Ayaz Arabaçı: Heç zaman endirmədim sözü zirvədən dizə..

Gözlərimin yağı var günəş adlı çıraqda,
Zülməti yarıb çıxan ürəyi dan oğlanam.
Bəzəmişəm könlümü bahar nəğmələriylə,
Heç kimdən qorxum yoxdu,papağı yan oğlanam.
Kim boğulur boğulsun qoy kirində-pasında,
Yürütmədim ruhumu əlil arabasında..
Dünyaya görkəm verir sözüm şah libasında,
Elə o bəy oğlanam,elə o xan oğlanam..
Adına ləkə gəlməz mən sarıdan lələmin,
Yaşadım ağrısını min-min dərdin, ələmin,
Uca tutdum hər zaman bayrağını qələmin,
Vətənə şöhrət oğlan, tarixə şan oğlanam..
Nə varsa qalsın sizə,gözüm yoxdu dalımda,
Min arı zəhməti var hər bir qətrə balımda,
İkicə söz yazmışam tərcümeyi-halımda,
Söz kimi söz oğlanam,can kimi can oğlanam..
Olsa da orda-burda nəfəsimi təngidən,
Haqqa doğru yürüşdə yoxdu məni ləngidən,
Bilməmiş olmazsınız ruhumdakı"Cəngi"dən,
Hər kəlməsi qılıncam,hər sözü qan oğlanam.
Heç zaman endirmədim sözü zirvədən dizə..
Səpildim çiçək-çiçək,səpildim yola-izə,
Canım fədadır hər vaxt sizin hər birinizə,
Sizə Vətən oğlanam,Azərbaycan oğlanam..