin, deputatsan, qanun layihələrindən gəlsin, axı sənin nə işin var... əstəğfürullah! Əuzi-billahi minəşşeytanir-rəcim!

Hə, bunu tezbazar deyim, yadımdan çıxmamış – bütün gecəni yatmamışam, dalğalarım qarışır (axır vaxtlar Günəşi çıxanda elə Günəş oxumaq üçün yatmıram. Yatıb duranda görürəm ki, "GÜNƏŞ” od olub yandırmaqdansa, KÜLƏŞ olub): Səkinə İsmayılova var e, oxuyan, o münsiflər heyətində olan xalq artisti, uşaq vaxtı onu ultraqısa dalğalarda "Araz” radiosundakı ifalarıyla sevirdim, qəşəng səsi vardı, sonralar avara bir qəzetdə baş redaktor olanda müxbiri onunla danışdırmağa göndərmişdim, meydanı götürən bu ara müğənnilərə münasibətini öyrənmək üçün, elə gözəl cavab vermişdi, özünü, lənət yalançıya, özünü yox, düşüncəsini, məntiqini sevdim (düzdür, o sualı "ədəbiyyat söhbətləri"ndə Azərbaycanın on ən dahi yazarına verdim, bu artistin mükəmməl cavabını vermədilər). O müsahibəsində demişdi ki (mən yadda saxladığım kimi yazıram):

- Qədimdə pəhləvanlar güləşərdi. O pəhləvanlar meydana çıxmamış, uşaqların əlinə verərdilər vedrəni ki, girin meydanı sulayın, pəhləvanlar meydana çıxıb gəşt edəndə, güləşəndə toz qopmasın. İndi bu ara müğənniləri də heylə, giriblər, meydanı sulayırlar, sulayandan sonra çıxacaqlar, yenə meydan pəhləvanlara qalacaq!

Ayaz, Gədəbəyin Arabaçı kəndindən gələn, 50 ildən çox xalqın övladlarını maarifləndirən, özü odun alıb qışda yandıran, amma uşaqlara təmənnasız repetitorluqdan qalmayan Vilayət kişinin oğlu Bakıya, meydana gəlib də, qalıb da. Müstəqillik dönəmində o qədər "meydansulayan” şair gördük ki! Sartrist, postmodernist, utopist, liberalist, hamısı çezdi getdi!

Qalan Rasim Qaracadı, qalan Mirzə Sakitdi (o da Avropada)..., qalan... qalan... nə isə, mənim ağlıma qalan gəlmədi Ayaz Arabaçıdan başqa. Var e, amma tvist, tanqo, vals oynamaqları olmaya!

Bax, buna görə deyirəm, şairi-yazıçısı ölməsə, "bəytərifi" bir yana e, elə belə təbrik də yazmaram!

Zalım balaları, meydana elə girib tozanaq qopartdılar, deyərdin bəs Xəzərin suyunu, Arazla Kürün ağzını döndərsən bunların meydanına, bu tozanaq yatmaz! Özlərinin qopartdığı tozanağı elə özləri suladılar və çıxdılar meydandan!

Haqqımda çox yaxşı və çox dəyərli sözləri çox böyük kişilər deyib, amma vallah, bu qədər arzıslığımla, təkəbbürümlə şəxsimə aid etməyə utanıram, imkan düşdükcə, əziz adamının toyunda ən bahalı hədiyyə, nəmər verirəmmiş kimi, o təşbehləri layiq olan dostlara transfer edirəm. Biri də Vahid MÜƏLLİMin dediyidi: "Fikrət MÜƏLLİM, deyirdim e, bizi deyib gələn çox olacaq, qalan az, lap az olacaq, Aydın o qalan azlardandır”.

İndi öz aramızdı, mən nə qədər yekəxana, təkəbbürlü olsam da, bu söz mənim özümə bir az çöçün gəlir, şeir hara, mən hara, hekayə hara, mən hara, ədəbiyyata aidlik hara, mən hara, insaf dinin yarısıdı axı, bu dəyər Ayazın haqqıdı da, Ayaza demək olar da: "Ədəbiyyata gələn çox olar, qalan az, lap az olar, bax o qalan azlardandır Ayaz Arabaçı!”

Misralari, beytləri, bəndləri, şeirləri – gəraylısından, qoşmasından qəzəllərinə, həcvlərinə qədər... Şah Abbasın dəvələri bəs eləməz karvanını çəksin, arabaçılığını eləsin ayaz dərdlərimizin arabaçısı – Ayaz Arabaçının dünyasını!

Bəxtimiz bir də onda gətirib ki... bunun hələ vur-tut 52 yaşı olur. 50 və 2! Söz oynatmayaq, sözü gözdən salmayaq, belə deyək də: xalqımızın elə ömür mənasında arzusu nə və nə qədər olub? 100 yaşamaq da. Mən də elə onu deyirəm də: 50-ni 2 dənə elə, Ayaz. Sənə ARABA lazım deyil yükünü çəkib aparmağa. Öz ömrünü çəkməyə ARABAÇIlığı da bacararsan bizim bu boyda yükümüzü ki sən belə çəkirsənsə. Həm də işinin-ömrünün adı nədi ki?

Həə, abim mənim, sevinirəm ki, şeir-hekayə adına yazdıqlarımı oxumağa ilk olaraq sənin inbox-una atmışam, Ramiz Qusarçaylının inbox-una atmışam. Lap əvvəldən Ramiz Qusarçaylının israrlı təklifi, təhriki, sonra da sənin bir dəfə əvəzinə iki dəfə zəmanət yazmağın olmasaydı, məndən ədəbiyyat rəsmisi qayırmaq istəyənin də arzusu ürəyində qalardı!

Sənə bizi - vətəni, ölkəni, xalqı düşünüb yazdıqlarına, gördüyün işlərə, yaxşılıqlara görə bir təşəkkür edirəm, şəxsən özümə görə isə, səndən əvvəl təşəbbüskar olan Ramiz Qusarçaylıya və sonra sənə təşəkkür edirəm. Etdiyin işə, yaxşılığa görə sənə təşəkkür etsəm, eynisini səndən əvvəl etmiş Ramiz Qusarçaylını öncə xatırlamasam, sözün də, kişiliyin də ahəngi pozular! "Voobşe”, bilirsən nə var? Təbrik, yazı, bunlar bəhanədi, hazırlaş, Ustadla bir məkanda – Qubada, yəni AY İŞIĞINDA və "Ay işığında”... "arvadı maqqaşla çimdikləməyə”!

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV