Bu il Pənah xanın Şuşanın özülünü qoyduğunun 270 ili tamam olur. Bu barədə Parlamentdə də çıxış etmişdim, amma nədənsə həmkarlarım səsimə səs vermədi. Mətbuatda üzümü Tarix İnstitutuna da tutub yazmışdım ki, heç olmasa bir konfrans keçirdin, məqalələrlə həm öz mətbuatımızda, həm də dünya mətbuatında çıxış edin və sair və ilaxır. Təəssüf ki, səsimə bircə akademik İsa Həbibbəyli səs verdi. Nə isə, giley-güzar vaxtı deyil.
Şuşanın 270 yaşı tamam olur. 28 iliydi bu xalq «Şuşa» deyib inləyirdi. «Hər səhər evdən çıxanda Şuşa deyib, bağır, bala!» deyə bağıran şair Akif Səməd Təbrizə gedə bilirdi, Şuşaya gedə bilmirdi.
Amma nə şuşalılar, nə də bu xalq ümidini itirmirdi. Şuşalılar ölülərini həm Bakıda, həm də digər rayonlarda əmanət basdırırdılar ki, bir gün əzizlərini Şuşada, Cıdır düzündə Vaqifin uyuduğu qəbiristanlığa köçürəcəklər.
Vaqif Cəfərovun, Mikayıl Gözəlovun, Qacar nəslinin nümayəndəsi Nizami Bəhmənovun, Ramiz Qəmbərovun, Albert Aqarunovun, Tofiq Oğuzun və Şuşada canlarını bu müqəddəs torpaq üçün qurban verən bütün şəhidlərin ruhları intizardaydı. Gəncə qapısından, Çanaqqaladan gözlərini Ağdam yoluna dikmişdilər.
Şuşa azərbaycanlılar üçün Məkkə qədər müqəddəsdi, əzizdi. Elə Məkkəmizdi! Şuşa torpağı İmam Hüseynin yatdığı Kərbəla torpağı tək tütyədi. İsa bulağının suyu Zəm-zəm suyu kimi göz yaşı kimi təmizdi, şirindi, dadlıdı.
Şuşanın 270 yaşı tamam olur!
Yazıçı Seyran Səxavət deyir: «Qarabağ haqqında ən böyük əsəri Ali Baş Komandan İlham Əliyev yazacaq!»
Və Ali Baş Komandan bu əsəri yazdı, özü də qızıl hərflərlə!
Şuşanın 270 yaşı tamam olur!
Şuşanın 270 illiyinə, Pənah xanın ruhuna və bütün şəhidlərin ruhuna, və bütün Azərbaycana ən böyük hədiyyəni Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyev etdi! Məkkəmizi bu millətə qaytardı. Və Şah İsmayıldan sonra Azərbaycan tarixinə öz imzasını atdı.
Xalqımıza və eləcə də bütün şuşalılara gözaydınlığı verirəm!
Tanrı Şuşaya bayraq sancan qəhrəman əsgərlərimizi qorusun!
Tanrı işğaldan azad olunan torpaqlarımıza bayraq sancan qəhrəman əsgərlərimizi qorusun!
Tanrı Xalqımızı qorusun!
Və Tanrı Ali Baş Komandanımızı qorusun!