28 Sentyabr 2025 12:50
350
MƏDƏNİYYƏT

Anım günündə “İnnab ağacı” göstərildi

Bildiyiniz kimi, 27 sentyabr  Azərbaycan Respublikasında Anım Günüdür. Bu münasibətlə bir sıra teatr-konsert müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Kukla Teatrında da tədbir keçirildi.

Belə ki, Azərbaycan xalqının böyük oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı yeganə azərbaycanlı Həzi Aslanova ithaf olunmuş “İnnab ağacı” tamaşasının premyerası oldu.

Nümayişdə əfsanəvi qəhrəmanın ailə üzvləri – nəvə və nəticələri də iştirak edirdi.

Məlumat üçün deyək ki, teatrın sifarişi ilə yazılan əsər  İkinci Dünya Müharibəsində qələbənin 80, Həzi Aslanovun 115 illiyinə ithaf olunub.  
Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda qurulub.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı səhnə əsərində unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında  fərqli səhnə işi ərsəyə gətirilib.

Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın aktyorları Rauf Babayev, Lina Məmmədova, Araz Həsənli və İqbal Əliyev yaradıblar.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan təsirli portret-tamaşanın nümayişindən sonra səhnə əsərini dəyərləndirən qəhrəmanımızın nəvəsi - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov belə maraqlı təşəbbüsə və təsirli səhnə işinə görə teatrın rəhbərliyinə və yaradıcı heyətə təşəkkürünü bildirdi.

Vurğuladı ki,  unudulmaz sərkərdənin həyatına, keçdiyi döyüş yoluna, dolğun və mənalı ömür yoluna  fərqli nəzər olan bu kukla tamaşası H. Aslanov irsini yetişən nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Şair-publisist, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani də uğurlu tamaşa münasibətilə kollektivə təşəkkür etdi.

Xalqımızın H. Aslanovun hərb tarixindəki yerini daim yüksək qiymətləndirdiyini, onun unikal döyüş gedişləri, əsl məktəb olan döyüş yolunun yaddaşlarda dərin iz buraxdığını vurğuladı. Bu kimi bədii nümunələrin bir döyüşçü, bir qəhrəman ömrünün fərqli məqamlarını sənətin əsrərangiz təsvir gücü ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasını əhəmiyyətli addım kimi dəyərləndirdi.

Əsərin müəllifi Sevinc Nuruqızı da maraqlı və orijinal səhnə işinə görə təşəkkür etdi, teatrın yaradıcı heyətinin tarixi irsimiz və ədəbiyyatımıza layiqincə sahib çıxaraq, zəngin repertuar tərtib etdiyini xatırlatdı.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qüdrətli sərkərdə, görkəmli hərbi xadim Həzi Aslanovun İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətlərinin olduğunu və buna görə də milyonlarla insanın qəlbində özünə əbədi yer tutduğunu bildirdi.

Yenilməz sərkərdənin döyüşdə göstərdiyi qəhrəmanlıqların hərb tariximizin ən şanlı səhifələri olduğunu xatırladan direktor uşaq və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda yetişməsi üçün belə nümunələrin repertuara mütəmadi yer aldığını və “innab ağacı”nın da bu ideyanın davamı olduğunu bildirdi.

Sonra tamaşanın teatrın hər iki bölməsində hazırlandığını, bu yolla daha geniş auditoriyaya çatacağını əlavə etdi. 

Qonaqlara “İnnab ağacı”nın  Sankt-Peterburq premyerası, II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalında uğurla təmsil olunduğu barədə də məlumat verdi.