Şuşaya kim səfər edirsə, istəyir bizimkilər, istəyir xaricdən gələnlər, mütləq Gəncə qapısının önündə şəkil çəkdirirlər və bir çox müsahibələri də həmin yerdə verirlər. Həm bu şəkillər, həm də müsahibələr dünyanın bir çox mətbuat orqanlarında dərc olunur və televiziya kanallarında yayımlanır.
Ay yarımdan sonra qələbəmizin bir ili tamam olur. Amma bu günədək həm bərpaçılar, həm bizim tarixçilər, həm də elə yazı-pozu adamları bir məsələni diqqətdən qaçırırlar.
Qarabağ separatçılarının Qarabağı Ermənistana birləşdirmək ideyaları az qala yüz ildən artıqdı. Dəqiq tarixi yadımda deyil, deyəsən 70-80-ci illərdə də «Krunk» adlı bir təşkilat yaratmışdılar, həm xaricdə, həm də Sovet İttifaqında, həm də Azərbaycanda yaşayan ermənilər imkanları daxilində gizli yollarla bu təşkilata pul ödəyirdilər. Xankəndində və ətraf ərazilərdə yaşayan erməni ziyalıları, yazıçıları, şairləri bunu bir ədəbi təşkilat kimi bizə sırıyırdılar. Bu təşkilatın da üzdə, başında duranlar Azərbaycanın Yazıçılar İttifaqının üzvü olan və olmayan erməni yazarları idi.
Əslində isə Xankəndində yaşayan və yüksək vəzifələr tutan mafiozlar idi. Son illərdə təşkilata Robert Köçəryan rəhbərlik edirdi.
«Krunk» - Azərbaycan dilində «durna» deməkdir. Təşkilatın simvolu da «durna qatarı» idi.
Separatçıların bayrağı əslində Ermənistanın dövlət bayrağıdı. Və həmin bayraq da durna qatarı ilə iki yerə bölünüb: böyük və kiçik hissə. Mənası da odur ki, Dağlıq Qarabağ Ermənistanın bir hissəsidir və durna qatarı onu Ermənistana birləşdirir.
Gəncə qapısının üstündə də həmin simvol öz əksini tapıb. Yəni ermənilər çox ustalıqla Gəncə qapısını durna qatarı ilə bəzəyiblər və bizlər də bunu elə sadəcə bəzək kimi qəbul edirik.
Hazırda Qalada sürətlə bərpa işləri gedir. Yaxşı olar ki, bərpaçılar bu məsələni diqqətə alsınlar və «Krunk»un simvolunu Gəncə qapısından silsinlər.
Həm Gəncə qapısının şəklini, həm Ermənistanın dövlət bayrağının, həm də separatçıların bayrağının şəkillərini təqdim edirik.