İran qüdrətli dövlətdir, 90 milyona yaxın da əhalisi var və onların hamısı da bir bayraq altında birləşib. Təxminən nə vaxtsa 230 milyonluq Sovet xalqı necə bir bayraq altında, bir ideologiyada birləşmişdisə, indi İranda da elədir. Az-çox fərq var. O vaxt Sovet İttifaqında Stalin vardı, indi İranda Xameneidir. Və Stalin Xameneidən çox-çox güclü fiqurdur. Sovet xalqlarını kommunist ideologiyası birləşdirmişdi, bu gün İranı İslam ideologiyası, daha dəqiq desək, şiə ideologiyası birləşdirir.
Və sonra məlum oldu ki, kommunist ideologiyası saxta, Avropanın Leninə sırıdığı saxta bir ideologiyadır, axırda puç oldu.
Və əslində şiə ideologiyası da Avropanın İrana sırıdığı saxta bir ideologiyadır, yəni İran əsl şiə dövləti deyil. İran şiə dövləti olsaydı Ermənistanla və ermənilərlə bir ittifaqda olmazdı. Və əhalisinin 80 faizindən çoxu şiə olan Azərbaycana qarşı düşmənçilik eləməzdi. Daha dəqiq desək, məscidlərimizdə donuz saxlayan Ermənistana və ermənilərə bütün gücü ilə dəstək verməzdi.
Nə isə, özləri bilər, ermənilər bilər. Bu bizi çox ilgiləndirməz. İran bilər, Ermənistan bilər.
Amma nə olur-olsun biz İranın dağılmasını, məhv olmasını istəmirik. Bu heç də şiəliyə görə deyil. Birinci, müsəlman dövlətidir, ikinci, bu ölkədə 40 milyon azərbaycanlı yaşayır, üçüncü də qapıbir qonşumuzdu.
İndi İran ideoloji cəhətdən İsraildən güclü dövlətdir. Eləcə də hərbi və iqtisadi cəhətdən. Sadəcə olaraq, əgər müharibə olarsa dünyanın özündənrazı dövlətləri İsrailin tərəfində dayanacaq və İran təklənəcək.
Amma heç bir azərbaycanlı istəməz ki, İranda müharibə olsun. Birincisi, yuxarıda dediyim kimi, İranda 40 milyon azərbaycanlı müharibədən zərər çəkəcək, həm də bir müsəlman təəssübkeşliyi. Hərçənd ki İranda müsəlman təəssübkeşliyi yoxdur, olsaydı həmişə Ermənistanın yanında yer almazdı.
İran qonşu dövlətlərə xəbərdarlıq edib ki, hansı İsrail təyyarələri üçün öz hava məkanını açsa həmin dövlət onun düşmənidir və həmin dövləti bombalayacaq.
Yaxşı, bunu deyən İran necə olur ki, ABŞ və NATO ölkələrinə qapısını açan Ermənistanla dostluq edir? Əgər Ermənistanda ABŞ-ın başçılığı ilə NATO dövlətlərinin bazaları açılarsa ordan İranı bombalamaq, məhv etmək üçün daha hansısa başqa ölkədən icazə almaq lazım deyil və Ermənistandan İran şəhərlərini sapandla da vurmaq olar.
Təbii ki, biz istəmərik ki, qonşumuza od düşsün. Qonşuya od düşərsə o odun istisi bizi də vurar. Ən azı bir milyon azərbaycanlı canını qurtarmaq üçün Arazı keçmək məcburiyyətində qalar. Təbii ki, bu da özünün bir milyon məcburi köçkünü olan ölkəmizi çətin vəziyyətə salar. Həm də biz müsəlman dövlətiyik, istəmərik ki, bir müsəlman dövlətinin əhalisi qırılsın və işgəncələrə məruz qalsın. Hərçənd ki İran son 30 ildən sonra bizim, yəni bir müsəlman dövlətinin yanında deyil, ermənilərin yanında oldu və indi də ermənilərin yanındadı.
İranın ali rəhbər mollaları əmmamələrini qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşməlidir ki, kim onun dostu, kim onun düşmənidir.
Ermənistan qapılarını ABŞ və NATO-nun üzünə açıb, amma Azərbaycan və onun Möhtərəm Prezidenti Amerika və NATO-ya icazə vermədi ki, sən mənim ərazimdən istifadə edib İrana qarşı heç bir hərəkət edə bilməzsən. Ona görə ki, İran həm qapıbir qonşumdur, həm də müsəlman dövlətidir.