23 Iyul 2024 06:09
44
ANALİZ

Azərbaycanın enerji siyasətinin üstünlüyü

Hazırda Azərbaycanın təbii qazı Avropa ölkələrinin bir çoxunun milli enerji sistemi üçün əvəzedilməz rol oynayır

Son illər Azərbaycanın Avropanın enerji təminatında çəkisi əhəmiyyətli dərəcədə artıb. Xüsusən Avropa ölkələrinə tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı yaranıb. Çünki alternativ mənbə təhlükəsizlik baxımından önəmlidir. Buna görə də alternativ mənbəyə təkcə marşrut kimi baxılmamalıdır. Azərbaycanla əməkdaşlıq etməklə Avropa ölkələri özlərinin enerji təhlükəsizliyini qorumuş olurlar. Prezident İlham Əliyev cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışında Azərbaycanın təbii qazını alan ölkələrin adlarını çəkib: “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”. Hazırda yeni mənbə və yeni marşrutlar vasitəsi ilə Azərbaycan qazı Avropa bazarına, Türkiyə bazarına nəql olunur. Əlbəttə ki, bu, ölkəmizin apardığı enerji siyasətinin üstünlüyüdür.

Yeri gəlmişkən, dünya mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirakından və çıxışından yazıb. Belə ki, Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakına dair geniş məqalə dərc edib. “İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısında görüşləri” sərlövhəli məqalədə dövlətimizin başçısının dünya liderləri ilə apardığı müzakirələr barədə ətraflı məlumat verilib. Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban ilə söhbəti zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib. Görüşlərdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ölkələr arasında ikitərəfli münasibətlərə toxunulub, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırılıb. Cənab Prezident Oksfordada yuxarıda adları çəkilən mötəbər insanları noyabr ayında Bakıda keçiriləcək COP29-a dəvət edib. Onlar  COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edərək dəvətə görə təşəkkürlərini bildirib və bu tədbirdə məmnunluqla iştirak edəcəklərini vurğulayıblar.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə toplantısı çərçivəsində çıxışı Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. Geniş oxucu kütləsinə malik “interpress.ge”, “realnews.ge”, “24news.ge”, “aktual.ge” portallarında yayılan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycan qazının Avropaya nəqlinin artırılacağı, Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas ölkələrə nəql ediləcəyi ilə bağlı fikirləri əksini tapıb.

Bu gün Avropada qaza tələbat ən yüksək həddə çatıb. Belə bir məqamda  Azərbaycanın təbii qazı Avropa ölkələrinin bir çoxunun milli enerji sistemi üçün əvəzedilməz rol oynayır. Bu da Azərbaycanın beynəlxalq nüfuzunu artıran daha bir mühüm amildir. Prezident İlham Əliyev dəyirmi masada qeyd edib ki,  Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır: “Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır”.

Azərbaycan qazı əsasən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqil olunur. Bu nəqilə də 2020-ci il dekabrın 31-də başlanılıb. Azərbaycanın təbii qazının boru kəmərləri ilə Avropa bazarına çıxarmağı ölkəmizin tarixində bir ilkdir. Dünyada təbii qazın ən iri idxalçısı Avropa bazarıdır. Azərbaycan bu bazara çıxmaqla öz ixrac imkanlarını artıq şaxələndirib.

Aybəniz Rüstəmova, 
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq 
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent