23 Iyul 2024 06:11
39
ANALİZ

Azad mətbuatın inkişafına verilən dəstək

Media subyektlərinə verilən vergi güzəşti və azadolmaları bu sahənin inkişafına mühüm təsiri olub

Mətbuat spesifik bir sahədir. Hazırda Azərbaycan mediası müxtəlif kontekstlərdə inkişaf edir. Əgər milli mətbuatın tarixinə baxsaq, müxtəlif zamanlarda bu sahənin zamanın ictimai-siyasi formasiyalarına uyğun şəkildə inkişaf etdiyinin şahidi olarıq. Amma Azərbaycanda mətbuatın özəyinin qurulması heç də asan olmayıb. Milli mətbuatımızın əsası “Əkinçi” qəzeti ilə qoyulub. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Bu gün Azərbaycan mətbuatı məhz elə “Əkinçi” ənənələri əsasında inkişaf edir. Bunun bariz nümunəsi elə “Əkinçi”nin ilk dərc edildiyi günün Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilməsidir. 

Azərbaycan cəmi 33 il əvvəl müstəqillik əldə edib və söz azadlığının təmin olunması müstəqil dövlətin əsas prinsipi kimi qəbul olunur. Hakimiyyət söz azadlığının təmini üçün çox mühüm addımlar atıb. Bu sahədə dayanıqlı inkişafa səbəb olmuş islahatlar aparılıb. Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ölkədə bu istiqamətdə digər addımları da atılıb. Azərbaycan hökuməti bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Azərbaycanda 5000-dən artıq KİV, 50-dən artıq informasiya agentliyi qeydiyyatdan keçib. Əlbəttə, kəmiyyət artımı keyfiyyətdən xəbər vermir. Ancaq kəmiyyət artımı həm də keyfiyyət göstəricilərinə təsir edir. Yeni dövrün yeni vəzifələri var. Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Prezident İlham Əliyev bu haqda demişdir: “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır". 

Ölkəmizdə KİV və informasiya əldə etmək haqqında qanunlarda mediaya bütün hüquqlar verilib. Azərbaycanda mətbuat ƏDV-dən azad olunub. Mediaya dövlət tərəfindən yardımlar edilib. Prezidentin sərəncamı ilə ehtiyacı olan jurnalistlərə evlər verilib.

Jurnalistlər arasında davamlı olaraq müsabiqələr keçirilir. Bu həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi həm də azad mətbuatın inkişafına dəstək məqsədilə yaradılıb. Ümumiyyətlə, Medianın İnkişafı Agentliyinin yaradılmasını müsbət qiymətləndirilir. Çünki bu qurum hakimiyyət-media münasibətlərini tənzimləyir. Çox müsbət haldır ki, burada iqtidar-müxalifət ayrı-seçkiliyi qoyulmur. Azərbaycan dövləti daimi medianın inkişafına diqqət edib. 30 dekabr 2021-ci ildə “Media haqqında” qanunun qəbulu KİV sahəsində atılmış yeni bir islahatdır. 

Media subyektlərinə verilən vergi güzəşti və azadolmaları bu sahənin inkişafına mühüm təsiri olub. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Həmçinin, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Dövlət tərəfindən medianın texniki-maddi bazanın yaxşılaşdırılması və reklam sahəsinin tənzimlənməsi üzrə bir sıra təşəbbüslər irəli sürülüb. Ən əsası odur ki, söz azadlığı sahəsində önəmli  nailiyyətlər əldə edilib. 

Bu gün cəmiyyətdə azad sözə ehtiyac var, gələcəkdə də ehtiyac olacaq. Azərbaycanda mövcud problemlər haqqında azad danışa bilən peşəkar və müstəqil KİV formalaşır. Ancaq azad söz də vicdanlı, obyektiv olmalıdır. Bu baxımdan, görüləcək işlər də çoxdur. KİV mənsublarına sosial mediadan istifadənin məsuliyyəti, peşəkarlığın artırılması, eləcə də avrointeqrasiyanın mahiyyəti, məqsədi və dövlətimiz üçün perspektivlərindən danışmaq, bu istiqamətlər üzrə maarifləndirici seminarlar keçmək lazımdır. Ən əsası da bu prosesdə Azərbaycanın milli-mənəvi dəyərlərinin aşınmamasına nail olmalıdır.


Səyavuş Qasımov, 
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, 
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent