adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Iyun 2022 11:44
1045
ƏDƏBİYYAT

AMERİKADA MİLLƏTÇİLİK KEÇMƏZ - Nəriman Qasımoğlu yazır

Amerikalıların “hiking” dediyi fiziki-əyləncəli fəaliyyət növü var: təbii mühitdə, meşədə, dağ çığırları ilə gəzintini xoşlayanların hobbisidir. Əslində, elə idman növü kimi bir şey.

ABŞ-da Kaliforniya Dövlət Universitetində çalışdığım zaman xanım həmkarlarımdan biri, dilçilik professoru Evelin bir dəfə təklif etdi həftədə iki dəfə rəfiqələri ilə birlikdə ona qoşulum, Los Anceles ətrafında yüksəkliklərdə “hiking”lə məşğul olaq. Mənimlə rəfiqələrini öz avtomobili ilə dağ ətəyində yerləşən parka aparacaqdı, birlikdə gəzinti qruplarına qoşulacaqdıq.

Universitet binalarının birində dörd-beş nəfərlə paylaşdığımız ofisin bir küncündə “Commonalities in the Bible and the Koran From Ecotheology Perspectives” (“Bibliyada və Quranda Ekoteologiya Uyğunluqları”) əsərim üzərində işləyirdim. Boş vaxtlarımda kitab oxuyur, velosiped sürür, yaşadığım yerin ətrafında piyada gəzişir, yüngülvari də idmanla məşğul olurdum. Başqa bir əyləncəm-filan yox idi. Odur ki, məmnuniyyətlə razılaşdım.

Evelin rəfiqələri ilə hər çərşənbə axşamı, cümə günü saat 4-də arxamca gəlir, dağ marşrutlarının başladığı bir parka yollanır, gəzinti qruplarının biri ilə dar cığırlarla yüksəkliklərə qalxırdıq. Dağa dırmaşıb enməyimiz 2-3 saat çəkir, axşamın qaranlığı tündləşməyə üz tutanda gəzintimiz bitirdi.

Nəzərə almışdılar ki, “hiking” təcrübəm yoxdur. O üzdən ilk gəldiyimizdə məsləhət oldu hamılıqla mənə görə ikinci qrupa qoşulaq.

Tərkibi əksərən ahıllardan ibarət bu qrupla dağ səyahətimiz olduqca rəvan və gen cığırlarla yol getməkdən başqa bir şey olmadı. Azacıq yorulmaq bir yana, təbiətdən sadəcə zövq alıb qayıtdıq. Mənə görə nahaqdan narahat olduqlarını söylədim. Növbəti dəfə başqa qrupla gedəcəyimizi dedilər.

Üçüncü qrupla gəzintimizi də o qaydada yola verdik. Yenə də mənə ağır olmadı deyə Evelinin məsləhəti ilə “hiking”imizi dördüncücü qrupun tərkibində davam etdirməyi qərarlaşdırdıq.

Əlbəttə, həmkarlarımın keçmiş təcrübəsi onlara imkan verirdi təhlükəli, uçurumlu yerlərdən keçə bilsinlər, yəni istənilən ekstremal şəraitə öyrəncəli idilər. Məni isə sadəcə çətinə salmamaq üçün istəyirdilər peşəkar “hiker”lərə bir qədər təcrübə qazanandan sonra qoşulaq.

Onlara:

- Bəlkə sonuncu qrupla gəzintiyə çıxaq? – təklif edirəm.

- Sonuncusu altıncıdır, xüsusi ləqəbləri var: “antelopes” (“dağ keçiləri”) - deyə Evelin üzümə gülümsəyir.

Hiss edirəm deyəsən heç özlərinin də “dağ keçiləri”ndən biriləri olmaq fikri yoxdur. Qərarlaşırıq gələn dəfə dağa dırmaşmağı dördüncü qrupla sınaqdan keçirək.

Növbəti gəlişimizdə belə də edirik. Bələdçimiz orta yaşlı bir yunandır. Ləhcəsindən duyuram Amerika doğumlusu deyil, buralara nə zamansa Yunanıstandan köçüb gəlib. Qabağımıza düşüb gedir.

Və bir də başlayır uca səslə yunanların qədimliyinə dair faktları sadalamağa. Ağacların, kolların əhatələdiyi dağ yolunun sakitliyində səsi ucadan, aydın eşidilir. Mənə elə gəlir dinləyənlər həvəssiz dinləyir, dinləməyənlər də öz aləmlərinə qapılıb addımlayırlar. Zalım da susmaq bilmir ki, bilmir, faktlardan keçir konkret tarixi hadisələrə və s.

Evelindən soruşuram:

- Bu bizə bələdçilik edir, yoxsa tarix dərsi keçir?

- Həmişə belədir, ölkəsini təbliğ etməklə məşğuldur.

- Hamı da məcburdur onu dinləsin? İndi mən də bu dağın döşündə onun yanına keçib başlayım Azərbaycanın təbliğinə? – gülə-gülə deyirəm.

- Darıxma, bir azdan susacaq.

Bir müddət sonra, həqiqətən, susur: ya məlumatı tükənib, ya da camaatı bezdirdiyinin fərqindədir deyə sadəlövhcəsinə düşünürəm.

Bu dəfəki marşrutun çətinlikləri dərhal hiss olunur, bəzi yerlərdə çığırlar itir, məcbursan kol-kosdan tuta-tuta yoxuşa qalxasan. Əvvəlki qrupla yolçuluğumuzu fərqləndirən də odur ki, fiziki əziyyətlərə qatlaşaraq gəzintini başa vurmalısan.

Gözümə bir neçə yerdə torpağa bərkidilmiş, üstlərində rəqəmlər yazılı cihazlar dəyir.

Evelin:

- Buralara tənha gəlib çıxaraq aza bilən şəxslər üçün nəzərdə tutulub, polislə əlaqə cihazlarıdır. Azmısansa, bunların vasitəsilə əlaqə yaradırsan, yerin bəlli olur, xilasedicilər səni tapırlar.

- Bizə gərək deyil, belə bələdçimiz ola-ola necə aza bilərik ki... Uzaqbaşı buradan bizi aparıb düz Elladaya çıxarar – zarafata salıram.

Qəhqəhə çəkir, dediklərimi yanındakı rəfiqələrinə çatdırıb onları da güldürür.

Yeri gəlmişkən, universitet professoru Evelin iliyinəcən beynəlmiləlçidir. Vaxtilə öz doğma oğlu bələkdə ikən körpələr evindən bir qaradərili körpəni də qızlığa götürüb. Mehriban ailədə böyüyüb doğmalaşmış, artıq universitet bitirmiş qardaş ağ dərili, bacı qaradərilidir.

Yunanın bələdçiliyi ilə keçən dağ gəzintimiz bu minvalla həftədə iki dəfə eyni marşrutla davam edir. Onun tarixə aid söhbətlərinə öyrəşmişəm.

Bir dəfə də artıq qaranlıq düşüb, dağdan enirik. Arada qulağıma heyvan ulartısı dəyir. Evelin anladır, kayotilərdir, çaqqala bənzər kiçik canavarlar, axşam ovuna çıxıblar, insana yaxınlaşmırlar.

Bələdçimiz yenə dilə gəlib yunan mədəniyyətinə tərif vurur, indi xatırlamadığım bir neçə qınaqlı kəlmə də bağlayır türklərin ünvanına. Ardınca da erməni mədəniyyəti, mətbəxini tərifləyən sözlər. İşə düşmüşəm də. Adamın bu dağ meşəsi çaqqallarından heç fərqi yoxmuş. Evelin deyəsən ürəyimi oxuyur. Bələdçiyə ucadan:

- Aramızda Azərbaycandan bir nəfər var! – səslənir.

Doğrusu, gözləmirdim. Düşünürəm, yəqin bələdçimizə xəbərdarlıq etmək istəyir, birdən çaşıb Azərbaycan əleyhinə nə isə deyər, ovqatım pozular.

- Kimdir? Hanı? – bələdçimizin bir qədər təlaşlı pərtliyini sezməmək mümkün deyil. Gözünü zilləyib arxamızca gələnlərə.

Yaxınlaşıram:

- Bilmək istəyirsən Azərbaycanlı kimdir aramızda? Göstərim?

- Bəli, mümkünsə.

- Səninlə indi danışan.

- Sən?

- Bəli.

- ...

- Yunan mədəniyyətindən mühazirələrinə ara vermirsən, çox yaxşı. Bəs türkləri niyə pisləyirsən, sizə nə pislikləri keçib, erməniləri nədən tərifləyirsən? Mətbəxlərinə aid işlətdiyin “dolma”, “lülə-kabab” sözlərinin mənşəyinin türkcə olduğunu necə, bilmirsən? Azərbaycan torpaqlarını, meşələrini, dağlarını işğal etdiklərini necə, bilmirsən? Hansı vəhşilikləri törətdiklərindən xəbərin yoxdur? Hansı mədəniyyətdən danışırsan?

- Əlbəttə, əlbəttə... – deyə mənasızca kəkələyir.

- Bura Amerikadır, bilirsən axı, burada millətçilik keçmir.

- Məgər Azərbaycan əleyhinə nə isə dedim?

- Yaxşı ki, demədin, - gülümsəyirəm.

- ...

- Bartolomeyi tanıyırsan da, yunanların mənəvi atasını.

- Bəli, necə bəyəm?

- Bax sizin o böyüklərinizdən olan həmin şəxsin rəsmi dəvətilə nüfuzlu beynəlxalq tədbirlərdən birində olmuşam, tədbirin dili ingiliscə ola-ola şəxsimə hörmət əlaməti olaraq mənimlə tabeliyində olanların yanında türkcə danışmış, üstəlik tapşırmışdı məni ən üstün protokol qaydasınca özünün gəmidəki kayutasının qonşuluğunda yerləşdirsinlər. Bir Azərbaycanlıya qarşı davranışı nümunəvidir, deyilmi?

- Əlbəttə, sözsüz, - deyib əlimi sıxır.

Aralanıram.

Biz danışanda Evelin yaxınlaşıb, dialoqumuzu eşidibmiş:

- Nə gözəl başa saldın onu! Sadəcə əla!

- Çox sağ ol... Olarmı gələn dəfə beçinci qrupla gedək?

- Bələdçimiz səni bezdirib deyəsən.

- Yox, rəfiqələrin də etiraz etməzlərsə, istərdim gələn dəfə fərqli marşrutlardan birini sınaqdan keçirək.

- Altıncı qrupdakılar “dağ keçiləri”dir. Beşinci ilə getmək olar. Çətin olmaz sənə? – deyə gülümsəyir.

- Olmaz, narahat olma.

- Həqiqətən?

- Əlbəttə...

Növbəti dəfə gəlmişik həmin yerə. Qrupdakıların qadınlı-kişili hamısı idmançı görkəmindədir. Yola düşürük.

On beş-iyirmi dəqiqə keçmir, baxıram getdiyimiz marşrutda əvvəlkinə oxşar çığırlardan əsər-əlamət yox, bəzi yerlərdə bir ağac kötüyündən, ya bir qaya parçasından yapışıb dırmanmalısan ki, hansısa dar cığıra ayaq basa biləsən. Beləliklə, yuxarılara dırmaşa-dırmaşa yolumuza davam edirik. Bəzən önümcə, bəzən arxamca addımlayan Evelinin tez-tez təngnəfəs səsləndirdiyi “is all ok?” (“hər şey qaydasında?”) sualını mən də tıncıxa-tıncıxa “yes, sure” (“hə, əlbəttə”) deyə cavablandırıram. Yol əziyyətlidir, amma düşünürəm, olsun, nə problemdir, idmandır edirik də. Əsl müşkülat isə, demə, qabaqdadır.

Axşamın toranlığında bir də baxıram, getdiyimiz cığırın sol tərəfdən söykənəcəyi qayalıqlar, sağ tərəfdən isə...sadəcə boşluqdur, özü də dərin uçurumlu boşluq. Gözlərim qaralır. Azacıq sürüşdünsə, yuvarlanacaqsan uçurumun dibinə.

Bir dəfə Kəlbəcər dağlarında Qasım Qasımzadə ilə belə bir cığıra düşmüşdüm: o, şux yerişilə irəliləyib məni arxasınca səsləsə də ki, gəlim, risk etməmişdim, dönmüşdüm geriyə.

İndi isə geriyə yol yox, ancaq qabağa getməlisən, arxanca cığırlara ard-arda düzülüb gələnlər var, yolu çoxdan yarılamışıq, qayıdışımız fərqli marşrutla nəzərdə tutulub.

Çevrilib Evelinə baxıram. Baxışımdan həyəcanımı sezir:

- Are you ok? – soruşur.

Nə deyəsiyəm ki:

- Yes.

Tanrıya dua edirəm məni bu gəzintidən salamat qurtarsın. Ölmək cəhənnəmə, biabır olaram. Özü də beynəlxalq miqyasda, necə deyərlər. Gərginlik içində bu yumor deyəsən təpərimi artırır.

Keçirdiyim əhvalı sonradan aşağıdakı sətirlərə köçürəcəkdim:

Uçurumun şir ağzı qarşısında

büzüşərək gedirəm dar cığırla.

Dibsiz yerlə dibsiz göy arasında

ulu Tanrım, yenə Səni çağırram.

Tanrı üzümə baxdı. Bir neçə oxşar təhlükəni də artıq adlamışam, başqa bir yolla dağaşağı geri qayıdırıq. Keçirdiyim həyəcanı, etdiyim duanı Evelinlə bölüşürəm. Soruşur:

- Bəs buraya hər gələndə necə, dua etmirsən?

- Necə bəyəm?

- Mən hər dəfə bu yüksəkliklərə qalxanda ürəyimdə Tanrıya şükranlıq dualarımı səsləndirirəm. Dünyada o qədər əlsiz-ayaqsız insanlar var ki, onlardan biri ola bilərdim, Tanrı lütf edib olmamışam. Bu dağları rahatlıqla gəzə bilirəm, O-nun bu lütfünə necə şükr etməyəsən?

Evelinin inaclı olduğunu bilmirdim. Bilə də bilməzdim, universitet ofisimizdə işdən kənar söhbətlərdə heç olmamışdı ki, kimsə başqasının inancını sorğulasın. Amerikada bu, sadəcə ədəbsizlik sayılır.

Burada dağ başında isə inanc söhbəti qeyri-ixtiyari yarandı. Mənə Amerikada kvakerlər icmasına aid olduğunu, onların dəyərləri barədə söz açdı. Sonralar bir dəfə onun xahişi ilə həmin icmanın yığıncağında iştirak edəcək, OXU ayələrində etiqad azadlığına dair mühazirə oxuyacaq, kvakerlərlə maraqlı diskussiya aparacaqdım. O dərəcədə maraqlı ki, icma liderlərindən biri Amerikada qalmağımı istəmiş, Amerikanın müsəlman mühitinə Yaxın Şərqdən radikal dini fikirləri daşıyanların qarşısını Qurana dayalı barışdırıcı dəlillərlə yalnız mənim kimisinin ala biləcəyini söyləmiş, Azərbaycana labüdən dönəcəyimi eşidəndə isə yarı-ciddi, yarı-zarafatla təəssüfünü belə ifadə etmişdi:

- Sən bu düşüncə tərzinlə Azərbaycandan daha çox Amerikada lazımsan.

