adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 17:14
74
DÜNYA
A- A+

Almaniyada “siyasi zəlzələ” yaxınlaşır

Almaniyada sentyabrın 6-da keçiriləcək Saksoniya-Anhalt seçkiləri ölkənin siyasi sistemində indiyədək görünməmiş vəziyyət yarada bilər. Sorğuların proqnozları doğrularsa, sağçı “Almaniya üçün Alternativ” (AfD) ilk dəfə Almaniyanın federal torpaqlarından birində hakimiyyətə gələ bilər.

Adalet.az xəbər verir ki, “Politico” Almaniyanın siyasi elitasının artıq AfD-nin mümkün qələbəsindən sonrakı dövr üçün müxtəlif ssenariləri müzakirə etdiyini yazır.

Məsələnin mərkəzində Saksoniya-Anhaltda AfD-nin əsas simalarından biri Ulrix Ziqmund dayanır. Partiya parlamentdə mütləq çoxluq əldə edərsə, onun torpağın baş naziri olması gözlənilir. Bu isə 2013-cü ildə yaradılmış AfD-ni indiyədək federal və regional hökumətlərdən kənarda saxlayan məşhur siyasi “firewall”ın – səddin – ilk dəfə aşılması demək olacaq.

“Politico”nun yazdığına görə, Berlində ən ciddi narahatlıqlardan biri AfD hakimiyyətinin məxfi təhlükəsizlik və kəşfiyyat məlumatlarına çıxış əldə etməsidir. Bunun əsas səbəbi kimi partiyanın Moskva ilə münasibətlərə yanaşması göstərilir. Türingiyanın daxili işlər naziri Georq Mayer AfD-nin Rusiya ilə “yaxşı kanallara” malik olduğunu iddia edib və kifayət qədər sərt ifadə işlədib:“AfD Saksoniya-Anhaltın baş nazirini verərsə, Kremldə şampan şüşələri açılacaq”.

Bu səbəbdən AfD-nin həssas məlumatlardan necə uzaq saxlanılması barədə variantlar nəzərdən keçirilir. Ssenarilərdən biri digər 15 federal torpağın daxili işlər nazirlərinin Saksoniya-Anhalt nümayəndəsi olmadan ayrıca qapalı görüşlər keçirməsidir.

Daha sərt variant kəşfiyyat sistemlərində xüsusi informasiya sədlərinin yaradılmasıdır. Belə halda AfD-nin idarə etdiyi qurumların, xüsusilə sağ ekstremizm və casusluqla bağlı məxfi məlumatlara çıxışı məhdudlaşdırıla bilər. AfD isə Moskva ilə xüsusi əlaqələrinin olması barədə ittihamları rədd edir. Partiyanın yerli nümayəndəsi Patrik Harr “Moskvaya qırmızı telefonumuz yoxdur” deyərək bu iddiaları əsassız adlandırıb.

“Politico” Avstriyanın təcrübəsini də xatırladır. Sağçı Azadlıq Partiyası hökumətə daxil olaraq Daxili İşlər Nazirliyinə nəzarəti ələ keçirdikdən sonra Qərb tərəfdaşları Avstriya ilə məxfi məlumat mübadiləsini məhdudlaşdırmışdılar. Almaniyada da müttəfiqlərin məlumatların Moskvaya çata biləcəyindən şübhələnəcəyi halda oxşar vəziyyətin yaranmasından ehtiyat edilir.

Müzakirə edilən başqa vasitə maliyyə təzyiqidir. Saksoniya-Anhalt Almaniyanın federal maliyyə bərabərləşdirmə sistemindən ciddi şəkildə asılıdır və 2025-ci ildə bu mexanizmdən təxminən 2,8 milyard avro alıb. Bu, torpaq büdcəsinin təxminən beşdə birinə bərabərdir. Lakin ekspertlər siyasi səbəblərlə bu vəsaitin kəsilməsinin ciddi konstitusion maneələrlə üzləşəcəyini bildirirlər.

Ən radikal ssenari isə Almaniya Konstitusiyasının indiyədək heç vaxt tətbiq edilməmiş 37-ci maddəsidir. “Federal məcburetmə” adlanan mexanizm Bundesratın razılığı ilə Berlinə federal torpağı qanuni öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün tədbirlər görmək imkanı verir. Bununla belə, “Politico”nun danışdığı siyasətçilərdən heç biri bu variantı açıq şəkildə gündəmə gətirməyib.

Ancaq Berlin üçün başqa bir problem də var: AfD-yə qarşı həddindən artıq sərt tədbirlər əks effekt verə bilər. İyul sorğularından birinə görə, almanların yalnız 42 faizi əsas partiyaların AfD ilə əməkdaşlıqdan tam imtinasını düzgün hesab edir. Başqa sorğuda isə AfD-ni təcrid etmək siyasətinə dəstək əvvəlki 54 faizdən 46 faizə enib.

“Politico” buna görə paradoksal ehtimalı da nəzərdən keçirir: AfD-ni zəiflətməyin ən təsirli yolu onun qarşısını almaq deyil, hakimiyyətə gəlməsinə imkan vermək ola bilər. İllərlə müxalifətdə rəqiblərinin səhvlərindən siyasi dividend qazanan partiya ilk dəfə real idarəçilik məsuliyyəti ilə üzləşdikdə daxili çəkişmələr və idarəçilik problemləri onun populyarlığını sarsıda bilər.

Beləliklə, sentyabr seçkiləri yalnız Saksoniya-Anhaltın taleyini müəyyənləşdirməyəcək. AfD ilk dəfə hakimiyyətə gələrsə, Almaniyanın on ildən artıqdır işləyən “siyasi səddi” faktiki olaraq dağılacaq və Berlin indiyədək yalnız nəzəri hesab etdiyi sualla üz-üzə qalacaq: seçki ilə hakimiyyətə gəlmiş AfD ilə necə davranmalı?