adalet.az header logo
  • Bakı -°C
10 Iyul 2026 10:30
79
DÜNYA
A- A+

Almaniyada minlərlə insan istidən öldü

Almaniyada iyun ayında müşahidə olunan həddindən artıq isti hava dalğası minlərlə insanın ölümünə səbəb olub.

Adalet.az xəbər verir ki, ölkənin aparıcı ictimai səhiyyə qurumu olan Robert Kox İnstitutunun (RKI) məlumatına görə, bu dövrdə isti ilə əlaqədar ölənlərin sayı 5120 nəfərə çatıb.

Bildirilir ki, ölüm hallarının əksəriyyəti isti vurması və yüksək temperaturun mövcud sağlamlıq problemlərini ağırlaşdırması ilə bağlı olub.

Məlumata görə, isti hava dalğasından ən çox 85 yaş və yuxarı şəxslər zərər çəkib. Bu yaş qrupunda 2950 nəfər həyatını itirib. Ölənlər arasında 75-84 yaş qrupundan 1320, 65-74 yaş qrupundan 550, 65 yaşdan aşağı olanlar arasında isə 300 nəfər var.

RKI-nin statistikasına əsasən, 85 yaşdan yuxarı ölənlərin 1780-i qadın, 1170-i isə kişi olub.

Almaniya Meteorologiya Xidməti (DWD) yaxın günlərdə ölkədə temperaturun yenidən yüksələcəyini açıqlayıb. Proqnozlara görə, şənbə günündən etibarən Almaniyanın cənub bölgələrində havanın temperaturu 34 dərəcəni keçəcək, bazar günü isə bəzi ərazilərdə 36 dərəcəyədək yüksələcək.

Qeyd edək ki, Almaniyada həddindən artıq istilər nəticəsində ən çox ölüm 2018-ci ildə qeydə alınıb. Həmin il 8400 nəfər həyatını itirib. Sonrakı illərdə isə bu göstərici 2019-cu ildə 6900, 2022-ci ildə 4700, 2023 və 2024-cü illərdə isə təxminən 3000 nəfər təşkil edib.

Bu ilin iyun ayında Almaniyada temperatur ardıcıl üç gün ərzində 41 dərəcəni keçərək yeni rekord müəyyənləşdirib.