...Bu arada mobil telefonuma Azərbaycandan zəng gəlir. Danışan qızım Humaydır. “Ayazın oğlu oldu” xəbəri ilə məni muştuluqlayır. Mərhum qardaşım Fəxrəddinin nəvəsinin dünyamıza gəlişinin bu xoş xəbərini hansı yerdə, hansı ovqatda aldığımı Humaya fərəhlə danışıram. Telefon söhbətini bitirib əllərimi göyə tutur, “şükür Sənə, İlahi, Fəxrəddinin ruhu şad olsun, Sən Özün saxla onun körpə nəvəsini” – dodaqaltı pıçıldayıram. Sevincimi Evelinlə, rəfiqələri ilə bölüşürəm.

Az sonra Evelin çantasından plastik su butulkalarını çıxarıb mənə, rəfiqələrinə paylayır. Sudan içə-içə dağdan enirik. Eniş isə daha cığır-filan deyil, əməlli-başlı yoldur, “hiking”i başa vurmaqda olan tanışlar ard-arda yox, yan-yana, söhbətləşə-söhbətləşə rahat addımlayırlar.

Az öncə Bakıdan aldığım xəbərin sevinci ilə öz aləmimdəyəm.

Qəfildən heç bilmirəm necə olur, ayağım sürüşür. Və yenə necə olursa, sürüşdüyüm yerdə bir-iki salto vuraraq ciddi bir şey baş verməyibmiş kimi dik ayağa qalxıram. Yəqin instiktiv olaraq özümü toparladığıma görə.

“Hiker”lər ayaq saxlayıblar, əl çalaraq məni sürəkli alqışlayırlar. Əvvəl-əvvəl mənə elə gəlir ürək-dirək vermək, pərtliyimi aradan qaldırmaq istəyirlər. Demə, alqışlar başqa şeyə görədir: sərt enişdə yıxılıb idmançı sayaq arxam üstə bir-iki dövrə vurub aşarkən əlimdəki su butulkasını yerə salmamışam və bu ekspromt fərasətim zarafatcıl seyrçilərimi xeyli təəccübləndirib. “Great!” deyənlərin baxışları zillənib əlimdə tutub buraxmadığım su butulkasına. Seyrçilərimə nəzakətlə baş əyirəm.

Fərqinə varıram ki, Amerikalıların xasiyyətindədir, ekstremal vəziyyətdə fiziki fərasət nümayişini çox sevirlər. Bu baxımdan, elə bilirəm, yeridir, Ronald Reyqana sui-qəsd cəhdilə bağlı məşhur əhvalatı xatırladım. Vaşinqtonun bir otelində tədbiri tərk edib limuzininə əyləşmək məqamında ağıldankəm birinin açdığı atəş maşından səkərək onu yaralayır. Prezidenti təcili xəstəxanaya çatdırırlar. Maşından enəndə qoluna girmək istəyən cangüdənlərini özündən itələyir, yəni o ədayla ki, “mənə nə olub, özüm gedirəm”. Qan içində ola-ola onu küçədə təsadüfən seyr edənləri təbəssümlə salamlayıb şax yerişlə keçir içəri. Onu cərrahiyyə əməliyyatına hazırlayıb uzadırlar xərəyə. Hələ əməliyyat otağına aparmayıblar, xərək üstündədir, Ağ Evdən özünü çatdıran xanımı Nənsiyə dediyi sadəcə bu olur: ''honey, I forgot to duck'', yəni “əzizim, heyif, əyilə bilmədim”. “To duck” – adamın cəld hərəkətlə başını əyməsi, yaxud bütün bədənilə çevik əyilərək təhlükədən yayına bilməsi mənasında işlənir. Reyqanın o bir cümləsi vaxtilə Amerika qəzetlərinin manşetlərini bəzəmişdi.

...Yolumuza davam edirik. Düşünürəm, kaş dördüncü qrupun o yunan bələdçisi də bu “hiker”lərin arasında olaydı və məni alqışlayanlara qoşulub biləydi ki, Amerikada millətçilik-filan keçməz, ekstremal şəraitə düşənlərin fərasətli hərəkətləri keçər.